Aqil Nəbiyev:

Aqil Nəbiyev: "Belə səviyyədə olan divizionda işləmək istəmirəm"

Azərbaycanın tanınmış veteran futbolçularından olan Aqil Nəbiyev karyerası, qarşıdakı planları ilə bağlı fikirlərini bildirib.

Bir neçə ay öncə "Şüvəlan"ın baş məşqçisi postundan ayrılan mütəxəssis Sport7.az-a açıqlamasından bunları söyləyib: "Hələ ki, çempionatın başa çatmasını gözləyirəm. Daha sonra bu haqda düşünəcəyəm. Mövsümün bitməsinə 1 aydan az vaxt qalıb. Açığı, bir neçə təklif var. Ancaq hələ gözləyirəm görüm komandaların sayı necə olacaq, gələcəkdə hansı qərarlar qəbul ediləcək. Təbii ki, hər bir məşqçi daha yüksək yerlərdə, peşəkar klublarda işləmək istəyər. Bu da Premyer Liqa komandalarının sayından asılıdı. Say nə qədər yüksək olarsa, biz məşqçilər üçün də iş çox olar. Belə səviyyədə olan birinci divizionda işləmək istəmirəm. Bu il də göründü ki, səviyyə çox aşağı oldu. Çempionata maraq göstərmədilər. Baxırsan, görürsən ki, istər azarkeşlər, istər məşqçilər, oyunlardan həzz ala bilmirlər. Orda məşqçi üçün inkişaf da yoxdu. Sadəcə, vaxt keçirirsən, maaş alırsan. Bir irəliləyiş, gərginlik olmur. Belə yerdə inkişaf edə bilmərsən. İnanıram ki, komandaların sayı artacaq, bizim üçün də iş yerləri açılacaq".

Maraqlıdı, Aqil bəy uşaq komandalarında necə, işləmək istəyərmi?: "Bilirsiz necədi, belə pis çıxmasın, geri qayıtmaq istəmirəm. 2-3 ay "Zirə"nin aşağı yaş qruplarında işlədim. Bu mərhələni keçmişəm. Hər insanın hədəfi var. Bir yerdə ki, bacarıq, inkişaf yoxdu, onu buraxmaq lazımdı. Gələcək üçün vəd yoxdusa, başqa sahəyə yönələrəm. Yoxsa, vaxtım keçsin, gözləyim, bunu istəmərəm. Çünki gözümüzü açandan futbolun içində olmuşuq. Gözləmə mövqeyindəyəm. Əziyyət çəkib futbol oynamışıq. İlyarım, 2 ilə yaxındı ki, məşqçi kimi çalışıram. Birinci Diviziondan ayrılandan sonra təkliflər oldu. Amma hələ ki, gözləyirəm. Oranın səviyyəsi məni qane etmir. Vaxtımı keçirəcəmsə, daha niyə işləyirəm orda. Son günlər bir az qərb tərəfdən "işıq gəlir" görək necə olacaq (gülür)".

Nəbiyev AFFA-nın baş katibi Elxan Məmmədovun səfəri zamanı da Tovuzda olub və onunla görüşüb. Veteran futbolçu buna da toxundu: "Tovuza gedib-gəlirəm. Zəng vurub dəvət etdilər, gedib görüşdüm. Yəqin ki, məlumatınız var, tikinti şirkətinin nümayəndələri yeni açılacaq akademiya ilə bağlı Tovuza getmişdilər. Daha sonra Elxan Məmmədov gəldi, aparılan işlərlə tanış oldu. Bildiyimə görə həmin şirkətin nümayəndələri dünən də Tovuzda olublar. Güman edirəm ki, yaxın vaxtlarda başlayacaqlar. Gələcək üçün planları var, geniş işlər görmək istəyirlər. Xırda iş deyil. Yeniləmə, dəyişikliklər olacaq. Belə davm etsə, inanıram ki, 3-4 ilə Tovuz futbolu əvvəlki durumunu bərpa edəcək. Aşağı yaş qruplarından ibarət komandaların oyunlarını izləyirəm. Hər qrupda ən azı 5-6 nəfər perspektivli uşaq var".

Məşqçi Tovuzda çalışmaq istədiyini də bildirdi: "Yaxşı komanda olsa, niyə də yox? Uşaq komandalarında deyil, perspektiv olarsa gələcəkdə əsas kollektivi çalışdırmaq istəyərəm. Hazırda "Turan Tovuz"da İdman Direktoru kimi çalışıram. Bundan əvvəl, klubda məşqçi kimi çalışmaq da təklif olunmuşdu. Özüm istəmədim. Çünki "Şüvəlan"dan 3-4 ay idi ayrılmışdım. Öz qurduğum komanda olmasa çalışa bilmərəm. Yarımçıq iş görmək istəmirəm. Öz başladığım işi tamamlamağa üstünlük verirəm".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR