Aqil Nəbiyev: "Növbəti mövsüm məqsəd çempionluq olacaq"

Aqil Nəbiyev:
"Şüvəlan”ın baş məşqçisi Aqil Nəbiyev komanasının hazırlıqlarından danışıb.

Aqil bəy Sport7.az-a açıqlamasında bunları söyləyib.

"5 günlük toplanışa başlamışıq. Naxçıvanda Heydər Əliyevin 95 illiyinə həsr olunmuş turnirdə iştirak edəcəyik. İnşallah ayın 12-si yola düşəcəyik. Turnir 4 günlükdü. 4 komanda olacaq. Ardından futbolçulara 15-20 gün istirahət veriləcək. Çempionatın nə vaxt başlayacağı bilinmədiyi üçün tam istirahət zamanı da məlum deyil. 

Hədəfi çempionluq olan bir komanda formalaşdırmaq istəyirik. Növbəti mövsüm məqsəd çempionluq olacaq. Hədəf olmasa özüm də komandada qalmaq istəmərəm. İlk ilimizdə belə bir komanda formalaşdırmaq idi. Oyunumuz da pis alınmadı. Səhvlərimiz oldu. Onları təkrarlamamaq üçün lazımi transferlər həyata keçirəcəyik. 

Büdcəmiz pis deyil. Birinci diviziona uyğundu. Çempionluğa oynamaq istəyirik və rəhbərlik də bizə müəyyən şərait yaradır. 

Müsahibələrimdə də demişdim, bu mövsüm ilk dövrədə fikrimiz çempionluq deyildi. Amma birinci dövrədən sonra göğrdük ki, daha da irəli gedə bilərik. Məncə komanda ikinci dövrədə pis nəticə göstərmədi. Sadəcə, yarımmüdafiə və hücumda son nöqtəni qoya, əlimizə düşən imkanlardan yararlana bilmirdik. Ən az qol buraxan və vuran komandalardan biri biz idik. Ustalıq səviyyəsinin aşağı olması istədiyimizi həyata keçirməyə imkan vermirdi. Əks halda daha yüksək yerlər tuta bilərdik. Əsasən aşağı pillələrdə qərarlaşan rəqiblərlə oyunda xallar itirdik. Tovuzda, İmişlidə iki dəfə məğlub olduq. Amma ilk ilimiz olduğunu nəzərə almalıyıq. Futbol gündən-günə inkişaf edir. Biz də bununla ayaqlaşmağa çalışırıq. Hər gün öyrənməliyik. Öz üzərimizdə çalışırıq. 

Komandadan təbii ki, gedənlər, gələnlər də olacaq. Hələ tam qərar verməmişik. Bəzi futbolçuları saxlayacağıq, lazım olanları da alacağıq. Öz klubları ilə müqaviləsi bitmiş futbolçularla danışıq aparırıq. Transferlərdə tələsmirik. Yavaş-yavaş davam edəcəyik”.

Sport7.az

Xəbər lenti