Arif Əsədov: "Əziyyətimə heyfim gəldi, amma peşman deyiləm"

Arif Əsədov:
"0"dan qurulan, xüsusən də çempionatın ikinci dövrəsində yaxşı təsir bağışlayan, nəticədə Birinci Divizionda 5-ci pilləni tutandan sonra Premyer Liqada iştirak etmək hüququ qazanan "Sabah" rəhbərliyi komandanın formalaşmasında böyük əziyyəti olan və hazırkı mövqeyə qədər irəliləməyi bacaran Arif Əsədovla işləmək istəmədi. Əvəzində baş məşqçi postuna "Xəzər"i çempion edən Elşad Əhmədov gətirildi.

Biz də yaşananlarla bağlı Arif bəylə danışmağı qərara aldıq. Mütəxəssis Sport7.az-a müsahibəsində karyerasının "Sabah"la bağlı hissəsinə toxundu, münasibətini bildirdi.

- "Sabah" rəhbərliyinin belə qərar verəcəyini gözləyirdiz?

- Klubla birillik müqaviləm vardı, bu ay bitirdi. Yeni müqavilə bağlmaq ərəfəsində fikirlərimiz üst-üstə düşmədi. Bu normal bir şeydi.

- Fikirləriniz niyə üst-üstə düşmədi? 

- Dərinə getmək istəmirəm. Sadəcə, müqavilənin müddətini artırmadıq. Komandanı quranda rəhbərliklə görüşmüşdük. Qışda bəzi dəyişikliklər həyata keçdi, bunun da təsiri oldu.

- Birinci Divizionda qarşıya qoyulan hədəflərə çatdız?

- Düşünürəm ki, mərhələlərlə buna doğru gedirdik. Perspektivli komanda kimi qəbul etdim. Hardasa 3 illik plan vardı. İlk ildə komandanı formalaşdırmalı idik, amma son hədəf kimi güclülər dəstəsinə yüksəlmək götürülmüşdü.  Komandanı formalaşdırmaqda çox əziyyət çəkdik. İkinci dövrədə daha yaxşı təsir bağışladıq və belə demək mümkünsə ilk "üçlük"də yer aldıq. Həm oyun həm də heyət baxımından müsbətə doğru gedirdi.

- Əziyyətinizə heyifiniz gəldimi?

- Əlbəttə, bilirsiz həmişə deyirdim ki, birinci divizionda işləmərəm. Ancaq bəzi nüanslar oldu, rəhbərliklə görüşəndən sonra komandanın perspektivini görüb razılıq verdim. Bilirdim ki, əziyyətli çətin olacaq. 15-20 günə yeni komanda qurmaq lazım idi. Amma bu futbol həytıdı. İndi belədi, sabah başqa cür olacaq. Mənim üçün bir təcrübə idi. Peşmançılıq keçirmirəm. Müqavilə bağladım və öz boynuma düşən öhdəlikləri yerinə yetirməyə çalışdım. Yaxşı-pis bunu qiymət verənlər bilər. İndi yalnız "Sabah"a uğurlar arzulamaq qalır. bu klubu həyatımda ikici doğma klub kimi qələmə verə bilərəm. Birincisi isə "Neftçi"di, hansı ki, bu klubda həm futbolçu, həm məşqçi kimi fəaliyyət göstərmişəm, böyümüşəm. "Sabah"ın doğulmasında mənim də əməyimin olduğunu nəzərə alaraq, doğmalaşdığını deyə bilərəm. Bundan sonra da orda kimin çalışmasından asılı olmayaraq azarkeşlik edəcəm. Həmişə "Sabah"ın uğurlarına sevinəcəm, Allah eləməsin uğursuzluq olanda isə kədərlənəcəm.

- "Sabah"a Premyer Liqada oynamaq üçün lisenziya veriləndən sonra rəhbərliyin sizə qarşı münasibətinin dəyişdiyini hiss etdiz?

- Xeyr, heç bir dəyişiklik hiss etmədim. Mən öz işimi gördüm. Onu qeyd edim ki, rəhbərlik tərəfindən işimizə heç bir müdaxilə olunmurdu. Sərbəst şəkildə, öz düşüncəmlə komandanı yüksəltməyə çalışdım. Sadəcə son anda qarşılıqlı razılşama ilə müddəti uzatmadıq. Hərənin bir baxışı var. Ola bilər ki, mənim baxışlarım kiminləsə üst-üstə düşmədi. "Sabah" bir nəfərdən ibarət deyil.

- İşiniz rəhbərliyi nə dərəcədə qane edirdi? Onlarla söhbətdə nə hiss edirdiz?

- Elə bir şey yoxdu. Ümumiyyətlə rəhbərliklə 2 dəfə görüşmüşdük. Bir komandanı formalaşdıranda, bir də ikinci dövrədə gücləndirəndə. İkinci dövrədə edilən dəyişikliklərin nəticəsi göz qabağındadı. Gələndə heç kimə nəsə söz verməmişdim. Sadəcə qarşıya qoyulan məqsəd komandanı formalaşdırmaqdan və getdikcə daha yaxşı olmaq idi. Hələ düşünürəm ki, bir balaca bəxtimiz gətirsəydi, "Turan Tovuz" və "Qaradağ Lökbatan"la oyunlarda xal qazansaydıq hazırda ikinci pillədə olardıq. 

- Sizin "böyütdüyünüz bala"nı "Xəzər"i çempionluğa daşıyan Elşad Əhmədova tapşırdılar. Elşad müəllim sizinlə söhbət edib, halallıq aldımı?

- Bəli, dünən Elşad müəllim mənə telefon açdı, danışdıq. Halallıq deyəndə, məşqçi elədi ki, bu gün var, sabah isə başqası gəlib işləməlidi. Onun "Sabah"a baş məşqçi təyin olunması məni sevindirdi. Elşadla bir yerdə futbol oynamışıq. Uşaqlıqdan bir-birimizi tanıyırıq. Yaxşı məşqçidi. Ürəyimdə ona qarşı nəsə olması söhbəti yoxdu. Əksinə onu təyinatına sevindim.

- Elşad bəy Premyer Liqada "Xəzər"lə nəyəsə nail ola bilərmi?

- Bunu zaman göstərəcək. Buna inanıram. Çünki onun təcrübəsi var. Həm "Neftçi"nin əvəzedicilərində, həm də qısa müddət də olsa əsas komandasında çalışıb. "Xəzər"də də gördüyü işlər göz qabağındadı.

- Sizin karyeranızda nə yenilik var? Təkliflər, maraqlananlar oldumu?

- Hər şey dünən oldu. Həmin vaxta kimi mətbuat zəng vurub "Sabah"ın gələcəyi ilə bağlı soruşurdu (gülür). Baxırıq, hələ vaxt var, görək nə olur?

- Təklif etsələr yenidən birinci divizionda işləyərsizmi?

- (gülür) "Sabah" kimi şərtləri, məqsədi olan komanda varsa niyə də işləməyim? İlk 6 ayda mənim üçün çətinliklər oldu. Çünki mənim üçün birinci divizion bir qədər qaranlıq idi, ordakı ab-hava, çempionata baxış və sair bütün bunlar hamısı işimə daha məsuliyyətli və dərindən yanaşmağı tələb edirdi. Düşünürəm ki, sağlam kollektiv formalaşdıra bildik. Adına uyğun, sabaha ümidlə baxan bir komanda yarandı. Əsas odu ki, hədəf olsun. Əks halda inkişaf yoxdu. Hədəf olması fikrimcə, bir məşqçi kimi mənim də irəli getməyimə kömək edir. Bir də ki, Premyer Liqada oynamağın "Sabah"ın haqqı olub-olmadığı ilə bağlı müzakirə aparanlar var. Onu demək istəyirəm ki, bu komandanın hədəfi də məhz Premyer Liqada oynamaq idi. Bu il olmasa da gələn il. Nə vaxtsa olmalı idi. Mənim dəı qarşımda duran vəzifə bu idi. Keçən il Birinci Divizionda oynamış olsaydıq, əminliklə deyirəm, bu mövsüm 1 və ya 2-ci yerlərdən birini tutacaqdıq. 

- "Sabah"ın Premyer Liqaya çıxması birmənalı qarşılanmadı. Həm baza, infrastruktur həm də azarkeş baxımından lazımi infrastrukltura malik olmayan komandanın elə birinci divizionda qalmasını da istəyənlər vardı. Bu fikirlərə münasibətiniz necədi?

- Ola bilər ki, bu gün o baxımdan hazır deyildi. Ancaq hədəf bu idi. Bayaq 3 illik plandan danışdım. İlk ildə komandanı formalaşdırmalı idik, daha sonra Premyer Liqaya oynayacaqdıq. Rəhbərliyə də bildirmişdim ki, gələn ildən komanbad ilk iki yerdən birini tutub Premyer Liqaya yüksələ bilər. Yəqin ki, həmin vaxta qədər infrastrukturla bağlı məsələlər yoluna qoyulacaqdı. Əslində bu sual mənə aid deyil. Bilirsiz ki, "Vətən" komandası Təhsil Nazirliyinin nəzdində idi. Bu haqda rəhbərlik daha yaxşı cavab verər. 

- Yenə də illər sonra "Sabah"ın Premyer Liqaya çıxması məhz Arif Əsədovun adı ilə bağlı olacaq...

- Burda bir məsələni də qeyd edim. Biri var ilk iki yerlərdən hansınısa qazanırsan və Premyer Liqaya çıxırsan. Amma yenə də deyirəm, hədəf bu idi. Komanda da nail oldu.

Sport7.az

Xəbər lenti