Arsen Venger:

Arsen Venger: "Arsenal" üçün darıxıram, çünki ürəyim orada qalıb"

Futbolda yeni bir vəzifə sahibi olmağa hazır olduğunu deyən "Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger ilk dəfə məşqçiliyə qayıtmamaq kimi bir ehtimalın olduğunu da etiraf edib.

Venger "topçular"ın başında keçirdiyi 22 illik periodu 2017-18 mövsümündən sonra nöqtələdi. Daha əvvəl verdiyi açıqlamalardan birində 2019-cu ilin əvvəllərindən etibarən başqa bir klubu çalışdırmaq niyyətində olduğunu demişdi.

69 yaşlı fransız BBC-yə açıqlamasında isə bunları deyib:
 
"Qısa müddət ərzində məşqçiliyə qayıdacağımı düşünürdüm, amma azacıq fasilə mənə yaxşı təsir etdi. İndi isə yolayırıcındayam".

Venger idman texnologiyaları şirkətlərindən biri ilə yeni əməkdaşlığından danışır. O, sözügedən prosesdə investor və məsləhətçi qismində çıxış edir.

Şirkət Vengerin butsların içində yerləşdiriləcək və oyunçuların texniki, taktiki və fiziki performansını analiz edəcək mexanizmin formalaşdırılması və biznesinin inkişafında aktiv rol oynayacağını açıqlayıb.

Bu, fransız məşqçinin karyerasını futbolda davam etdirməsinə mane olmayacaq. Bununla belə, 12 ay işdən uzaq qalmaq Vengerin baxış tərzini dəyişib və bu, onun növbəti qərarına təsir göstərə bilər:

"Siz məni yenidən futbolda görəcəksiniz. Məşqçi kimi, yoxsa başqa vəzifədə... - bunu heç özüm də bilmirəm.

Bu il xeyriyyəçiliklə məşğul olmuşam, konfranslarım olub. Diqqətdən nisbətən uzaq idim, təzyiq az idi. Zövq aldığımı deyə bilərəm.

Artıq daha çox vaxtım var və hər şeyi kənardan daha yaxşı izləmək imkanım olur. Məşqçilərin etdikləri səhvləri görürəm, amma nəticədə bunun bədəlini mən ödəmirəm.

Həyatım boyunca öyrəndiklərimi paylaşmaq istədiyimi anladım. Çünki məncə, həyatda bir nöqtədən sonra ancaq bildiklərinizi paylaşmaqla faydalı ola bilərsiniz. Bu, özünü hansı formada təzahür edəcək: sadəcə futbolda qələbə qazanmağı seçəcəm, yoxsa başqa bir yol? Tezliklə qərar qəbul etməli və onu açıqlamalıyam.

Futbol hələ də mənim ehtirasımdı. Tezliklə geri qayıdacağam. Ancaq konket hansı pozisiyada olacağımı deyə bilmərəm".
 


1996-cı ildə "Arsenal"ın başına keçdikdən sonra 3 dəfə Premyer Liqanı, 7 dəfə isə FA Kubokunu qazanan Venger Şimali London klubunun ən uzun müddət işləyən və ən uğurlu məşqçisi hesab olunur:

"Rəqabət üçün darıxıram. "Arsenal" üçün də darıxıram, çünki ürəyim orada qalıb. 22 il boyunca həyatımı, hər dəqiqəsini bu kluba həsr etmişəm. Klub daxilində formalaşdırdığımız dəyərlər üçün darıxıram. "Topçular"ı dəstəkləyirəm. "Arsenal" həmişə mənim klubum olaraq qalacaq".

Venger klubdan ayrıldıqdan sonra "Arsenal"ın matçlarında iştirak etməyib. Mayın 29-da Azərbaycanın paytaxtı Bakıda "Çelsi" ilə oynanılacaq Avropa Liqasının final görüşünü də televiziya qarşısında izləyəcək.

Amma o, azarkeşlərin nəqliyyat problemlərini və "Arsenal"ın yarımmüdafiəçisi Henrix Mxitaryanın Ermənistan və Azərbaycan arasındakı problemlər səbəbindən finalda iştirak etməmək qərarını əsas gətirərək, ev sahibi seçimi ilə bağlı narazılığını dilə gətirdi:

"Bu, azarkeşlər üçün kabusdu. Komandaların heç bir problemi yoxdu. Onlar ideal şəraitdə yaşayırlar. Şəxsi təyyarələri var, biznes-klasssda səyahət edirlər. Amma azarkeşlər üçün vəziyyət eyni deyil.

Mxitaryanın situasiyası isə futbolda olmamalı olan bir şeydi. 2019-cu ildə demokratiyanın bu qədər inkişaf etdiyi Avropada siyasi səbəblərdən kiminsə oynaya bilməməsini normal hesab etmirəm".

Avropanın hər iki klub turnirində də ingilis finalı izləyəcəyik, çünki "Liverpul" və "Tottenhem" Çempionlar Liqasının finalında qarşı-qarşıya gələcəklər.

Venger bunun səbəbini ingilis klublarının gördükləri işlərin keyfiyyəti ilə əlaqələndirməklə yanaşı, bəzi Avropa nəhənglərinin heyətinin yaşlı olmasını da faktor kimi görür:

"Əvvəllər Avropada dominantlıq edən komandaların – "Real", "Barselona", "Bavariya", "Yuventus" – hamısı çökmüş vəziyyətdədi. PSJ-nin bu il Çempionlar Liqasını qazanmaq üçün yaxşı imkanı var idi. Digər dominant klubların yaş ortalaması olduqca yüksəkdi. Onlar komandalarını yeniləməyə məcburdular. Fərq yarada bilən oyunçuların artıq yaşı keçir. Bu səbəbdən də bu yay çox maraqlı "transfer pəncərəsi"nə şahidlik edəcəyik".

 
Sport7.az

OXŞAR XƏBƏRLƏR