"Araz"ın oyunçuları məğlubiyyəti belə izah etdi

UEFA Çempionlar Liqasının əsas mərhələsində çıxışını başa vuran "Araz”ın üzvləri oyunla bağlı fikirlərini bölüşüb.
 
Sport7.az xəbər verir ki, futzalçılar bunları söyləyib:

Nihad İsmayılov: "Oyuna yaxşı başladıq. Heyətlə bağlı problemimiz var idi. Üç oyunçumuz cəza, biri isə zədə üzündən meydana çıxmamışdı. Əvvəlki oyunlarda meydanda az olsam da, bu dəfə ilk dəqiqələrdən komandama kömək etməyə çalışdım. Bir neçə futzalçımız var ki, bu cür yarışlarda ilk dəfə iştirak edir. Bunu da nəzərə alsaq, birinci hissədə pis oynamadıq. Hətta avrokuboklarda ilk qolumu vurdum, bunun davamlı olmasını arzulayıram. İkinci hissədə yorğunluq sözünü dedi. Əslində turnirə yaxşı hazırlaşmışdıq. Sadəcə, idman xoşbəxtliyi bu dəfə rəqiblərimizin tərəfində oldu. Bəxtimiz gətirsəydi, üstün oynadığımız hər üç qarşılaşmada qələbə qazanardıq”.

Samir Həmzəyev: "Yaxşı başlanğıcın davamını gətirməyə gücümüz çatmadı. Oyunçuların sayı az idi ki, nəticədə meydandakı futzalçılar yoruldu. Heyətimizdə gənc futzalçılar da var. Bir qədər ustalıq istənilən səviyyədə deyildi. Çünki bu komandada hər zaman legionerlər çıxış edib və onlar ustalıq səviyyəsinə görə seçiliblər. Bu dəfə həmin ustalıq səviyyəsi çatmadı. Nəticədə yaratdığımız qol epizodlarını realizə edə bilmədik”.

Oktay Rüstəmli: "Çətin vəziyyətdə idik. Uşaqların bir neçəsi məlum səbəblərdən meydana çıxa bilmədi. Ona görə də meydanda olan oyunçulara çox yük düşdü. Yorulduq, ardıcıl qollar sayəsində qazandığımız üstünlüyü qoruya bilmədik. Təsəvvür edin, rəqib dörd-dörd əvəzetmə edirdi, bizdə isə bir oyunçu çıxır, digəri daxil olurdu. Rəqibin say üstünlüyü hesaba təsir edən başlıca məqam idi. Təbii ki, bu nəticə üzücüdür. Ardıcıl ikinci mövsümdür ki, elit-raunda yüksələ bilmirik. Turnir göstərdi ki, daha çox məşq etməli, çalışmalıyıq”.
 
Sport7.az

Xəbər lenti