Aqil Nəbiyev: "Bilmirsən günahı məşqçilərdə, yoxsa başqa yerdə axtarasan"

Aqil Nəbiyev:
"Şüvəlan"ın baş məşqçisi Aqil Nəbiyev komandanın planlarından danışıb. 

Sport7.az-a açıqlamasında mütəxəssis həm komandanın hazırlığına, həm də AFFA-nın limit və çempionatla bağlı veriyi qərara münasibət bildirib.

"Ayın 18-dən toplanışa başlamışıq. 27-si yoldaşlıq görüşü keçirdik. 28-29-u komandaya istirahət verdik. Bugündən konkretləşdirsək, saat 18.00-dan etibarən məşqlərimizə davam edəcəyik. Hələ ki, çempionatın nə vaxt başlayacağı bilinmir. 5-cü gün püşkatmadı. O zaman dəqiq vaxt bilinəcək. 

Bilirsiz ki, limitlə bağlı qərar çıxarıldı. Futbolçu tapmaq artıq çətinləşib. Çünki aşağı yaşlardan ibarət komandamız yoxdu. Klublarda olanlar da, gəlmir. Kimə təklif göndərirsən, deyir ki, əvəzedicilərdə, yaxud hansısa komandada oynayır. Yaxşı futbolçular Premyer Liqa klublarında və onların əvəzedicilərindədi. Maraqlanırıq, çətindi. Ancaq AFFA-nın qərarı belədi, tapmağa məcburuq. 1998/99 təvəllüdlü futbolçuların hazırda 19-20 yaşı var. 2000-ci illərə baxsaq görərik o vaxt 15-18 yaşlı futbolçular Azərbaycan Premyer Liqasında oynayırdılar. Bu gün 19-22 yaşlı futbolçulara perspektiv deyirlər. Amma mən buna qatılmıram. 22 yaşlı futbolçu Premyer Liqada yer ala bilmirsə, o günahı ilk növbədə özündə axtarmalıdı. Amma ən böyük problemlərdən biri komandaların sayının az olmasıdı. Təsəvvür edin indi Azərbaycanın əsas çempionatında 8 komanda var. Əvvəlki illərdə isə komandaların sayı və buna bağlı olaraq futbolçuların oynamaq şansı daha çox idi. Əvvəllər Azərbaycana az legioner dəvət olunurdu. klublarda yox səviyyəsində idi. Futbolçular da şans qazanırdılar. İndiki futbolçuları aşağılamıram. Amma əvvəlki səviyyədə keyfiyyət yoxdu. Karyerasını bitirmiş, hətta indi oynayan təcrübəli futbolçuların keyfiyyətinə baxsaq, üst səviyyədə olduğunu görərik. Keyfiyyətin aşağı düşməsi futbolumuzun yaralı yerlərindən biridi. Bilmirsən günahı məşqçilərdə, yoxsa başqa yerdə axtarasan. Həqiqətən bu gün elə futbolçu var ki, 22 yaşındadı, amma ona ötürmə verməyi, təməli öyrədirsən. Aşağı yaş qruplarından ibarət komandaların oyunlarını izləməyə gedirəm. Onları qınayırıq. Lakin, həqiqətən, onlar üçün də acınacaqlı durum var. Fikirləşin ki, yığmalara futbolçu tapa bilmirlər. Əvvəllər, mən də daxil U-21-ə dəvət alanda, ora düşmək çətin olurdu. O qədər futboçu vardı ki, seçim çətin idi. Həm klubların sayı da çox idi. İstər bölgələrdə, istərsə də Bakıda xeyli sayda komandalar vardı. İndi baxırsan ki, klubların sayı azdı, futbolçu qıtlığı var. Komandama futbolçu axtarıram, kimə müraciət edirəm deyir ki, "yoxdu, özümün də ehtiyacım var". Hər iş çətindi. Öhdəsindən gəlməliyik. Yenə də, istərdik ki, limit 1996/97 təvəllüdlü futbolçularda qalsın, belə daha yaxşı olardı. Qərar hörmətlə yanaşmalıyıq. 

Hazırda komandamda 4-5 gənc futbolçu var. Axtarışlarımıza davam edirik. Bilirsiz ki, heyətdə ən azı 7 nəfər 2000/2001 təvəllüdlü futbolçular oynamalıdı. Belədə ehtiyat, üçün üstəli 6-7 nəfər də eyni yaşda olan futbolçu tapılmalıdı. Hələ birinci divizion komandalarının dəqiq sayı da məlum deyil. Deyilənə görə 6-7 klub olacaq. Yenə də çalışırıq ki, istədiyimiz futbolçuları tapaq. Çempionata gec başlamışıq. Bəzi komandalar heç toplanışa başlamayıblar. Hələ ki, qeyri-müəyyənlikdi. 100 faiz mümkün deyil, çalışırıq ki, heç olmasa çempionata 50 faiz hazır olaq. Özümə bəraət qazandırmıram. Ümumiyyətlə mövsüm başa çatandan dərhal sonra bizdə məlumat olsaydı, nəsə iş görmək mümkün idi. Qərar qısa vaxtda verildi, bu da çətinlik yaradır. Ən yaxşı gənc futbolçular da Premyer-liqa klublarının əvəzedicilərində, hətta özlərində olur. Kənarda qalanlar da ki, lazımsız olacaq. Daha doğrusu, dəvət edəcəksən, amma formaya düşməsi üçün vaxt lazım olacaq. Tam formalaşmamışıq. Heyətdə cəmi 12-13 futbolçu var. Yeniləri də dəvət edib, onlardan istədiyini alana qədər 3-4 ay lazım olacaq. Cəmi 4 məşqdən sonra yoldaşlıq matçı keçirmişik, üstəlik 12-13 nəfərlə oynamışıq. Heyəti formalaşdırmaq üçün vaxt lazımdı. Yəqin ki, 2-3 günə bütün məsələlərə aydınlıq gələr".

Sport7.az

Xəbər lenti