Arif Əsədov: "Malta əsasən müdafiədə oynaya bilən komandadı"

Arif Əsədov:
Azərbaycanın tanınmış mütəxəssislərindən olan Arif Əsədov yığmamızın oyunları ilə bağlı düşüncələrini bölüşüb.

Arif bəy Sport7.az-a açıqlamasında həm Kosovo həm də Malta ilə oyunlarla bağlı fikir bildirib: "Xal baxımından, ilk yeri tutmaq üçün vacib oyun idi. Təəssüf ki, alınmadı. Həyəcan, ilk hissənin əvvəllərində xüsusilə millimizdə görünürdü. Komandalar bir-birinə qarşı ehtiyatlı oynadılar. Çünki ilk oyunda məğlubiyyət istəmirdilər. İkinci hissədəki dəyişikliklər komandanı canlandırdı. Amma sonda yenə lazım olan qələbəni əldə edə bilmədik. Xüsusilə komanda hücumda istədiyini ala bilmirdi. Əsas çatışmazlıq hücum xətti ilə bağlı idi. Mərkəzdə və müdafiədə top saxlanılırdı. Amma kəsərli hücumlar alınmırdı. Bəlkə də, ilk oyun olduğu üçün komanda hələ özünü tam "tuta" bilməyib. Oyun da göstərdi ki, Kosovo fikirləşdiyimiz qədər güclü rəqib deyil. Elə D Liqasında çıxış etmələri onu göstərir ki, bizimlə eyni səviyyəli komandadı. Gütdikcə öz oyununu tapandan sonra Kosovoda yığmamızdan qələbə gözləyə bilərik. 

Malta ilə oyuna gəlincə, bu gün artıq itiriləsi heç nə yoxdu. Qələbə qazanmaq lazımdı ki, heç olmasa evdə itirilən 2 xalı sığortalaya bilək. Uduzsaq, artıq bundan sonra çətin olacaq. Farer Adaları qələbə qazandı. Hələ bilinmir ki, Kosovo - Farer Adaları matçı necə nəticələnəcək. İlk turda nəsə demək çətindi. Allah eləməsin uduzsaq vacib xal itirmiş olarıq. Hətta birinci yeri tutmaq istəyiriksə, indiki durumda heç-heçə də bizi qane etmir. Malta ilə Kosovo oyun üslubu baxımından fərqli komandalardı. Məsələn Kosovo topla oynamağı daha çox sevir. Heyətdə texniki cəhətdən yaxşı futbolçular var. Ancaq Malta əsasən müdafiədə oynaya bilən və bu cür oyun üslubu olan komandadı. Müqayisə etsək, Kosovo Maltadan daha üstündü. Sadəcə, artıq Maltanın da itiriləsi heç nəyi yoxdu. Uduzublar, evdə oynayırlar və qələbə qazanmaq istəyəcəklər. Bu baxımdan bizim üçün çətinliklər yarada bilərlər. Oyunun başlanğıcından çox şey asılıdı. Futbolçularımız ilk dəqiqələrdən təşəbbüsü ələ alıb, qol vursalar, qələbə qazana bilərik. Eyni zamanda inam da yarana bilər".

Sport7.az

Xəbər lenti