Arif Əsədov: "Bunun belə tez həyata keçməsi gözlənilməz oldu"

Arif Əsədov:
"Sabah"ın Premyer Liqaya yüksəlməsi həm gözlənilməz oldu həm də birmənalı qarşılanmadı. 

Ona görə birmənalı qarşılanmadı ki, "Sabah" birinci divizionu 5-ci yerdə bitirmiş komanda idi. Yəni ondan əvvəl çempion "Xəzər", ikinci və üçüncü pillənin sahibləri var. Hələ 4-cü yer tutmuş MOİK-i də əlavə etsək, fikirlərə əsas vermək olar. Digər tərəfdən də komanda gələcək üçün Premyer Liqaya hazırlanırdı. Bu mövsüm heç də böyük məqsədlər yox idi. Təbii ki, yüksək dəstədə oynamaq üçün həm şəraitin, həm də səviyyəli futbolçuların olmalıdı. Bəs "Sabah" nə dərəcədə hazırdı?

Suallarımıza cavab almaq üçün baş məşqçi Arif Əsədovla danışdıq. Arif bəy Sport7.az-a açıqlamasında bunları söylədi:

"Əlbəttə, bunu gözləmirdik. Komanda qurularkən perspektivli və sonda hədəfi Premyer Liqa idi. Amma bunun belə tez həyata keçməsi bir qədər gözlənilməz oldu. Biz icraçıyıq. Qarşımıza qoyulan vəzifəni icra etməyə çalışırıq. Birdən-birə komandanın Premyer Liqaya necə çıxması rəhbərliyə aid sualdı. Bilirsiz ki, həmişə çıxışlarımda hədəfi olan bir komandaya getmək istədiyimi bildirmişəm. Belə qərar verilməsi bizim işimiz deyil. Əlbəttə, "Xəzər" layiqli çempion oldu. lakin qərarı biz vermirik. Sizə bir söz deyim ki, ikinci dövrədə "Sabah"ın çıxışları digərlərindən, liderlər qrupunda yer alanlardan geri qalmadı. Xal baxımından götürsək, ilk "üçlük"də yer aldıq. Birinci dovrədə də komandanı tez bir zamanda yığsaydıq, əminliklə deyiorəm ki, bir və ya ikinci yerləri tuta bilərdik. 

Planlarla bağlı hələ heç nə deyə bilmərəm. Mənim klubla mayın 31-nə qədər müqaviləm var. Rəhbərliklə görüşməliyəm fikirlərimi bildirməliyəm. Bundan sonra nəsə deyə bilərəm. Bəlkə heç mənimlə işləmək istəməyəcəklər. 

Komandanın bazası ilə bağlı müzakirələr olmayıb. Yəqin bu düşünülüb ki, belə addım atılıb. Premyer Liqanın tələbləri, baza, struktur, akademiya baxımından başqadı. Bunlar nəzərə alınır. Biz Binə stadionunda çıxış edirdik.  Orda bizdən başqa bir neçə komanda da oynayırdı. Yəqin ki, rəhbərlik bu haqda düşünüb. Yaxın günlərdə yəqin ki, hər şeyə son qoyulacaq".

Sport7.az

Xəbər lenti