"Arsenal"dan Bakıdakı finalla bağlı bəyanat: "Baş verənlər qəbuledilməzdi"

"Arsenal" Avropa Liqasının Bakıda keçiriləcək final matçı ilə bağlı bəyanat yayıb.

London klubunun bəyanatında finalın nəqliyyat məhdudiyyəti olan yerlərdə keçirilməsinin düzgün olmadığı və "topçular"ın azarkeşləri üçün ayrılan 6 min biletin az olduğu xüsusi vurğulanıb:

"Avropa Liqasının finalında olmaqdan böyük məmnunluq hissi duyuruq və səbirsizliklə mayın 29-da "Çelsi" ilə oynanılacaq matçı gözləyirik.

Bununla belə, nəqliyyat məhdudiyyəti səbəbindən UEFA-nın 60 mindən artıq azarkeş tutumuna malik stadionda "Arsenal" azarkeşləri üçün maksimum 6 min bilet ayırması faktı bizi çox məyus edir. Səfərin çətinliklərini nəzərə alsaq, 6 min "Arsenal" azarkeşinin hamısının oyunda iştirak edib-etməyəcəyini zaman göstərəcək.

45 min abonementimiz var. UEFA-nın nəqliyyat təminatı məhdud olan məkan seçməsi səbəbindən onların əksəriyyətinin matçda iştirak etməməsi düzgün deyil. Reallıq budu ki, finala çıxan klublar azarkeşlərinin tələbini qarşılaya bilmirlər.

Bu məsələ ilə bağlı azarkeşlərdən çoxlu şikayətlər almışıq və onların narahatlığını bölüşürük. Azarkeşlərimiz adından final oyunları üçün məkan seçimi baxımından hansı kriteriyaların nəzərə alındığını öyrənmək və prosesin gedişində fanatların tələblərinin nəzərə alınıb-alınmadığını bilmək istərdik.

UEFA-ya finalların oynanılacağı yerlərin müəyyənləşdirməsi zamanı azarkeşlərin tələblərini, o cümlədən logistika məsələlərini nəzərə almağı tövsiyə edərdik. Bu mövsüm baş verənlər qəbuledilməzdi və təkrarlanmamalıdı. Belə halların baş verməməsi üçün gələcəkdəki müzakirələrdə iştirak etməkdən məmnunluq duyarıq".

Qeyd edək ki, mayın 29-da "Çelsi" və "Arsenal" klubları arasında oynanılacaq final görüşünə Bakı Olimpiya Stadionu ev sahibliyi edəcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR