Arazla Elvinin cəzalanmasının əsl səbəbi...

Arazla Elvinin cəzalanmasının əsl səbəbi...
Millimiz dünən axşam keçirdiyi yoxlama oyununda Belarusiyaya uduzdu.

Sport7.az xəbər verir ki, 0:1 hesablı yenilgimizlə yekunlaşan oyundan sonrakı mətbuat konfransında hamını Araz Abdullayevlə Elvin Yunuszadənin adının iştirak ərizəsinə salınmaması maraqlandırırdı.

Ona ünvanlanan sualın cavabında baş məşqçi Qurban Qurbanov bildirdi ki, futbolçular kiçik xətaya yol veriblər və onların Antalyaya aparılıb-aparılmaması otelə qayıtdıqdan sonra qətiləşəcək.

Çalışdırıcı Arazla Elvinin xətaya yol verdiyini desə də, bu xətanın nədən ibarət olduğunu açıqlamadı. İlkin ehtimallara görə futbolçuların xətasının ciddi olduğu təxmin olunurdu. Belə düşünmək olardı ki, Rəşad Sadıqovla Bədavi Hüseynovun yoxluğunda Elvin Yunuszadə özünü start heyətdə görürmüş. Amma "ilk 11”də oynamayacağını öyrənincə buna etiraz edib. cinah müdafiəçisi Maksim Medvedevin mərkəzə çəkilməsi, ona etimad göstərilməməsi Yunuszadənin xətrinə dəyib. Elə Arazın da oxşar problem üzündən cəzalandığını ehtimal etmək mümkün idi. Kipr çempionatında özünü yaxşı göstərməyi bacaran legionerimiz start heyətdə yer almaq həvəsi ilə Bakıya gəlib. Onun xarakterinin qəlizliyi, özündənrazı futbolçu olduğu da hamıya məlumdu.

Amma bu cür ehtimallar doğrulmadı. Ən azından yayılan məlumatlar belə deməyə əsas verir. Dünən gecə millinin düşərgəsindən gələn xəbərlərdə bildirilirdi ki, eyni otaqda qalan Elvinlə Araz səhər iclasına gecikdiklərinə görə Qurbanovun qəzəbinə tuş gəliblər. Ehtimal olunur ki, çalışdırıcı Arazı milliylə birlikdə Antalyaya aparacaq, Elvin isə "Qarabağ”ın düşərgəsinə qayıdacaq.

Sport7.az

Xəbər lenti