Aslan Kərimov:

Aslan Kərimov: "Onlar doğulandan hava toplarının ustaları olurlar"

"Qarabağ"ın sabiq müdafiəçisi Aslan Kərimov "Lifild"lə haqda düşüncələrini bölüşüb.

Mütəxəssis Sport7.az-a açıqlamasında komandanın oyununu incələyib, çatışmazlıqlardan danışıb və subyektiv yanaşmalarını bildirib: "Əslində burda oyun analizi cəhətdən problem yoxdu. Əvvəlki müsahibələrimdə demişdim ki, "Qarabağ"ı standart vəziyyətlər zamanı təhlükələr gözləyir. Onsuz da bu onların ən zəif nöqtələrindən biridi. Qurban Qurbanov və köməkçiləri də bunları bilirdilər. Əminəm ki, futbolçulara da məlumat vermişdilər. Oyun zamanı dominantlıq edən, çox sayda qol vəziyyətləri yaradan tərəfdə də "Qarabağ" idi. Əməlli-başlı kəmiyyət vardı. Ən azı 5 qol imkanı yaratdılar. Hələ mən uzaqdan zərbələr, standart vəziyyətləri saymıram. Cərimə meydançası daxilində yaradılan, qapıçı ilə təkbətək qalınan qol situasiyalarını nəzərdə tuturam. İki dəfə top dirəkdən qayıtdı, qapıçı bir neçə təhlükəni sovuşdurdu və əyri alınan zərbələr oldu. Məşqçilərin istədikləri budu. Ancaq sonluğu qoyanlar futbolçulardı. Yəni istəyirsən analiz et, ya da etmə, bu, bacarıq məsələsidi. Analizə əsaslanan bir şey deyil. Hə, qol vəziyyətləri yarada bilməsəydilər o başqa. Bəzi oyunlar olur ki, "Qarabağ" çox top saxlayır, lakin rəqib müdafiəsini yara bilmir. "Linfild"lə oyunda isə belə qıtlıq görmədik. Məncə, bu analiz məsələsi deyil, Dino Ndlovu tipli bir hücumçunun olmaması ilə əlaqədardı".

"Qarabağ" hücum problemini yoluna qoymaq üçün Maqaye Qeyeni transfer edib. Bəs Aslan bəy fransız hücumçu haqda nə düşünür?: "Tarixçəsinə baxanda, kifayət qədər yaxşı futbolçu olduğu görünür. Amma hal-hazırkı vəziyyətdə o, Dino deyil. Dani, Zubir, Almeyda, Miçel qədər hələ ki, "Qarabağ"a xeyir vermir. Sonra nə olacağını demək çətindi, bəlkə də açılacaq, ancaq hazırda o səviyyədə deyil".

Zubir, Miçel və "Qarabağ"ın digər aparıcı üzvləri istədiklərini edə bilmədi. Bəs Kərimov bunun səbəblərini nədə görür?: "Deməzdim ki, istədiklərini edə bilmədilər. APOEL-lə oyunda, məsələn Zubir topu cinahda qəbul edib 1-2 futbolçunu keçirdi. Elə "Linfild"lə də oyunda Zubir cinahdan "dənləyə-dənləyə" gedirdi. Amma sonluğu qoya bilmirdilər. Nöqtəni qoyan yox idi. Zubir əla oyunçudu, hər dəqiqə qol vurduğunu görməsək belə. Zubir o vaxt xeyir verir ki, özünə iki oyunçunu cəlb edir. Müdafiədə bir futbolçunu keçirsənsə rəqib komandanın sıraları daralmış olur. Müdafiə xətti tamamilə dağılır, çünki top itirən oyunçunu kimsə sığortalamalıdı. İkinci futbolçunu keçirsənsə, tamailə hər şey darmadağın olur. Ötürmə verirsən və qoleador son nöqtəni qoyur. Belə deyək, Zubir işin 50-70 faizini görür, amma hücumu qolla bitirən olmur. Özü vurmaq istəyirdi alınmırdı, ötürmə verdiyi futbolçular da nöqtəni qoya bilmirdi. Əsas məsələ oyunçuların performansının zəif olması deyil, qol vuran hücumçunun yoxluğu idi. Sözsüz ki, bu subyektiv fikirdi. Komandanın içində olmaya-olmaya belə iddialar etməyim düzgün deyil. Kənardan görünəni deyirəm".

Veteran futbolçu "Linfild"in yalnız hava toplarında üstün olduğunu bildirdi: "Heç bir komponentin adını çəkə bilmirəm. Sözsüz ki, sona qədər oynamaq lazımdı. Britaniya komandalarının istər peşəkarları, istər həvəskarları olsun daim sona qədər mübarizə aparmağı bacarırlar. Bu onlara xas xüsusiyyətdi. Onlar doğulandan hava toplarının ustaları olurlar. Artıq genetikdi. İstifadə etdikləri də budu. 3-cü qol isə öz səhvimizdən sonra vuruldu. Əslində bunu da başa düşmək lazımdı. İstəyir Abbas, ya da başqa futbolçuları olsun, oyun praktikaları yoxdusa, meydana çıxan kimi onlardan yüksək performans gözləmək düzgün deyil. Nə vaxtsa onlar səhv edəcəkdilər və bunu da rəqib bağışlamadı".

Sabiq kapitanı "Qarabağ"ın Bakıda nəyə diqqət etməli olduğunu da bildirdi: "Desəm də, deməsəm də hamı bilir ki, əsas üstünlükləri standart vəziyyətlər olacaq və xoşbəxtliklərini bunda axtaracaqlar. Komanda şəklində üstümüzə gələ, irəlidə çoxala bilmirlər. Çünki bu halda daha çox qol buraxarlar. Hazırda hesab onların xeyrinədi, Bakıda heç-heçə oynasalar mərəhələni adlamış olacaqlar. Ona görə də dərindən müdafiə olunacaqlar. Uzaqbaşı bir, iki futbolçu ilə irəli gedərlər, ya getməzlər. İstər-istəməz "ağır artilleriyalarını", yəni, başla oynayan oyunçularını hücuma atacaqlar. Qol buraxsaq bizim işimiz xeyli çətinə düşə bilər. Diqqət edəcəyimiz məqamlar rəqibin əks-hücumları və standart vəziyyətlərdi. İstənilən halda inanıram ki, bu mərhələni keçəcəyik. İkinci dəfə "Qarabağ"ın bu qədər bəxtsizlik yaşayacağına və "Linfild"in bəxtinin gətirəcəyinə inanmıram".
 
Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR