“Araz Naxçıvan”ın Premyer Liqada iştirak söhbəti var” – Əsgər Abdullayev açıqladı

“Araz Naxçıvan”ın Premyer Liqada iştirak söhbəti var” – Əsgər Abdullayev açıqladı

"Sabah”da müvəqqəti işləyən İqor Ponomaryovu nəzərə almasaq, bu gün premyer-liqa təmsilçilərinin "sükanı arxasında” olan yerli mütəxəssislərin hamısı ortayaşlı nəslin nümayəndələridi. Başqa cür desək, yaşı 50-yə qədər olanlar. Təbii, 3 aydan sonra 55 yaşını tamamlayacaq Roberto Bordin yerlilərin siyahısına aid deyil.

Son 3-4 ildə Samir Abasov, Samir Əliyev, Ayxan Abbasov, Sənan Qurbanov, Zaur Həşimov, Aftandil Hacıyev, Elmar Baxşıyev kimi gənc mütəxəssislərin özlərini göstərmək imkanı qazanmasından sonra təcrübəlilərin, demək olar, hamısı işsiz qalıb. Vaxtilə yığmaya cavabdehlik daşımış Ağasəlim Mircavadov, Şahin Diniyev, Vaqif Sadıqov kimi məşqçilər bu gün vaxtını ya Məşqçilər Komitəsinin üzvləri üçün ayrılan kabinetdə keçirir, ya da yığmalarla Avropa səfərlərində. Belələrindən biri də Əsgər Abdullayevdi. Elitadan xeyli vaxtdı uzaq düşən Abdullayev. 2 il əvvəl "Turan Tovuz”un başındaydı, bu gün Naxçıvandadı, Muxtar Respublikanın futboluna nəzarət edir, bilik və bacarığını gənc həmkarlarına aşılamağa çalışır.

Əsgər bəylə indi yox, Naxçıvana yollandığı vaxt - 3 ay əvvəl danışmaq istəyirdik. Lakin həmin dönəmdə deməyə sözünün olmadığını bildirmiş, bunu da regionda yeni olması ilə əlaqələndirmişdi. Odu ki, söhbətimiz dünən baş tutdu.

- Səs-küylü yerdəsiz, deyəsən, işdən başınız açılmır.
- Bugünlərdə Naxçıvanda 2005-06 doğumlu uşaqlar arasında turnir keçirilir. Bu səbəbdən başımız bir az qarışıqdı. Özbəkistandan iki komanda gəlib, daha iki komanda – "Qarabağ”la "Rekord” Bakıdan, bir də "Araz Naxçıvan”. Beş komandalı turnirdi, biz də nəzarət edirik. Ona görə bir az səs-küydü. 

- Deyin görək, Naxçıvanda vəziyyət necədi? Darıxmırsız?
- Naxçıvana ikinci gəlişimdi, ona görə də darıxmıram.

- Maraqlıdı, gününüzü necə keçirirsiz?
- Günümüz yaşıl meydanlarda futbolla keçir. Nələrsə etməyə çalışırıq. Qarşımıza Naxçıvan Muxtar Respublikasında futbolun inkişafı üçün 5 illik proqram qoyulub. Regionda uşaq futboluna diqqət yetirilməsi vacib şərtlərdən biridi. Hazırda 5 yaş qrupundan ibarət komanda Naxçıvan çempionatında iştirak edir. Bununla yanaşı, "Araz Naxçıvan”ın çıxışı.

- Eşitdiyimə görə, Naxçıvan futbolunu ümumilikdə sizə həvalə ediblər.
- Bu ifadə doğru olmaz. Belə deyim, həvalə olunan adamlardan biri də mənəm. Yəni tək mənə tapşırılmayıb, bir neçə nəfərdən biriyəm.

- Rəhbərlik sizi ora dəvət edəndə, qarşınıza konkret hansı hədəf, məqsədlər qoyuldu?
- "Araz Naxçıvan”ın baş məşqçisi olmaqla yanaşı, Naxçıvan Futbol Federasiyasında böyük məşqçi vəzifəsini daşıyıram. İşim həm öz komandama cavabdehlik daşımaq, həm də təcrübəmi yerli məşqçilərlə bölüşmək, onlara nəzarət etməkdi. Qısası, işimizi 5 illik proqrama uyğun görürük.

- Belə çıxır ki, "Araz Naxçıvan” 5 illik proqram çərçivəsində daim Naxçıvan çempionatında çıxış edəcək, yoxsa bu tərəfə gəlmək ehtimalı var?
- Bu haqda indidən dəqiq söz demək çətindi. Bildiyimə görə, gələcəkdə "Araz Naxçıvan”ın birinci divizionda, ya da premyer-liqada iştirak söhbəti var.

- Yaxın, yoxsa uzaq gələcəkdə?
- Allahın köməyi ilə yaxın gələcəkdə.

- Belə bir qərar qəbul olunsa, Naxçıvanda komandanın şərəfini qorumaq gücündə olan futbolçular tapacaqsız, yoxsa başqa klubların qapılarını döymək lazım gələcək?
- Naxçıvanda istedad çoxdu, sadəcə, məktəb yoxdu. Baxırsan ki, uşaqların bacarığı, həvəsi var. Sadəcə, məqsədyönlü inkişaflarını istəyiriksə, futbol akademiyaları olmalıdı, yerli məşqçilər kurslarda iştirak edib, kateqoriya almalıdılar. Məşqçilər də kifayət qədərdi, amma kateqoriya almaları vacibdi. Bu gün turnirdə bu qədər uşaq varsa, deməli, onları yetişdirən məşqçilər də var.

- "Böyük torpaq”dan gəlib "kiçik torpağ”ın gənc və yeniyetmə futbolçularını aparanlar, göz qoyanlar var?
- Belə hallar əvvəllər olurdu. Açığı, mən gələndən müşahidə etməmişəm. Bundan sonra bütün uşaqlar federasiyanın tərkibində və nəzarətində olacaqlar. Sabah hansısa uşağı hansısa kluba göndərəndə müqavilə şərtləri önəm daşıyacaq. İşin maliyyə tərəfi heç, aparılacaq uşağın il ərzində oyunların 60-70 faizində oynaması vacibdi. Artıq bu yöndə işlərə başlanılıb, zamanla bütün detallar incəliklərinə qədər yazılacaq.

- Bu tərəfin futbolu o tərəfdən necə görünür?
- Məsafə uzaqdı, hərdən görünür, hərdən yox.

- Görünməyən nədi, bilirik. Gördüyünüz nədi? "Qarabağ”ın Avroliqadakı çıxışı, yığmanın Xorvatiya ilə heç-heçəsi?
- Belə demək olar. Təəssüf ki, Macarıstanla oyundakı qolumuz hesaba alınmadı, yoxsa bu oyun haqda da danışmağa mövzu olacaqdı. Həm millini, həm də ölkəmizi avrokuboklarda layiqincə təmsil edən "Qarabağ”ı izləyirik, dəstəkləyirik, uğurlarına sevinirik.

- Premyer-liqanı mütəmadi izləyirsiz?
- Belə deyim, işdə-gücdə olanda çətinlik yaranır. Bəzən hansısa oyunlara baxmaq imkanım olmur. Asudə vaxtım olanda oturub baxıram.

- Maraqlı görünür?
- Azərbaycan çempionatıdı da, hamı kimi mənə də maraqlıdı.

- Birinci divizionu necə?
- Ordakı oyunlara baxmaq şansım yoxdu. Nə gizlədim, bəzən nəticələrlə maraqlanıram.

- Hansı komanda liderdi, bilirsiz?
- Bizim "Turan”...

- Aha, sizin "Turan Tovuz”. Və sizin "Turan Tovuz” bu gün başsız qalıb.
- Xəbərim var. Sağlıq olsun, kimisə gətirərlər.

- Oqtay Abdullayevlə söhbətdə adınızı çəkdim, ciddiyə almadı. Səbəbini soruşdum, "o boyda Naxçıvanda futbol səlahiyyətlərini veriblər ona” dedi. Həqiqətənmi bu gün "Turan Tovuz”dan təklif olsa, qayıtmazsız?
- Burda söhbət qayıdıb-qayıtmamaqdan, istəyib-istəməməkdən getmir axı. Sadəcə, Naxçıvan Futbol Federasiyası ilə müqaviləm var və həmin müqavilə şərtləri əsasında da burdayam. "Turan Tovuz”a, onun rəhbərliyinə, xüsusən də tovuzlu azarkeşlərə böyük hörmətim var. Orda çalışdığım müddətdə daim onları yanımda görüb, hiss edirdim. Heç vaxt dəstəklərini əsirgəməyiblər. Sadəcə, indiki vəziyyətdə "Turan Tovuz”dan danışmaq mümkün deyil.

- Vaxtilə orda çalışmış biri kimi təcrübəli həmkarlarınıza nə deyə bilərsiz? Birinci divizionda çalışmağa dəyər, yoxsa "ağacın meyvəsini görməyəcəksənsə, əziyyət çəkməyin nə mənası var” deyirsiz?
- Əlbəttə, hər bir insan çəkdiyin zəhmətin bəhrəsini görməsini istəyir. O vaxt aşağı dəstədə çempion olanda, mən də "Turan Tovuz”un premyer-liqada oynamasını istəyirdim. Tək mənim yox, hamının bu istəyi var. Amma bəzən hər şey heç də bizdən asılı olmur.

Mənbə: "Futbol+” qəzeti

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR