Arif Əsədov:

Arif Əsədov: "Problem onda idi ki..."

Təbii ki, yığmamızın uğursuzluqları futbol ictimaiyyəti üçün heç də xoş qarşılanmadı. Hətta xoş qarşılanası bir məqam da belə yoxdu. Hər halda 1 xalla qrup sonuncusu olmağın, uzun illər əvvəlki nəticəni təkrarlamağın, komandanın bərbad, qorxaq oyunlar sərgiləməsinin heç bir xoş tərəfi ola bilməz ki, biz də bəraət qazandıraq. Belədə istər futbolçuların, AFFA rəhbərliyinin, istərsə də məşqçilər korpusunun sərt şəkildə tənqid olunması normaldı. Bəs günahlandırılanlar nə fikirləşir?

Yığmada Nikola Yurçeviçin köməkçisi kimi çalışan Arif Əsədovun fikirlərini öyrəndik.
 
Arif bəy Sport7.az-a açıqlamasında bunları söylədi: "Bu məsələnin həm müsbət həm mənfi tərəfləri var. Mənfi tərəf odu ki, bəli, bu mərhələdə yaxşı nəticələr olmadı. Az xal qazanıldı. Reallığı da nəzərə alaq, qolumuz sayılmadı, hansısa oyunlarda son dəqiqələrdə buraxdığımız qollar oldu. Səbəblər müxtəlifdi. Milliyə baş məşqçi gec təyin olundu. Millətlər Liqasındakı son oyun noyabrda oldu. Ruh düşkünlüyü yaranmışdı. Yeni məşqçinin təyin olunması fevral ayına çəkdi. Yeni komandanı qəbul edib formalaşdırmaq, yoldaşlıq görüşləri üçün zamanın nə qədər önəmli olduğunu da bilirsiz. Mərhələnin başlaması, birdən-birə komandanın rəsmi oyunlarda çıxış etməsi, burda istər-istəməz müxtəlif heyətlər, oyuçu qıtlığı olan bir məqamda zədəlilərin ortaya çıxması, heyətlə bağlı problemlər, hamısı mənfi kimi qiymətləndirmək olar. 

Müsbət tərəflər isə odu ki, güclü rəqiblərlə qarşılaşdıq, evdə Slovakiya və Macarıstanla oyunlar istisna, qalanlarında komanda, məncə, layiqli mübarizə göstərdi. Xallar qazana bilərdik. Üstəlik yeni adlar üzə çıxdı, Bəhlul Mustafayev, Elvin Camalov,  Vüsal İsgəndərli millidə debüt etdilər. Bunlara perspektivli demək olar. Bir də ki, qrup müəyyənləşəndə hamı bilirdi ki, 1 və ya 2-ci yerlkər uğrunda oynamağamız real görünmür. Yalnız mübarizə aparıb bacardığımız qədər çox xallar toplamaq, komandanın formalaşması baxımından addımlar atmaq lazım idi. Son oyun göstərdi ki, buna doğru müsbət addım atılır. Problem onda idi ki, oyunların əksəriyyətində ilk 15-20 dəqiqə ərzində qollar buraxırdıq. Sonradan, xüsusilə səfər oyunlarında komandanın mübarizə aparmasını müsbət hal kimi dəyərləndirmək olar".

Millimizin sabiq müdafiəçisi qrupda maksimum neçə xal toplamaq potensialımızın olduğu haqda suala belə cavab verdi: "Gördüyüm qədərilə, hardasa Macarıstanla oyunda, o cümlədən evdəki qarşılaşmada penalti verilsəydi xal qazanmaq mümkün idi. Ən azı 3-4 xal toplaya bilərdik. Yeganə qrup idi ki, ikinci yerə hansı komandanın vəsiqə qazanması son oyuna qədər müəyyənləşməmişdi. hansı ki, bütün qruplarda bilinirdi. Bərabərsəviyyəli komandalar idi, hansı ki, son mərhələyə qədər şanslarını saxlamışdılar".

Əsədovun oyunlardan sonra məşqçilər korpusuna, o cümlədən futbolçulara, AFFA rəhbərliyinə yönəlmiş tənqidlərə reaksiyası bu cür oldu: "Tənqidlər həmişə olub, olacaq da. Özümüzə, yəni texniki heyətə aid tənqidləri qəbul edirəm. Komanda olaraq, xal toplaya bilərdik, alınmadı. Dediyim səbəblər də var. Hətta belə uğursuzluq olduğu üçün milli adından üzr də istədik. Ancaq digər tərəflər var. Tsikl davam edəndə başqa fikirlər səsləndirirdilər ki, onların komandaya təsiri oldu. Buna fikir yönəltmək istəməzdim, amma, razıyam xal toplaya bilmərdik. Hər yeni məşqçiyə ən azı 3 il vaxt lazımdı. Bu nə deməkdi? İlk ildə komandanı tanıyır, bütün futbolçuları yoxlayır. İkinci ildə artıq hansı oyunçularla döyüşə gedəcəyini müəyyənləşdirir. 3-cü ildə artıq nəticə verməyə məcburdu. Mövsüm başlayanda görsə ki, uğurlu nəticəyə yol yoxdu, baş məşqçi istefa verməlidi. Bunu 3-cü ilin əvvəli də etmək olar. Düşünürəm ki, məşqçinin işinin bəhrəsini görmək üçün, belə yanaşma lazımdı. Bizdə də hələ 7-8 aydı fəaliyyət göstərir. Bu müddətdə də demək olar bütün oyunlar rəsmi idi, yığmanı hazırlamaq üçün 4-5 gün vaxt olurdu. Bu müddətdə də bərpa ilə məşğul olursan, heyətdəki çatışmazlıqları yoluna qoyursan. Əlində geniş olmayan bir heyət vardı. Hər oyun düşünürdük ki, zədələnən olsa onun yerinə kimi oynadacağıq? Bu problem idi. Yaxud da, oyunçu izlənilirdi, əsas heyətdə oynayırdısa, ona üstünlük verirdik ki, praktikası var. Daha necə oynayıb-oynamayacağını düşünmürdük. Əsas odu, oyun praktikası olsun ki, meydanda tab gətirsin".

"Bəs 3 ildən sonra bu məşqçinin hazırkı, o cümlədən bərbad futbol sərgiləyən aşağı yaş qrupları üzrə millilərdən də dəvət etdiyi oyunçularla hansısa nəticə verəcəyinə necə əmin olmaq mümkündü?" sualını Arif bəy belə cavablandırdı: "Əsas milliyə ən yaxın olan U-21-di. U-17, U-19 hələ bunun üçün mərhələlər keçməlidi. U-21-də də perspektivli futbolçular var ki, öz üzərlərində çalışsalar, əsas millidə oynaya bilərlər. çatışmayan cəhətlərimizi yoluna qoya biləcək oyunçular var. Yəqin ki, baş məşqçinin də nəzərində müəyyən oyunçular var, kimlərisə görüb. Kimlə yola davam etmək olar ya yox, bu suallara növbəti ildə cavab tapmaq mümkündü".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR