"Artıq futbolda yeni sistemlərin kəşfi imkansızdı" - Lüsyan Favr (Müsahibə)

Hazırda Almaniya Bundesliqasında lider olan və Çempionlar Liqasında 1/8 finala yüksələn - Dortmund "Borussiya"sının baş məşqçisi Lüsyan Favrın "Socrates" jurnalının Almaniya bürosuna verdiyi müsahibə:
 
- Futbolda ən çox nəyi sevirsiniz?
- Topun özünü. Mən top aşiqiyəm. Topu görən kimi məndə onunla oynamaq istəyi yaranır. Bu gün belə, məşqlər zamanı özümü saxlaya bilmirəm. Mənim üçün top maqnit kimi bir şeydi. O, daim məni özünə çəkir.

- Sizcə, son 10-15 il ərzində futbolda nə dəyişib?
- O qədər də çox şey dəyişməyib. Düzülüşləri nəzərdə tutursunuzsa, onlar oyunun gedişinə görə nizamlanır. Məsələn, matça 4-3-3 düzülüşü ilə başladıqdan sonra, on dəqiqə ərzində 3-4-3 və ya 3-4-1-2-yə keçid edə bilərsiz. Bir neçə il əvvəl bu, belə deyildi. O zamanlar əksər hallarda 90 dəqiqə ərzində eyni düzülüşü qoruyub saxlayardılar. İndi isə artıq yeni sistemlərin kəşfi imkansızdı.

- Keçmişlə müqayisədə, oyun ərzində sistemlər niyə belə tez-tez dəyişir?
- Bir neçə səbəbi var. Artıq oyunçuların çoxu bir neçə mövqe üzrə təkmilləşib: cinah müdafiəçiləri irəli qanadlarda oynaya bilirlər, qanadlar daha çox mərkəzə meyil edirlər, dayaq yarımmüdafiəçiləri iki mərkəz müdafiəçisinin arasına çəkilir. Keçmişlə müqayisədə, ən böyük dəyişiklik isə hərəkətlə bağlıdı. Rəqibi təəccübləndirmək üçün sürətli və önə doğru hərəkət etməyə məcbursunuz. Oyun getdikcə daha hərəkətli forma hal alır. 60-cı illərdə bir oyunçu ortalama 4 km. qaçardı, bu gün isə futbolçular 12 – 14 km. arası qaça bilirlər.

- Artıq yeni sistemlərin kəşf edilmədiyini dediniz. Taktiki həmlələrə qarşılıq olaraq yeni əks-reaksiyaların verilmədiyi dönəm nə vaxtdan etibarən başlayıb? Sizcə, vəziyyət uzun müddətdi belədi?
- Ümumi yanaşsaq, işlərin 70-ci illərdəki kimi olduğunu demək olar, sadəcə, tək fərq bugünkü oyunun daha hərəkətli olmasıdı. Topu rəqibin cərimə meydançası yaxınlığında itirdikdən sonra mümkün qədər tez qazana bilmək üçün həmin andaca pressinq etmək lazım gəlir. Artıq bunu bir çox komanda edir. Əvvəllər belə deyildi.

- Məşqlər, oyunçu inkişafı və ya "x” bir şey – sizcə, oyunu təkmilləşdirmək adına hansı sahələrdə daha böyük boşluqlar var?
- Hələ də bir neçə belə sahə var. Futbolu daha da sürətli etmək üçün ilk növbədə oyun zəkasına sahib olmalısınız. Sonra, texnologiya məsələsi var. Eyni zamanda, tələblərə uyğun olmaq üçün ən yaxşı şərtləri təklif etməlisiniz. Düşüncəmə görə, ən böyük əskiklik texniki məşğələlərlə bağlıdı. Məncə, bir çox klub bu sahədə geri qalır. Məsələn, sürətli gələn topa nəzarət etmək və ardınca dərhal irəliyə doğru diaqonal ötürmə vermək – bu, hər oyunçunun bacardığı bir şey deyil. Bu detal üzrə təkmilləşsəniz, rəqibi təəccübləndirə bilərsiniz. Beləliklə, oyunu daha yaxşı və sürətli formaya daşıya bilərsiniz. Ya da rəqibi şoka salmaq üçün dikinə sürətli oynamaq – bu da sevdiyim şeydi. Müasir oyunçu iki ayağından da istifadə edə bilməlidi. Ən böyük çalışma imkanları isə, sözsüz ki, texnologiya sahəsindədi. Bu mənada inkişaf etdiriləsi çox şey var.

- Müasir futbolda top daşımaq hələ də gərəklidi?
- Əlbəttə, yaxşı top daşımaq qabiliyyəti ilə hələ də fərq yarada bilərsiniz. Birə-bir və ya ikiyə-birlərdə ustalaşan oyunçulara, Robben və Riberi nümunəsinə baxın. Belə futbolçular çox önəmlidilər, əks halda futbol sıxıcı olar. Sadəcə ötürmə vermək o qədər də baxımlı deyil. Buna görə də, məşqlərdə top daşımağın önəmindən bəhs edilməlidi. Oyunçunun topu daşıyaraq iki rəqibini geridə qoyması və ardınca yaxşı ötürmə verməsi – kollektiv oyunun məntiqi budu. Mənə görə, top daşıyan oyunçulara sahib olmaq vacibdi, çünki belə oyunçular həmişə fərq yaradırlar.

- Oyun və rəqib analizləri haqda nə düşünürsünüz? Oyunun texnologiyadan asılı və elmi formata keçdiyinə inanırsınız?
- Bu, həqiqətən də, mənim işim deyil. Oyunun bəsit qalması mənim üçün önəmlidi. Futbolu qarışıq formaya salmaq lazım deyil, əks halda izləyicilər uzaqlaşacaqlar. Oyunun daha sürətli oynanılması üçün lazım olan tək şey texniki detallardı. Texniki baxımdan bacarıqlarınız məhduddusa, ən üst səviyyədə davam etmək baxımından problemlərlə üzləşəcəksiniz. Bunun üçün daha tez sezməyi və reaksiya verməyi öyrənməlisiniz. Məsələn, bu gün belə, havadan gələn topu saxlamaqda çətinlik çəkən futbolçular var.

- Siz eyni zamanda, oyun hazırlıqları zamanı video-analizlərə geniş yer verən birisiniz. Bunun səbəbi nədədi?
- Heç bir şeyi şansın ümidinə buraxmamaq. Video-analizlərdə ən önəmli məsələ son matçımızı detallı analiz etməkdi. Bu sayədə bir çox şeyi inkişaf etdirə bilərsiniz. Ardınca rəqib analizi gəlir: necə oynayırlar, güclü və zəif tərəfləri nələrdi? Bir oyundan 5:0 qalib ayrılsanız belə, fərdi və komanda olaraq inkişaf etmək üçün analiz edilməli detallar olur.

- Oyunun gedişindəki məşqçilik bacarığı doğrudan da önəmlidi, yoxsa məsələ bir az şişirdilir?
- Əlbəttə ki, önəmlidi. Ancaq eyni zamanda, məşqçinin həftə ərzində komanda ilə birlikdə rəqibin oyun tərzinə uyğun hansı çalışmaları etdiyi də həmişə önəm ərz edəcək. Matç günü də vacibdi: motivasiya, fasilədəki danışıq və s. Oyunun gedişində isə xüsusilə də taktika ilə bağlı detalları gözdən qaçırmaq olmaz. Ona görə də, oyun əsnasındakı məşqçi qabiliyyəti şişirdilmiş bir şey deyil. Doğru zamanda doğru dəyişiklikləri etmək çox önəmlidi.

 

- Ümumiləşdirsək, bir məşqçi üçün ən gərəkli şey nədi?
- Oyunla bağlı hər parametrə sahib olmaq. Oyunçularla, həmkarlarla, rəsmilərlə, tabeçiliyində olan işçilərlə, hakimlərlə, tibb işçiləri və media ilə münasibətlər... Hər an işə nəzarətin əlinizdə olduğunu hiss etməli, oyunçularla necə anlaşmalı olduğunuzu bilməlisiniz. İşin insan tərəfi hər şeydən önəmlidi.

- İmprovizasiya günlük məşqlərinizdə önəmli rol oynayır?
- Sezmə qabiliyyətinin önəmli olduğunu deməyə daha çox üstünlük verirəm. İmprovizasiya çətindi, ondansa planlaşdırmaya daha çox vaxt ayırıram.

- Məşqlər zamanı futbolçularınızın sıxıldığını düşündüyünüz olur?
- Bunun qarşısını almaq da məşqçilərin öhdəliklərindən biridi. Məşğələlərin çeşidli olması üçün müəyyən kreativlik ortaya qoymalısınız. Əlbəttə ki, bu da günlük çalışmalarımızda önəmli yer tutur. Bununla yanaşı, bir məşqçi kimi, hər gün yeni şeylər öyrənməyə çalışmalısınız. Bu, futbolçularla münasibətlərinizə dair bir şey də ola bilər, oyunun texniki tərəfindəki bacarıqlarınızın inkişafı baxımından da. İnkişafdan qalmamaq üçün daim özünüzü sorğulamalısınız. Əks halda, uzunmüddətli uğur qazanmaq mümkün deyil. Həmçinin maraq dairəsini böyütmək də vacibdi. Öz adıma danışıram, həmişə Fransa, İngiltərə, İspaniya, Almaniya, İtaliya, Portuqaliya və İsveçrə liqalarını yaxından izləmişəm. Sadəcə Avropada deyil, digər qitələrdəki məşq modellərini analiz etməyə çalışıram. Daim kəşf ediləcək yeni bir şey var. Həmişə çox "ac" və yeniliklərlə maraqlanan biri olmuşam.

- 1980-cı illərin sonlarında, Karl Haynts-Rummeniqqe ilə birlikdə "Servett”də eyni otağı paylaşdığınız dönəmlərdə bir gün məşqçi ola biləcəyinizi düşünürdünüz?
- Tam olaraq yox. Ancaq onunla məşqçimizin potensial taktiki düzülüşü və rəqibin necə oynayacağı barədə çox danışardıq. Oyunçu olsaq da, bir çox taktiki mövzu ilə maraqlanırdıq.

- Məşqçiliyə necə başlamısınız?
- 1991-ci ildə 34 yaşım olarkən artıq futbolçuluqdan sonrakı karyeramı planlaşdırmağa başlamışdım. İlk başda aşağı yaş qruplarında çalışmağa başladım və işi sevdim. Bu, karyeramın geri qalan hissəsi üçün önəmli idi. Ardınca üçüncü liqa komandasının başına keçdim və belə-belə davam etdim. Oyunçuların 32-33 yaşlarda gələcəkləri barədə düşünməsi çox vacibdi. Bu gün bir futbolçunun karyerası ortalama 10 il davam edir, yəni hadisələr çox sürətli cərəyan edir. Qatarın uzaqlaşmaması üçün gələcəyinizə hazırlıqlı olmalısınız. Futbolçu kimi sadəcə karyeranızı düşünüb gələcək barədə fikirləşmirsinizsə, işiniz çətindi. Bu, hamıya aiddi.

- Gün ərzində neçə saat çalışırsınız?
- Gündə neçə saat çalışdığımı hesablamıram. İşim mənim üçün əyləncədi. Məşqçiliklə bağlı ən çox sevdiyim şey isə otun üzərində keçirdiyim anlardı. Darıxsaydım, gündə neçə saat çalışdığımın hesabını tutardım.

- Ömrünüzün sonuna qədər çalışacaqsınız, yoxsa bir gün təqaüdə çıxmaq fikriniz var?
- Təbii ki, karyerama bir gün son verəcəyəm. Ancaq bu, futbolla əlaqəmin tamamilə kəsiləcəyi anlamına gəlmir. Topsuz bir həyat mənim üçün çətin olar. Ona görə də, topa olan sevgim həmişə davam edəcək.

- Yaxşı məşqçi olmaq üçün yaxşı futbolçu olmaq vacibdi?
- Bu mövzuda hər cür nümunə var. Arriqo Sakki futbolçu kimi, normal karyeraya sahib olmadan "Milan”a yeni oyun tərzi bəxş etdi. Öndə rəqibə pressinq edən 4-4-2 sistemini yaratdı. Oyunçu kimi tanınmayan, amma məşqçi kimi adından söz etdirən bir çox mütəxəssis var. Yaxşı futbolçu keçmişinə sahib olanların məşqçilikdə fərqli üstünlükləri olur. Ancaq böyük futbolçu olmayanlar da sadəcə nəzəri biliklərlə kifayətlənmirlər. Onlar komandaları ilə böyük uğurlar qazana bilirlər. Çox nümunə var. Hər halda, kifayət qədər bacarıqları olmasa, məşqçi kimi ən üst səviyyədə uzun müddət davam edə bilməzlər. Tam tərsini də deyə bilərik: oyunçu kimi hər şeyi bacarmaq təkbaşına sizin yaxşı məşqçi olmağınıza yardımçı olmur. Bunu ancaq zamanla haqq edə bilərsiniz. Bundesliqada hazırda bir çox gənc mütəxəssisin pozitiv mənada sürprizlərə imza atması futbolun inkişafı adına yaxşı bir şeydi.

- Sizin üçün ilham mənbəyi olan məşqçilər varmı?
- Mənə ən çox ilham verən məşqçi Yohan Krayfdı. Həmçinin Arsen Venger və Kristian Qurküffü də bəyənirəm. Sonuncu ilə mən "Nis"də, o isə "Renn"də işləyəndə yaxşı əlaqələrimiz var idi. Aşağı yaş qruplarında çalışdığım zamanlarda boş vaxtlarımı müxtəlif məşqçilərin məşqlərinə qatılmağın yollarını axtarmaqla keçirərdim. Məsələn, Vengerin "Arsenal"dakı ilk məşqlərini yerindəcə izləmək imkanım olmuşdu. Belçika yığmasını çalışdırdığı illərdə Raymon Qutalsın, "Bavariya"da Ottmar Hitsfeldin və ən önəmlisi - 1993-cü ildə Barselonada Yohan Krayfın qonağı olmuşdum. İki həftə orada qalmışdım. Amma ondan öncə də Yohanın çalışmalarını, futbolçularını necə qüsursuz hala gətirdiyini, toplu və topsuz oyunla bağlı öyrətdiklərini, uzaqgörənliyini, bir sözlə, onunla bağlı ağlınıza gələ biləcək hər şeyi araşdırmışdım. Eyni zamanda, Braziliya millisini çalışdırdığı illərdə Tele Santananın da üzərimdə böyük təsiri olmuşdu. Əla məşqçi idi.
 


- Bildiyim qədərilə, Pep Quardiolanın işini də yüksək qiymətləndirirsiniz...
- Krayfın bugünkü davamçısı Pepdi. 1993-cü ildə - "Barselona"nın məşqlərini yerindəcə izlədiyim dönəmdə komandanın yarımmüdafiədəki beyni o idi. Meydanda çox ağıllı qərarlar verərdi. Futbolçunun oyun zəkası nə qədər yüksəkdisə, gələcəkdə yaxşı məşqçi olmaq ehtimalı da bir o qədər yüksəkdi. 2016-cı ilin fevralında Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Bavariya" və "Yuventus" arasında oynanılan və 2:2 hesabı ilə bitən matçın ilk 60 dəqiqəsi yaxşı xatirimdədi. İrəlidəki inanılmaz təzyiq sayəsində tam bir saat "Yuventus"a top verməmişdilər. Eyni zamanda, Quardiola oyunun gedişində sistem dəyişdirmişdi. Məşqçi kimi ən yaxşılardan olduğuna şübhəm yoxdu.

- Sizcə, Pep pas oyununu şişirtmir?
- Mənim kimi, o da təməlində ötürmələr olan oyun sisteminə önəm verir. Ancaq sadəcə topa sahib olmaq xətrinə topa sahib olmaq mənim diqqətimi çəkmir. Topa sahib olarkən çox hərəkət etməli, hərəkətlərinizi sizi qola yaxınlaşdıracaq zonalara daşımalısınız. Quardiola kimi, məni də topa sahib olma oyununun tərəfdarı saya bilərsiniz.

Tərcümə: Rüfət Məcid (sport7.az)

Xəbər lenti