Arif Rəhimov:

Arif Rəhimov: "Formula 1" və Avro-2020-nin oyunlarının üst-üstə düşməsi Bakı üçün kabus olar"

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin təşkilatçıları növbəti illərdə Bakıya çarter uçuşlarının sayını artırılmasını nəzərdən keçirirlər. Avropa Liqasının Bakıda keçiriləcək finalı ərəfəsində əcnəbi futbolsevərlərin üzləşdikləri nəqliyyat problemləri onları buna vadar edib.

Britaniyadan Azərbaycana birbaşa uçuşların az olması son həftələrdə yetərincə müzakirə mövzusu olmuşdu. Üstəlik, nəzərə almaq lazımdı ki, "Formula 1" komandalarının əksəriyyəti məhz Britaniyaya məxsusdu.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov bu barədə "Reuters"ə açıqlama verib:

"Növbəti il, xüsusilə də, yarışlar ardıcıl keçiriləcəyi təqdirdə, daha çox çarter uçuşunun təşkili üçün birbaşa özüm çalışacam və onları maraqlananlar üçün elə öz qiymətinə satışa çıxaracağıq. Tamaşaçıların işini asanlaşdırmaq üçün bunu nəzərdən keçiririk. Düzdü, keçmişdə belə bir şeyi sınaqdan keçirməmişik, ancaq mən gələcəkdə bunu etmək istəyirəm".

Rəhimovun sözlərinə görə, Bakıya daha çox Rusiyadan olan "Formula 1" azarkeşləri təşrif buyurur. Böyük britaniyalılar ikinci, almanlar isə üçüncüdü.

Rəqəmlər Avropa Liqası finalı ilə müqayisədə daha kiçikdi. Belə ki, "Arsenal" və "Çelsi" azarkeşlərinin hərəsinə UEFA tərəfindən 6 min bilet ayrılmışdı. Bakı Olimpiya Stadionu isə 68 min 700 azarkeş tutumuna malikdi:

"Adətən, 3-4 min rusiyalı "Formula 1" azarkeşi ölkəyə təşrif buyurur. Böyük Britaniyadan gələnlərin sayı da minə yaxındı. Qonaqlar, suitalar və başqalarından danışmıram, söhbət müntəzəm bilet alıcılarından gedir".

Növbəti il üçün "Formula 1" üzrə Azərbaycan Qran-prisinin iyun ayında keçirilməsi planlaşdırılır. Arif Rəhimov yarışın Avro-2020-nin Bakıda keçirilməli olan oyunları ilə üst-üstə düşmə ehtimalını da şərh edib. O, bunun Bakı üçün kabus olacağını bildirib:

"Yarışın iyun ayında keçirilməsi barədə söhbətlər gedir. Ancaq iyunda çoxlu maneələrlə üzləşə bilərik. 13, 17, 21 iyun və 4 iyul tarixlərində Bakıda Avro-2020-nin dörd görüşü keçiriləcək. Şübhəsiz ki, yarışın Avropa çempionatı ilə üst-üstə düşməsinin tərəfdarı deyilik. Bu, şəhər üçün kabus olar. Həmçinin biz öz azarkeşlərimizi, Avro-2020 isə öz azarkeşlərini itirəcək. Ona görə də "Formula 1" üzrə Azərbaycan Qran-prisinin iyunun əvəllərində keçirilməsini istəyirik. Ümid edirik ki, bu, alınacaq".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR