Arif Əsədov: "Harda hədəf varsa orda işləmək istəyirəm"

Arif Əsədov:
Hazırda Birinci Divizionda "Sabah"ı çalışdıran Arif Əsədovun komandadan gedəcəyi ilə bağlı söz-söhbətlər səngimirdi. 

Nəhayət dünən klub baş məşqçi ilə bağlı yaydığı bəyanatda Arif bəylə hələ müqavilə davam etdiyini və heç yerə getmədiyi bildirildi. Bəs Arif bəyin fikirləri necədi? Premyer liqaya yüksəlməyən, hədəfi olmayan komandada davam edəcəkmi? Ümumiyyətlə, "Sabah"ın iddiasına, elita üçün vuruşmağa nə mane oldu?

Bu suallara cavab tapmaq üçün Arif bəylə əlaqə saxladıq. mütəxəssis Sport7.az-a açıqlamasında bunları söylədi:

"Hələ mövsüm bitməyib. Qarşıda iki oyunumuz var. düşünürəm ki, "Sabah"ın durumunu iki hissəyə bölmək olar. Çempionatın əvvəlində tez bir zamanda yığışıb oynadıq. Bir də ikinci dövrədəki çıxışını qeyd edə bilərəm. Fikrimcə irəliləyiş hiss olunur. İkinci hissədə həm oyun, həm də heyət baxımından irəliləyiş oldu. Demək olar bu mövsüm qarşıya qoyulan tapşırığı yerinə yetirdik. Elə də böyük məqsəd yox idi. Əsasən komanda formalaşdırmaq istəyirdik. İkinci dövrədə dəyişiklik etdik ki, nəticə baxımından da irəliləyiş olsun. İndi "dördlüy"ə şansımız var. Bu şansdan maksimum istifadə etmək istəyirik. Bəzi şeylər var ki, bizdən asılı deyil. Ümumi götürsək bu il "Sabah" Birinci Diviziona rəng qata bildi. Çempionatın əvəlli ilə müqayisədə indi "Sabah"ın adı Premyer Liqa iə yanaşı da çəkilirdi. Bu da müsbət haldı.

Mənim klubda qalacağıma gəlincə, hələ klubla mayın sonuna qədər müqaviləm var. Düzdü, bir neçə dəfə rəhbərliklə görüşmüşük. Qalan iki oyun da bitəndən sonra yenidən söhbətlərimiz olacaq. Mənim qalıb-qalmamağım klubun növbəti mövsümkü hədəflərindən asılı olacaq. Bilirsiz ki, harda hədəf varsa orda işləmək istəyirəm. Komanda qurulanda perspektiv kimi yanaşırdıq. Hələ vaxta var, müzakirə edəndən sonra nəsə deyə bilərəm. Rəhbərliyin məqsədi mənə uyğun olacaqsa, müzakirə aparacağıq. Hazırda fikrimizi qarşıdakı oyunlara yönəltmişik.

İlk dövrədə itirlən xallar iddialı olmağımıza maneçilik yaratdı. Dəfələrlə demişəm, təkrarlamaq istəmirəm, heyəti formalaşdıranda çox əziyyət çəkdik. İlk dövrədə qıtlıq yaranmışdı. Buna baxmayaraq maksimum xal yığmağa çalışdıq. O xalları itirməsəydik, bəlkə də indi rahat ikinci, bəlkə də birinci yer üçün oynayardıq. 4-5 futbolçumuz ikinci dövrənin başlamasına az qalmış heyətə qoşuldu. Bu üzdən oyun anlaşması baxımından, o cümlədən xətlərarası problemlər vardı. Hardasa ikinci dövrənin 3-cü turundan sonra komanda lazım olan sistemdə oynayıb xalları yığmağa başladı. Vaxt azlığı oldu. Heyəti istədiyim zamanda deyil, yalnız çempionatın gedişində formalaşdıra bildik".

Sport7.az

Xəbər lenti