"Artıq gözümdən yaş gəlmir" - Milyonda bir rast gəlinən xəstəliklə mübarizə aparan "Liverpul"lu futbolçu

Daha çox "Liverpul" və "Nyukasl"dakı oyunu ilə tanınan Xose Enrike müntəzəm olaraq onu narahat edən diz zədəsi və onun yaratdığı mental problemlər səbəbindən 31 yaşında karyerasını bitirib. Bir müddət qardaşı ilə birlikdə futbolçu təmsilçisi kimi çalışmağı yoxlasa da, sonradan daha çox meydanın daxilində olmaq istədiyinin fərqinə varır:

"Futbolçu olmaq, özünü komandanın parçası hiss etmək, hər gün 25 nəfərlə məşq etmək, zarafatlaşmaq, oynamaq... – bütün bunlar üçün darıxırdım. Oyunçuların əksəriyyəti karyeralarını bitirdikdən sonra reallığı dərk etməkdə çətinlik çəkirlər. Xüsusilə də ilk aylar çox çətindi”.

2018-ci ildə, günlərin bir günü Enrike "Nyukasl”da rəhbərliyi altında oynadığı Kris Hyutonla (hazırda "Brayton"un baş məşqçisidi) görüşmək qərarına gəlir. Hyutonun adı onun ən çox sevdiyi futbol adamlarının siyahısında, bəlkə də, ən üst sırada gəlir. Xose həm də görüş əsnasında futbolun daxilində özü üçün potensial bir iş imkanının olub-olmadığını öyrənmək istəyirdi. Məkan, yeməklər, söhbət... – hər şey əla olsa da, gecə davam etdikcə Enrikenin halı pisləşir. Nəticədə, gün boyu onu narahat edən başağrısı vəziyyəti çıxılmaz edir:

"Oradakı işıqlar, həqiqətən də, gözlərimi narahat edirdi. Qardaşım miqrendən şübhələnirdi. Həmin gecə yatmağa çalışsam da, başımın içi "partlayırdı”. Hər şey bir-birinə qarışmışdı və mən bu situasiyanın öhdəsindən gələ bilmirdim. Odur ki, həkimi otel otağına çağırdım. Yatmağım üçün mənə dərman verdi və ağrılar davam edəcəyi təqdirdə yoxlanış üçün xəstəxanaya yaxınlaşmağımı məsləhət gördü. Yuxudan oyananda sol gözüm düz-əməlli görmürdü. Qardaşıma dedim: "Yaxşı deyiləm. Qorxuram və  xəstəxanaya getməliyəm”.

Enrikenin həyat yoldaşı Emi ailəlikcə Parisdəki "Disneylend”i ziyarət etmək planları qururmuş. Əvəzində, onlar özlərini xəstəxanada tapırlar. Yoxlama ardınca yoxlama, həkimlər əvvəlcə beyindaxili qanaxmadan şübhələnirlər. Dəqiqləşdirmək üçün test nəticələri başqa bir xəstəxanaya göndərilir. Enrike o anları belə təsvir edir:

"Mənə qanaxma olmadığını dedilər. Adətən, kəllə və onurğada müşahidə edilən, xordoma adlı şişdən bəhs etdilər. Milyonda bir rast gəlinən bir şey imiş. Dedilər ki, ola bilər, şiş gənc yaşlardan etibarən var imiş, sadəcə, son illərdə böyüməyə başlayıb. Bədxassəli şiş idi. Sinirə təzyiq etdiyindən, sol gözüm, demək olar ki, görmürdü. Cərrahiyənin mütləq olduğunu deyən həkimlər mümkün olduğu qədər qısa müddət ərzində əməliyyat girməyimi məsləhət gördülər. Çünki şişdən söhbət gedirdi, nə qədər uzun müddət qalsa, o qədər çox zərər verəcəkdi.

"Öləcəm” - bədxassəli şiş olduğunu öyrənəndə ağlına ilk gələn şey bu olur. Futbolçusansa, daim qeydinə qaldığın üçün gümrah və toxunulmaz olduğunu düşünürsən. Və sonra ortaya belə bir şey çıxır. Həqiqətən də qorxurdum. Əməliyyatdan sonra radioterapiya, kimyəvi üsulla müalicə və ya proton terapiyasının şərt olduğunu deyirdilər. Emi də qorxurdu, ancaq məni sakitləşdirmək və pozitiv qalmağıma yardımçı olmaq üçün fərqli davranırdı. Onun sayəsində şişlə mübarizə aparmağa, əməliyyata girməyə özümdə güc tapdım”.

Enrike artıq əməliyyat olunub və hazırda Fransanın paytaxtı Parisdə proton terapiyası ilə müalicəsini davam etdirir. Proseslərin nəticəsi olaraq, artıq onun gözündən yaş gəlmir:

"Çox böyük riskə getdim. Xoşbəxtlikdən, özümü yaxşı səhiyyə sisteminə etibar etmişdim. İndi isə Parisdə proton terapiyasından keçirəm. Nəticədə, artıq gözüm yaş istehsal edə bilmir”.

Enrike xəstəliklə mübarizə apararkən əvvəllər fərqində olmadığı özəlliyini kəşf edib: "Belə pozitiv biri olduğumu bilmirdim. Şişlə mübarizə sayəsində bunu öyrəndim. Amma təbii ki, arada pis günlərimiz də olub. Önəmli olan məni sevən insanların əhatəmdə olması idi”.
 






Rüfət Məcid

Sport7.az

Xəbər lenti