Aqil Nəbiyev: "Fəaliyyətimizi davam etdirməyi düşünürük"

Aqil Nəbiyev:
Birinci divizionla əvəzedicilərin çempionatının birləşdirilməsi, o cümlədən limitlə bağlı AFFA-nın qərarı əksər klublar tərəfindən narazılıqla qarşılandı. Hətta "Qəbələ" öz əvəzedicilərini bu "oyuncaq" yarışa buraxmadı. Son günlər isə "Şüvəlan"ın da diviziondan imtina etməsi ilə bağlı xəbərlər dolaşmaqdadı. Deyilənə görə hazırda PFL klub rəhbərliyini yola gətirmək üçün çalışır. 

Bu üzdən komandanın baş məşqçisi Aqil Nəbiyevlə danışdıq. Aqil bəy Sport7.az-a açıqlamasında komandanın fəaliyyətinin dayandırılması ilə bağlı ona konkret heç nə deyilmədiyini söylədi: "Məşqlərimizi davam etdiririk. Dünən 3-cü yoxlama matçımızı keçirmişik. Bu gün isə komanda istirahətdədi. Rəhbərlikdən heç kim gəlib mənə "komanda fəaliyyətini davam etdirməyəcək" deməyib. Çempionatda fəaliyyətimizi davam etdirməyi düşünürük. Nə olacağını bilmirəm. Ayın 18-dən başlamışıq və məşqlərimiz davam edir. Artıq gecdi, çempionatın başlamasına az qalıb. Planlarımız var idi. Bilirsiz ki, mənə güvənib bura gətirən insanlar var, onları heç vaxt yarıyolda qoymaram. İşsiz qalsam belə bunu etmərəm. İndi futbolçuları düşünürəm ki, onların gələcək taleyi necə olacaq. Hazırda komandanın olub-olmayacağı haqda məndə tam məlumat yoxdu. Yəqin ki, çempionata davam edəcəyik.

Nəbiyev AFFA-nın qərarından sonra rəhbərliklə görüşdüklərini də söylədi: "Rəhbərliklə görüşəndə büdcəmizin eyni qalacağını və yola davam edəcəyimizi demişdilər. Biz də uyğun olaraq futbolçular yığdıq, təcrübəli oyunçularla müqavilə bağladıq. Bəzi futbolçularla da hazırda danışıqlar gedir. Amma hələ onları dəvət etməmişəm. Həyatdıə də, ola bilər ki, komanda fəaliyyətini dayandırsın. Sonradan o insanların qarşısında yalançı çıxmayım. Yəni, komandanı özbaşıma yığmıram. Klub rəhbərliyi mənə deməyib ki, komandanın fəaliyyətini dayandırın. İnanıram ki, başqa bir şey olmayacaq və oynayacağıq. sadəcə, ola bilər nəsə anlaşılmazlıq var. Yaxın günlərdə o da həllini tapar. AFFA-nın qərarından sonra da rəhbərliklə görüşdük. onlara fikrimi çatdırdım, heyətə futbolçu dəvət etmək istədiyimizi bildirdim. Çünki 4-5 nəfərlə oynamaq olmaz. Ən  azı onlara əvəzləyici tapılmalıdı, qalanları da gənc olsun. Bir də ki, 1998-1999 təvəllüdlü, yəni 20 yaşlı uşaqlara necə "cavan" deyim? Götürmüşdük, belə futbolçularımız var idi. İndi həqiqəti deyirəm ki, belələri yoxdu. Kimə təklif göndərirsən, ya aşağı yaş qrupunda, ya əvəzedicilərdə oynadıqlarını deyir. Premyer Liqadan da heç kim aşağı düşmək istəmir. Diviziondakılar da Premyer Liqa klublarına lazım olmayanlardı. Təsəvvür edin, əvəzedicilər qarşılaşdıqları birinci divizion klublarına 4-5 qol vurur. Çünki ən keyfiyyətli futbolçular onlardadı. 

Hazırda 21 nəfər futbolçumuz var, amma hələ müqavilə bağlamamışıq. Bilirsiz 7 nəfər əas heyətdə oynamalıdısa, onların əvəzləyiciləri də olmalıdı. Bunun zədəsi, cəzası var. Bu gün 14 nəfər yığmaq belə çətindi. Bununla yanaşı qərar hörmətlə yanaşıram. Əvvəlki illərdə 16, 17, 18 yaşlı uşaqlar Premyer Liqada oynayırdı. Düzdü həmin vaxt komandaların sayı da çox idi. Klublarda legioner də az idi. İndi əksinədi. Eşitdiyimə görə oyun alğı-satqısı ilə bağlı bu cür addım atılıb. Açığı, 10 nəfər Azərbaycan futbolunun adına ləkə gətirən şərəfsizə görə bu qədər futbolçunu kənarda qoymaq, bir qədər düzgün deyil. Yenə də qərarı dəstəkləyirəm, çünki 18-20 yaşlı futblçu divizionda oynamalıdı. Buna da klublar şərait yaratmalıdı. Razı deyiləm ki, hər kəs öz yaş qrupuna uyğun yarışda çıxış etməlidi. Bu gün 19 yaşlı futbolçu divizionda oynaya bilmirsə, o uşağın gələcəyi nə olacaq? İnkişaf istəyiriksə, onları daha böyük yaş qruplarına cəlb etmək lazımdı ki, təcrübə qazanıb, inkişaf etsinlər. Misal gətirirəm, qardaşım Nadir, o cümlədən Rəşad Sadıqovu ötürək. Nadir 15 yaşında yüksək dəstədə oynayırdı. Rəşad, elə mən özüm də 17 yaşında güclülər dəstəsində çıxış edirdik. Futbolçuların əksəriyyəti belədi. O vaxt bu yaşda belə çempionatlarda oynamağa şərait var idi. Məşqçiləri də qınamıram, indi gedib baxırsan, uşaq tapa bilmirlər. Çünki bölgələrdə futbol yoxdu. Uşaq da çıxmır. Onlar da əlində olan 22-23 nəfərlə oynayır, sonra da uduzanda tənqid edirik. Əllərində material yoxdu".

Sport7.az

Xəbər lenti