Arif Əsədov: "Məşqçilərə nəzarət edəcəm"

Arif Əsədov:
Azərbaycanın tanınmış mütəxəssislərindən olan Arif Əsədovun yeni iş yeri müəyənləşib.

Veteran futbolçu "Miras" futbol akademiyasında çalışmalara başlayıb. Həm yeni iş yeri, həm də gələcək planları ilə bağlı Arif bəy Sport7.az-a açıqlamasında bunları söyləyib: "Miras" futbol məktəbidi. 6-12 yaşlı uşaqlardan ibarət komandalar burda hazırlıq keçir. Bu ideyanı futbolu sevən insanlar irəli sürdü və mənim baş məşçqi, eyni zamanda əlaqələndirici kimi çalışmağımı istədilər. Razılıq verdim, oktyabrın 1-dən etibarən məktəb fəaliyyətə başladı. Hazırda məşqlərə qatılıram və istiqamət verirəm. Bir məşqçi də götürmüşəm ki, kömək etsin".

Arif bəy məktəbin yaxın gələcəkdəki planları haqda bunları bildirdi: "Məktəbi futbolu sevən insanlar açıb. Mətbuatda o qədər də tanınmır, çünki futbol adamı deyil. Sadəcə, bu idman növünü sevdiyi üçün belə bir ideyanı irəli sürüb. Hazırda özəl kimi fəaliyyət göstərir. Gələcəkdə uşaqların sayı artandan sonra qruplara ayıracağıq və daha sonra onları AFFA-nın çempionatına qatmaq niyyətimiz var. Fikrimiz genişləndirməkdi. Azərbaycanda uşaq futbolunda vəziyyət elə də yaxşı deyil. Ona görə də köməklik göstərməyə çalışıram. Digər tərəfdən hər hansı klubda çalışmaq təklifi alsam bu mənim məktəbdəki işimə təsir göstərməyəcək. Burdakı işləri sahmana salacam və məşqçilərə nəzarət edəcəm. Ən çətini başlamaqdı. Sonradan əlaqələndirici kimi istiqamət göstərəcəm. Artıq "Feysbuk" vasitəsilə elan vermişik. Bununla yanaşı məktəblərdə elan yerləşdirmişik. Kim istəyirsə məşqlərə gəlir və getdikcə yaxşılar seçilir. Seçilməyənlər isə qalıb, aylıq ödənişlə davam edirlər. Elə insanlar var ki, övladı futbola həvəslidi. Perspektiv olmasa da övladlarını futbola yazdırırlar ki, pis vərdişlərə düşməsin. Aralarında yaxşıları da var, hansı ki, onları ayırıb, klub şəklində çempionata buraxmaq mümkündü. Yaxud hansısa klublara da göndərə bilərik". 

Əsədov məktəbin ödənişli əsaslarla fəaliyyət göstərdiyini də bildirdi: "Hazırda iki qrupdu. Məşqlər saat 15.00-dan 16.00-a və 17.00-dan, 18.00-a qədər keçirilir. Birinci qrup 6-8, ikinci isə 9-12 yaşlardan ibarətdi. Hərəsində də 6-7 uşaq var. Məşqlər ödənişlidi, 80-100 manat arası. Uşaqlar Elmlər Akademiyasında yerləşən "Azfar"ın meydançalarında məşq edir. Meydançalar ödənişlidi. Forma, top və inventarla biz tərəfdən təmin olunurlar. Su və həkim nəzarəti ilə də təmin edilirlər. Cəmi 4-5 məşq keçilib. Oyunlara hələ başlamamışıq. Qruplar yığıldıqca digər özəl məktəblərin komandaları ilə yoldaşlıq görüşləri keçiriləcək. Klub formasına yaxınlaşandan sonra AFFA-nın yarışlarına qatılmaq fikirimiz var. Aralarında nisbətən perspektivliləri gözə dəyir. Əsas odu ki, təməlləri yaxşı qoyulsun. 6-12 yaş dövrü elədi ki, təməl necə qoyulsa, elə də davam edəcək. Bu fikirlər məndə çoxdan vardı. AFFA-da çalışanda, məşqçiləri maarifləndirilməsi zamanı daha çox uşaqlarda təməlin qoyulması məsələlərində maraqlı idik. Çünki, xüsusən də "C" kateqoriyasını oxuyan məşqçilər böyük "yükün" altına girir. Amma baxırdım ki, çoxları məhz o sahədə axsayırlar. Ona görə də uşaqlar cinsi yetkinlik dövrünə çatanda, baxırsan təməllərində müəyyən problemlər var. Hamısı dediyim yaş qruplarında olan məşqçi problemlərindən yaranır. 14-15 yaşından sonra taktiki məşqlərə keçəndə, sənin texniki keyfiyyətlərin yaxşı olmalıdı ki, onları yerinə yetirə biləsən. Lap futbolçu, uşaq taktiki gedişləri yaxşı anlasa da, topu qəbul edib lazımi yerə ötürməyəndə, bütün taktika pozulur. Təməl olmalıdı ki, peşəkar komandalara keçəndə taktiki gedişləri uğurla yerinə yetirsinlər".

Sport7.az

Xəbər lenti