"Araz"ın qapıçısı: "Bu vərəqələr olmasaydı, fərqli nəticə görərdik"

"Araz” komandasının qapıçısı Rövşən Hüseynlinin Futzal Federasiyasının mətbuat xidmətinə müsahibəsi.
 
- "Vytis”ə məğlubiyyətdən sonra komandanın toparlanacağı və "Valletta”nı məğlub edəcəyi gözlənilirdi. Niyə bacara bilmədiniz?

- İlk oyundakı məğlubiyyətdən sonra bizə ancaq qələbə qazanmaq lazım idi. Çünki mübarizəni davam etdirmək üçün başqa çıxış yolumuz yox idi. Oyuna yaxşı köklənmişdik. Bu görüşə hazırlaşan zaman rəqibin yox, öz oyunumuzu analiz etmişdik. Heyətimizdə gənc oyunçular var ki, təcrübəsiz olduqlarına görə, baş məşqçi onlara güvənmir. Belədə əsas güc 5-6 oyunçunun üzərinə düşür və nəticədə müəyyən müddətdən sonra yorğunluq baş qaldırır.

- Hesabda öndə olan zaman baş məşqçi tez-tez qapıçını meydan oyunçusu ilə əvəzləyirdi. Bu riskli addım nəyə hesablanmışdı?

- Riskli olsa da, baş məşqçi hesabı qorumağımız üçün bunu edirdi. Rəqib müdafiəyə çəkilib, bizim səhv etməyimizi gözləyirdi. Buna görə də topu özümüzdə çox saxlamaq və rəqibi risk etməyə məcbur etmək üçün bu variantı seçdik.

- Həmin anda qapımızda da az təhlükə yaranmadı..

- Müəyyən ötürmələr zamanı səhvlərə yer verdik ki, bu da həmin epizodların yaradılması ilə nəticələndi.

- Mərhələ adlamaq şansı demək olar, qalmadı. "Araz” alışmadığı nəticələrlə barışa bilirmir?

- "Araz” bu cür nəticələrlə qarşılaşmayıb. Düzdü, qarşıda bir tur var, amma bizim şansımız demək olar, yoxdu. Bugünkü nəticəyə 2 qırmızı vərəqə almağımız da təsirsiz ötüşmədi. Komandamız yeni qurulub. 5-6 futzalçımız bu cür turnirlərdə iştirak edib. Digərləri belə yarışlarda iştirak etsələr də, meydanda olmayıblar. Ölkə çempionatında da bu axsamalar müşahidə olunurdu. Bunun üzərində işləmək lazımdır. Bunun üçün də müəyyən zamana ehtiyac var. Hücum xəttində problemlərimiz var. İki oyun ərzində cəmi bir qol vurmağımız bunun nəticəsidir. Komandadan ayrılanların yeri görünür. Gövdə ilə oynamağı bacaran futzalçımız demək olar, yoxdu. Varsa da, onlar kimi bacarmırlar.

- Bu qədər gərginliyə səbəb nə idi?

- İsa Atayev sarı vərəqəyə görə hakimə etirazını bildirdi. Hakim isə futzalçının ona əl çaldığını düşündü və qırmızı vərəqə göstərdi. Məncə, bu vərəqələr olmasaydı, fərqli nəticə görərdik.

- Məğlub edə bilmədiyiniz hər iki komanda mübarizəyə ilkin mərhələdən başlayıb və onlar da mütəmadi olaraq bu cür böyük yarışlarda iştirak etmirlər.

- "Vytis” bizimlə oyuna 9 legionerlə çıxmışdı. "Valletta”da da əcnəbilər var. Razıyam, "Araz” 13 ildi bu mərhələdə çıxış edir, amma hazırkı heyətimizin üzvlərinin yarısı debütantdı, onlar daim bizimlə bu cür yarışlarda oynayanlar deyillər. Açığı, hər iki rəqibimiz bizdən üstün deyildi. Sadəcə, qol epizodlarından onlar istifadə etdilər, biz isə bunu realizə edə bilmədik.

- Növbəti oyunda "Luçenec”lə qarşılaşacaqsınız. Xətai Bağırov, Adəm Həbibov və İsa Atayev komandaya kömək etməyəcək. Nəyə ümid etmək olar?

- Çətin olacaq. Əsas oyunçularımızdan üçü iştirak etməyəcək. Baş məşqçimiz yəqin ki, oyunla bağlı nəsə düşünəcək.
 
Sport7.az

Xəbər lenti