Amit Quluzadə: “Prosineçkidən dəvət gözləyirdim, amma...”

Amit Quluzadə: “Prosineçkidən dəvət gözləyirdim, amma...”

Zaman-zaman azərbaycanlı futbolçuların "Biləcəridən o taya” keçmək istəməsindən gileylənirik. Bizimkilər evin içində rahat pul qazanıb, günlərini keçirməkdə daha çox maraqlı olur. Legioner olmaq, səviyyəli çempionatlara can atmaq "onlarlıq” deyil. Amma bu mənada bir istisna var...

O da Amit Quluzadədi. İyunun son günlərində Moldova çempionatında çıxış edən "Milsami”yə transfer olunan Amit bir vaxtlar "Fənərbaxça”nın da hədəfində idi. İndiyə qədər Türkiyənin "Kayseri Ərciyəzspor”, Portuqaliyanın "Atletiko”, Yunanıstanın "Larisa”, Kosovonun "Drita”, Bosniya və Hersoqovinanın "Çelik” klublarında forma geyinən Quluzadə "Neftçi”nin yetirməsidi. Azərbaycanda isə "Neftçi”dən başqa "Rəvan”, "Sumqayıt”, "Qəbələ” və "Səbail”in formasını geyinib. Onunla söhbətə Moldovadakı vəziyyətdən "körpü” saldıq, "Qarabağ”ın rəqibindən, De Byazinin təyinatından və milliyə dəvət gözləməsindən danışdıq. 

- Hazırda ölkəmizdə kənarda çıxış edən azsaylı legioner futbolçulardansan. Əvvəlcə sənin Moldovadakı işlərinlə maraqlanaq. "Milsami"də işlərin necə gedir?
- Bildiniz kimi, burda çempionat sentyabrın 11-ə kimi dayandırılıb. Klub rəhbərliyi, məşqçilər buna uyğun proqram hazırlayacaq və biz də o plan üzrə hazırlığa davam edəcəyik. İndi əsas məsələ virusdana qorunmaqdı. Amma ümumilikdə mənim işlərim pis deyildi. Fərdi olaraq hansısa problemim yoxdu. Zədəli olmadığım vaxtlarda bütün oyunlarda meydana çıxmışam. Korona bütün işləri alt-üst edir. Onsuz da millinin oyunlarına görə fasilə olacaqdı. Amma buna qədər avqustun 16-da və 20-də iki oyuna çıxmalıydıq. Həmin oyunlar təxirə salındı. Bizə qalan da gözləməkdi.
 


- Karyerana nəzər salanda, müxtəlif ölkələr, fərqli klub adları görürük. Buna sənin əzmkarlığın, legioner olmaq həvəsin səbəb olub, yoxsa Azərbaycanda istədiyin diqqəti görməmisən?
- Sözün düzü, legioner həyatı yaşamaq uşaqlıq arzum olub. Allaha şükür olsun ki, mənə bu da qismət oldu. Özüm də bunun üçün həmişə çalışmışam, əlimdən gələni etmişəm. Artıq buna öyrəşmişəm də. Hər bir fərqli ölkədə yeni nələrsə görürəm, yeni dünya və futbolçular tanıyıram. Sözsüz ki, bu da dünyagörüşümü artırmaqla yanaşı futbolçu kimi səviyyəmi yüksəltməyə kömək edir. Bundan sonra da çalışacağam ki, daha çox ölkədə xaricdə oynayım, Azərbaycan futbolunu uğurla təmsil edim.
 


- U-17, U-19 millisində və U-21-də bir xeyli oyun keçirmisən. Əsas millidə isə bu rəqəm çox azdı. Bunun səbəbini nədə görürsən?
- Düzgün qeyd etdiniz, U-17 və U-19 millilərinin heyətində Avropa çempionatlarında ən çox oyun keçirən azərbaycanlı futbolçu idim. Amma əsas millidə bunu davam etdirə bilmədim. Berti Foqtsun vaxtında vəziyyət elə də pis deyildi, ölkənin əsas komandasına müntəzəm dəvət alırdım. Həmin vaxt da xeyli gənc idim. Robert Prosineçkinin gəlişi mənim "Sumqayıt”da oynadığım, daha sonra da Yunanıstana yollandığım vaxtla üst-üstə düşdü. Özüm də eşitmişdim ki, xorvatiyalı çalışdırıcı məni izləyir, adımı milliyə namizədlərin sırasına daxil edib. Dəvət gözləyirdim, amma sonradan çağırılmadım. Sözün düzü, bunun səbəbini özüm də bilmirəm.
 


- Millidən söz düşmüşkən, son məşqçi təyinatı ilə bağlı fikrini soruşum. Canni De Byazi bizə lazım olan məşqçidi, yoxsa bizim üçün məşqçisinin kimliyinin əhəmiyyəti yoxdu?
- Şəxsi qənaətimdi ki, Canni De Byazi Azərbaycan futboluna uyğun məşqçidi. Çünki uzun müddət Albaniyada işləyib. Bu ölkəylə bizim çempionatımızın səviyyəsi, ümumilikdə futbolumuzun vəziyyəti oxşardı. Düşünürəm ki, onun iş təcrübəsi bizim də karımıza gələcək. Zaman da hər şeyi göstərəcək. Bir qədər səbrli olmaq lazımdı. Mənim mövqeyim belədi ki, De Byazi Azərbaycan futbolu üçün yaxşı işlər görə bilər.
 


- "Qarabağ" yenidən "Şerif"lə qarşılaşa bilər. Moldovada "Qarabağ”la bağlı nə düşünürlər, bundan narahat deyillər ki?
- Bunun üçün əvvəlcə həm "Qarabağ”, həm də "Şerif” ilkin mərhələdəki rəqiblərini keçməlidilər. Ona görə də Moldovada daha çox ilk rəqib haqqında danışırlar. Bir məsələ var ki, "Şerif”lə bağlı. "Qarabağ” əsasən heyətini qoruya bilib. Cüzi dəyişiklik olub, amma "Şerif”in heyətində böyük dəyişikliklər var. Futbolçuların çoxu yenidi. Mən də V turda "Şerif”ə qarşı oynamışam. Hazırda nəsə demək çətindi. Sadəcə, bir üstünlük var ki, "Şerif” artıq 10-11 rəsmi oyun keçirib. Çempionlar Liqası öncəsi daha iki transfer həyata keçirdilər. Amma "Qarabağ”ın oyun təcrübəsi azdı, həm də Azərbaycan çempionunu çoxdandı ki, iş başında görmürük. Bütün bunları nəzərə alanda proqnoz vermək bir qədər çətindi.

- Azərbaycanda istedadlı uşaqların futbolçu olması üçün yetərincə şərait varmı? Özün övladlarının gələcəkdə Azərbaycan futbol oynamasını istərdinmi?
- Bir qədər dərin mövzuya toxunmusuz. Bununla bağlı günlərlə danışmaq olar. Bir müsahibədə bütün incəliklərdən danışmaq çətindi. Müəyyən incəliklər var ki, onları mən bilirəm. Amma bu sualın cavabını sonraya saxlayaq, inşallah, növbəti dəfə daha ətraflı danışarıq (gülür). 

Amal ABUŞOV
Sport7.az
 




OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR