"Arsenal"ın kanalı haqqımızda reportaj hazırlayıb" - MÜSAHİBƏ

Bildiyiniz kimi, Sport7.az saytı ölkəmizdə fəaliyyət göstərən Avropa klublarının rəsmi fan-klublarına da tribuna ayırıb.

Bu dəfə "Arsenal"ın fan-klubunun rəsmisi Sərdar Cabarov ilə söhbətləşdik. 
 


- Sizi yaxından tanıyaq...
- Sərdar Cabarov. 27 yaşım var. 2000-ci ildən İngiltərənin "Arsenal" klubunun azərkeşiyəm. Bu kluba və ümumiyyətlə futbola sevgimi Terri Anri yaradıb. "Arsenal" rəsmi fan-klubunun rəhbər şəxslərindən biriyəm. Həmçinin fan-klubun rəsmi sosial media səhifələrinin idarəçisiyəm. Əlbəttə ki, fan-klubun yaranması bir nəfərin təşəbbüsü deyil. Bu işdə digər idarəçi yoldaşlarımızın da əməyi böyükdür.

- Fan-klub nə vaxtdan fəaliyyət göstərir?
- Rəsmi fan-klubumuz 2016-cı ildən etibarən fəaliyyət göstərir. 100-dən çox üzvümüz var. Fan-klub eyni zamanda Qafqazın yeganə "Arsenal" fan-klubudur.   


- Klubdan fan-klubunuza dəstək varmı?
- "Arsenal"ın istər ev oyunlarında, istər səfər oyunlarında fan-klub üçün xüsusi biletlər ayrılır. Həmçinin komandamızın Portuqaliyada "Sportinq" (Lissabon) ilə oyununu fan-klubumuzun üzvü birbaşa canlı olaraq izləmişdir. "Qarabağ" - "Arsenal" qarşılaşmasında digər ölkələrdəki fan-klublardan ölkəmizə qonaq gəlmişdilər və nümayəndələrlə görüş keçirilmişdir. "Arsenal"ın rəsmi TV kanalı "AFTV media" ölkəmiz və fan-klubumuz haqqında geniş reportaj hazırlamış, rəsmi youtube kanallarında yayımlamışdılar.

- Fan-klubun görüş yeri var?
- Görüş yerimiz və oyunları izləməyə üstünlük veridiyimiz məkan "Half Way Inn”dir. İngiltərə Premyer Ligasının digər böyük klublarının azərkeşləri ilə dəfələrlə derbi və önəmli qarşılaşmaları rəqib azarkeşlərlə bərabər izləmişik. Həmçinin həftəsonları NFK ligada (Bakıda fəaliyyət göstərən fan-klubların mini futbol turniri) mübarizə aparan "ASC Arsenal" komandamıza dəstək olmaq üçün görüşürük. Elnur Vəliyevin məşqçilik etdiyi və Ziya Mirzəcanovun kapitanı olduğu komandamız ligada yüksək yerlər uğrunda mübarizə aparır.
 


- Hazırda komandanızın İngiltərə Premyer Liqasında çıxışını necə qiymətləndirirsiniz?
- Hər kəsə bəllidir ki, komandamız çempionluq şansını itirib. Hədəf ilk dördlüyə düşüb, iki il aradan sonra yenidən UEFA Çempionlar Liqasına vəsiqə qazanmaqdır. Həmçinin Bakıda keçiriləcək UEFA Avropa Liqası finalının qalibi olub, uzun aradan sonra avrokuboklarda uğurlu nəticə əldə etmək başlıca məqsəddir. Mövsümə ardıcıl məğlubiyyətlərlə başlasaq da, sonradan qazanılan nəticələri qənaət bəxş saymaq olar. 22 illik Arsen Venger dönəmindən sonra "Arsenal" Unai Emeri ilə yeni səhifə açdı. Nəzərə alsaq ki, ispan mütəxəssisin "Arsenal"da ilk mövsümüdü, komandada etdiyi dəyişikliklər növbəti illər üçün azərkeşlərdə çempionluq inamını daha da artırır. Bir "Arsenal" azərkeşi olaraq tək istəyim 2003-2004 mövsümündə olduğu kimi komandamı yenidən məğlub edilməz görməkdir.

- Fan-klubunuzun gələcək planları nədir?
- Biz fan-klub olaraq bu yaxınlarda uğurlu bir layihə həyata keçirdik. Ölkəmizin bayrağı və fan-klubumuzun loqosu "Emirates"də dalğalandı. "Arsenal"ın bu mövsüm bütün ev oyunlarında Azərbaycan guşəsi stadionda öz əksini tapacaq. Əlbəttə ki, planlarımız arasında fan-klubumuza yeni üzvlər qatmaq, Azərbaycanın adını ölkə hüdudlarından kənarda daha geniş şəkildə təbliğ etməkdir. 

Röya Kərimli
Sport7.az
 











OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR