Asif Əsgərov:

Asif Əsgərov: "Öz azarkeşlərinə bir, bizimkilərə isə başqa qiymətə bilet satıblarsa..."

"Qarabağ"la oyunöncəsi "Neftçi" matçın biletləri ilə bağlı gözlənilməz qərar qəbul etdi. Nə qədər absurd görünsə də paytaxt klubu mövsümün son ev matçında biletlərin qiymətini 50 manat məbləğində müəyyənləşdirdi. 

Təbii, bu düşüncənin məqsədi o idi ki, xüsusən də rəqib azarkeşlər baha qiymətə bilet almasın və gəlib "Neftçi"nin ev oyunlarını qəbul etdiyi "Bakcell Arena"da sevimli komandalarının artıq rəsmiləşən çempionluğunu canlı şəkildə izləyə bilməsinlər. Ancaq "Neftçi" tərəfinin bu arzusu gözündə qaldı. Belə ki, "Qarabağ" 700-ə yaxın bilet alıb öz azarkeşlərinə payladı və onların da stadiona gəlməsinə şərait yaradaraq, rəqib meydanında çempionluğu necə lazımdı qeyd etdi. 

Bəs bu bilet təşəbbüsü necə ortaya çıxdı? Sualımıza klubun meneceri Asif Əsgərovdan cavab aldıq. Əsgərov Sport7.az-a açıqlamasında bunları söylədi: "Təşəbbüs deyildi. Biz onlardan bilet istəmişdik. Hər dəfə bildirdilər ki, çap olunur. Oyun günü də öyrəndik ki, biletlərin qiyməti 50 manat imiş. Şənbə günü olduğu üçün heç olmasa köçürmə yolu ilə vermək istədik. Ancaq dedilər ki, pullar nağd verilməlidi. Təklif etdik ki, müqavilə bağlayaq və biletlərin pullarının ödəniləcəyinə təminat verək. Bununla da razılaşmadılar. Bütün bunlara rəğmən sevinirik ki, azarkeşlərimizin oyuna gəlməsini təmin edə bildik. Nağd 700 ədəd bilet aldıq. Ola bilsin öz hesablarına da bilet alıb oyuna gələnlər də vardı. Stadiona xeyli adam gəlmişdi". 

Bizdə olan məlumatlara görə "Neftçi" biletlərin qiymətini 50 manat müəyyənləşdirsə də öz azarkeşlərinə pulsuz və ya çox ucuz, əsələn simvolik olaraq 1 manata paylayıb. Bəs bu nə dərəcədə doğrudu? Əsgərovun reaksiyası belə oldu: "Neftçi"nin öz azarkeşlərinə bilet satıb-satmadığını dəqiq bilmirəm. İnandırıcı görünmür, hər halda öz işləridi. Öz azarkeşlərinə bir, bizimkilərə isə başqa qiymətə bilet satıblarsa bu qanun pozuntusudu. Yəqin ki, necə edəcəklərindən asılı olmayaraq, öz azarkeşlərinin də biletlərinin üzərinə 50 manat yazıblar. Şikayət edə bilərdik. Amma heç zaman pislik etməyi düşünmürük".
 
Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR