Almeydayla Şehiçin yeni klubu...

Almeydayla Şehiçin yeni klubu...
Ötən yazılarımdan birində bunu xüsusiylə vurğulamışdım. Yaxşı məşqçinin və yaxşı futbolçunun yeni iş yeri tapmaq problemi yoxdu.
 
Gözümüzün önündə Roman Qriqorçuk nümunəsi var. Ukraynalı mütəxəssis "Qəbələ”dən ayrılan günü doğma vətəninə yox, Qazaxıstana uçdu. Azərbaycanla bağlı xatirələrini unutmamış "Astana” ilə yeni zirvələrin fəthi üçün əl çıxışdı. İşini yaxşı bacaran faydalı adama hər yerdə ehtiyac var. Fərqi yoxdu, Azərbaycanda, Qazaxıstanda, yoxsa Ukraynada.

İbrahim Şehiçlə Riçard Almeyda hər ikisi bizim üçün dəyərli adlar, Azərbaycan futboluna və ölkə çempionu "Qarabağ”a yetərincə fayda vermiş futbolçulardı. Onların "Qarabağ”dan ayrılmasına ürəkdən təəssüflənmişdik. İstəyirdik ki, burda qalsınlar, "Qarabağ”la yollarına davam etsinlər. Amma peşəkar futbolda bu cür hallar tez-tez yaşanır deyərək, nə bosniyalı qapıçını qınadıq, nə də "milliləşdirilmiş” braziliyalını. Qərarlarına sayqı ilə yanaşdıq, onlar üçün xeyirlisinin olmasını arzuladıq.

Xüsusiylə də Almeydaya görə narahtçılıq keçiririk. Çünki Almeyda həm də milli komandamızın oyunçusudu, onun yaxşı formada olması bizim üçün çox vacibdi. Millətlər Liqasının startına, Kosovo ilə "ölüm-qalım” savaşına təxminən iki ay qalıb. Di gəl ki, Almeydanın harda oynayacağı hələ də məlum deyil. Oynayacaqmı, oynamayacaqmı? Məşqlərə nə vaxt başlayacaq, formasını necə bərpa edəcək? Avropada, yoxsa Asiyada karyerasını davam etdirəcək? Heç nə məlum deyil.

Şehiç "Qarabağ”dan ayrılarkən ona fantastik təklifin olduğunu deyirdilər. Hətta sorağının İtaliyanın A seriyasından gələcəyini, tezliklə "Parma” ilə anlaşacağını gözləyirdik. Alınmadı, istiqamət Türkiyəyə doğru çevrildi. Adı gah debütant "Ərzurumspor”la, gah da "Rizəspor”la yanaşı çəkildi. Menecerlərdən biri hava limanından şəkil də paylaşdı, Şehiçlə birlikdə İstanbula sözləşmə imzalamaq üçün getdiklərini də yazdı. Sonra nəyin baş verdiyini isə heç kim bilmir.

Bosniyalı qapıçısı İstanbulda yox, "Qarabağ”ın düşərgəsində peyda oldu. Şehiç Roberto Prosineçki ilə birlikdə "Qarabağ”ın Avstriyadakı düşərgəsinə baş çəkdi, köhnə dostları və şəxsən Qurban Qurbanovla səmimi görüşlər keçirdi. Başqa heç nə. Onun "Qarabağ”a qayıdıb-qayıtmayacağını, Türkiyəyə, yaxud İtaliyaya keçidinin niyə baş tutmaması haqda məlumat yoxdu.

Şehiçlə Almeydanın "Qarabağ”dan ayrılması ilə bağlı xəbər klubun rəsmi saytında mayın 24-də yerləşdirilib. Deməli, tam 36 gündü ki, bu iki futbolçu klubsuzdu. Almeydanın gələn təklifləri geri çevirdiyi, Avropaya nisbətən Asiya, xüsusən də ərəb klublarında daha baha qiymətə oynamaq arzusunda olduğu da eşitdiyimi məlumatlar arasındadı. İstədiyi pulu isə ona verən yoxdu. Ehtimal etmək olar ki, Şehiçlə bağlı vəziyyət də oxşardı. "Qarabağ”dan daha çox pul qazanmaq həvəsiylə ayrılan İbrahimə arzuladığı pulu verən tapılmır.

Belə yerdə adamın yadına Dino Ndlovu düşür. Şehiçin, Almeydanın tamahını məhz o artırdı. Onlar da düşündülər ki, Dino kimi "Qarabağ”dan ayrılıb, artıq pul qazana biləcəklər. Arzuları reallaşmayıb. Biz də ümidlə gözləyirik. Tezliklə onların ya özlərinə yeni klub tapacaqlarını, ya da Qurban Qurbanovun mərhəmətinə sığınıb, "Qarabağ”a qayıdacaqlarını!

Amal ABUŞOV
 

Xəbər lenti