"Aşağı qiymətə kiməsə verib dağıtmağa ehtiyac yoxdu" - "Əlincə"nin İcraçı Direktoru

"Əlincə"nin stadionu Azərbaycanda tək-tük yüksək səviyyəli bazalardan hesab olunur. Şübhəsiz, bunun da əsas səbəblərindən biri meydançanın təbii ot örtüyünə malik olmasıdı. Bundan əlavə kommunal şərait və sair də öz yerində. 

Məlum olduğu kimi ötən il "Neftçi", "Qəbələ" kimi bir sıra klublar bu stadiondan yararlanırdı. "Neftçi", hətta ev oyunlarını burada keçirirdi. Amma bu il nədənsə "Əlincə"nin meydançasından istifadə etmək istəyənlər hələ ki, yoxdu. Yəni müraciət edənlərin sayı çox azdı. Xüsusən də birinci divizion klublarının qiymətlərin bahalığından şikayətləndiyi deyilir.

Bir ara "Əlincə" birinci divizionda da iştirak etmək istəyirdi. Amma sonradan rəhbərlik qərarını dəyişib müəyən müddət ərzində, uşaq futboluna diqqət ayırmağı düşündü. Amma belə şəraiti olan klubun nəinki birinci divizionda, hətta Premyer Liqada oynamaq şansı böyükdü. Ən azı buna cəhd göstərilməlidi. 

Bu kimi məqamlara aydınlıq gətirmək üçün klubun İcraçı Direktoru Ceyhun Abbasovla danışdıq. Ceyhun bəy Sport7.az-a açıqlamasında qaranlıq qalan məqamlara toxundu.

- "Əlincə"də hazırkı durum necədi? Akademiyada neçə komanda var?

- Hazırda 4 komandamız var. Onlardan ikisi hazırlıq mərhələsindədi. Digər iki, 11 və 13 yaşlılardan ibarət komandalarımız çempionatlarda iştirak edir. Stadionda, klubun bazasında da hər şey əladı. 

- Bir ara birinci divizionda iştirak etmək istəyirdiz. Amma sonradan rəhbərlik bu qərardan daşındı. Hələ də belə fikriniz var?

- Əlbəttə fikrimiz var. Bu boyda baza, şərait nə üçün yaradılıb? Nəinki birinci divizion, Premyer Liqada oynamaq da nəzərdə tutulmuşdu. Amma bütün klublarda olduğu kimi, bizdə də problemlər var. Amma düşünürəm ki, yaxın illərdə, ola bilər, hətta gələn ildən birinci divizionda iştirak edək. Nəzərdə tutulub və fikrimcə olacaq. Bu boyda baza futbolun inkişafı üçün yaradılıb.

- Düzdü, gözəl şərait yaradılıb, hətta meydançanı başqa klublara da icarəyə vermək olar. Amma heç kim istifadə etmək istəmir. Məsələn birinci divizion klubları qiymətlərin bahalığından şikayətlənirlər...

- Baha deyəndə, bilirsiz ki, təbii ot örtüyünü saxlamaq üçün nə qədər pul sərf olunur. Üstəlik kommunal xərclər də bəllidi. Aşağı qiymətə kiməsə verib dağıtmağa ehtiyac yoxdu axı. İndi kim istəyər ki, baha olsun? Hamı nəyisə aşağı miqdarda əldə etmək istəyir. Bu da indiki durumda bizə sərf etməz. Gələn də gəlib istifadə edib. Məsələn 10 gün əvvəl "Vətən" klubu gəlib təlim-məşq toplanışı keçib. Fikrimcə, baha deyil. İşçi saxlayırsan, kommunal xərclər var, bunlar hamısı şərtdi. Baha heç nə yoxdu. Hətta, digər təbii ot örtüklü stadionlarla müqayisədə bizdə qiymətlər ucuzdu ki, baha deyil. 

- Başqa müraciət edən klublar olur?

- Bəli var. Premyer Liqa klublarından müraciət edənlər də olub. O cümlədən birinci divizion və həvəskar liqa komandaları da müraciət edirlər. Oyunlar da keçiriblər. Bildiyiniz kimi, keçən il də "Qarabağ", "Qəbələ", "Neftçi" Premyer Liqanın final mərhələsinin oyunlarının demək olar ki, 90 faizin burda keçirdilər. 

- Görünür bu il müraciət edənlər azdı...

- Yəqin ki, özlərinin şəraiti, meydançaları var. Burda qeyri-adi bir şey yoxdu. Kim istəsə buyurub gələ bilər. Elə komandalar olub ki, gəlib məşq ediblər, amma onlardan təmənna gözləməmişik. Rəhbərimiz Hacı Məhərrəm onlardan pul istəməyib. Təbii ki, bütün şərait onun sayəsində yaradılıb. Bu Azərbaycan futbolunun inkişafı üçün məqsədyönlü işdi. 

- Sirr deyilsə bilmək olar, meydançada bir oyunun və ya məşqin qiyməti nə qədərdi?

- Konkret rəqəm deyə bilmərəm. Çünki müraciət edirlər, danışıqlar olur və ortaq məxrəcə gəlinir. Bu fikirlərə baxır. 

- Hazırda meydançanın durumu necədi?

- Çox əla və yüksək səviyyədədi. 

- AFFA ilə əlaqələr necədi. Heç əməkdaşlıq etmək, məsələn aşağı yaş qrupları üzrə liqaların hansısa oyunlarını keçirmək üçün qurumdan sizə müraciət olunub?

- AFFA rəhbərliyi ilə əlaqələrimiz əladı, yaxşıdı. Aşağı yaş qrupları üzrə liqaları ilə bağlı müraciətlər olmur. Olsa da, canla-başla razıyıq, gəlsinlər istifadə etsinlər.

Sport7.az

Xəbər lenti