Anar Salmanov aydınlıq gətirdi: "Budağın səbəbkar olduğu penalti düzdü"

Anar Salmanov aydınlıq gətirdi:
"Sportinq"in B komandasında çıxış edən həmyerlimiz Budaq Nəsirovun gülünc səhvə yol verdiyini yazmışdıq. 
 
Qapı arxasında isinmə hərəkətlərini yerinə yetirən futbolçu 58-ci dəqiqədə cərimə meydançasına doğru havalandırılan topa kənardan müdaxilə edib. Hakim dərhal Nəsirovun bu hərəkətini penalti kimi qiymətləndirib və qapılarına penalti təyin olunub. Özü isə sarı vərəqə ilə cəzalandırılıb.
 
Budağın bu hərəkətindən sonra çıxan qərar isə birmənalı qarşılanmayıb. Əksəriyyət sərbəst zərbə qənaətində olsa da baş hakim epizodu penalti kimi qiymətləndirib.
 
Bu üzdən orada sərbəst zərbə, yoxsa penalti qərarı çıxarılması ilə bağlı məsələni dəqiqləşdirmək üçün təcrübəli referi Anar Salmanovla danışdıq. Anar bəy Sport7.az-a açıqlamasında bunları söylədi:
 
"Hadisələr müdafiə olunan komandanın qapısı qarşısında baş veribsə o zaman qərar düzdü. Çünki hakimlər üstünlük prinsipinə riayət etməlidi. Penalti və sarı vərəqə düzgün qərardı. Üstünlük hücum edən tərəfə verilir. Əvvəl qaydalar belə idi ki, azarkeş meydana girirdisə və futbolçunun vurduğu zərbədən sonra top onun əlinə dəyib qapıya gedirdisə bu "mübahisəli top" sayılırdı. Ehtiyat oyunçu müdaxilə edirdisə sərbəst zərbə qərarı çıxarılırdı. Amma indi üstünlük qola verilir. Müdaxilədən sonra top qapıdan keçdisə yenə qol sayılır. Eləcə də bu epizodda penaltiyə və sarı vərəqəyə üstünlük verilir".
 
Sport7.az 

Xəbər lenti