Aslan Şahgəldiyev: "PFL yaranandan sonra atılan hər addım uğur oldu"

Aslan Şahgəldiyev:
Peşəkar Futbol Liqasının bu gün 10 yaşı tamam olur.

2008-ci ildə fəaliyyətə başlayandan bəri bir çox yeniliklərə imza atan, ölkə futbolunda inkişaf üçün bacardığı dəstəyi göstərən PFL haqqında çox söz danışmaq olar.

Amma biz müsahibə almağa qərar verdik. PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev Sport7.az-a müsahibəsində keçmişi vərəqlədi.

- Əvvəlcə, təbrik edirik və PFL-ə, o cümlədən sizə uğurlar arzulayırıq. 10 il yetərincə ciddi rəqəmdi. Bu 10 ilin böyük bir hissəsini Aslan PFL-lə birgə addımlayıb. 10 illik fəaliyyəti uğurlu saymaq olarmı?

- Çox sağ olun, bu gün həm də idman jurnalistlərinin bayramıdı. Mən də sizi və bütün idman jurnalistlərini təbrik edib, uğurlar arzulayıram. Suala gəlincə, buna özümüz cavab versək, bir qədər düzgün çıxmaz. Amma düşünürəm ki, pis deyil. 10 il əvvəlki dövrlə müqayisə aparsaq, həqiqətən sözlə ifadə edə bilməyəcəyimiz qədər çox böyük işlər görmüşük. Amma özümüzdən güclü liqalarla müqayisə etsək, daha yaxşı olmaq üçün vaxt lazımdı. Yenə də üzərimizə düşən işi yerinə yetirməkdə onlardan geridə qaldığımızı deməzdik. 

- Necə düşünürsüz, daha böyük işlər görmək mümkün idimi? Belədisə, onların görülməməsinə nələr mane olub?

- Təbii ki, fərqli də işləmək olardı. Başqa işlər də görmək mümkün idi. Amma bizim işimiz sırf çempionat keçirməkdi. Bəzi məsələlər var ki, bizim üçün aktual deyil. Çünki bu şəraitdə, istəsək də daha artığını etmək mümkün deyil. Əlimizdəki imkanları nəzərə alsaq hər şeyin normal, yüksək səviyyədə olduğunu deyə bilərəm. Əsaslı götür-qoy edib düşündükdə, fikrimcə "hər şeyi filan şəkildə etmək olardı" kimi sözləri işlətməyə bilərik.

- Ümumiyyətlə, PFL olaraq digər ölkələrin təcrübələri ilə maraqlanırsızmı? Yaxud hansısa çempionatda tətbiq etməyə çalışmısız alınmayıb, ya da gələcəkdə bunu həyata keçirmək fikriniz varmı?

- Bilirsiz ki, Avropa Peşəkar Futol Liqaları birliyi var. Avropada nə qədər Peşəkar Futbol Liqası varsa hamısı ora üzvdü. Onlarla əməkdaşlığımız olub. Seminarlarda istər mən, istərsə də PFL-in digər əməkdaşları iştirak ediblər. Deməzdim ki, onlardan nədəsə geri qalırıq. Düzdü, Almaniya, İngiltərə, İspaniya kimi ölkələrlə müqayisə aparmıram. Onların həqiqətən külli miqdarda pulları var. Amma ortabab çempionatları götürsək, onlardan irəlidəyik ki, geridə deyilik. İstər təşkilatçılıq, istərsə də, digər cəhətlərdən bu belədi. Araşdırmışıq, bizdə ən problemli məsələ azarkeşlərlə bağlıdı. Bu isə təkcə PFL-in deyil klubların da üzərinə düşən məsələdi. Burda həm PFL-in, həm azarkeşlərin günahı var. Demirəm ki, iş görməmişik. Problemlə bağlı bir çox işlər görülüb. Məsələn kubokun finallarında boşluqlar olmayıb. Hamı deyirdi ki, "Keşlə" - "Qəbələ" finalı maraqsız olacaq, adam gəlməyəcək. Amma 6 minə yaxın azarkeş vardı. Ən problemli məsələmiz oyunlara gələn azarkeşlərlə bağlıdı. Bu həqiqətən xoş deyil. Deyirlər ki, futbolun gözəlliyi qoldu. Şəxsən mənə görə futbolun gözəlliyi azarkeşlərdi. Oyun heç-heçə də bitə, qol vurula da bilər. Amma azarkeş gəlməyəndə həqiqətən maraqsız olur. Biz də, klublar da nəsə etməyə çalışır. Amma bu elə məsələdi ki, təkcə bizdən asılı deyil. Klub sayının az olmasına görə PFL-i qınayırlar, tənqid, hətta təhqir də edirlər. Ancaq başa düşmürlər ki, bu təkcə bizdən asılı məsələ deyil. PFL sırf çempionatın təşkilinə cavabdeh qurumdu. 20, 8, 5 yaxud 30 komanda da olsa bunu təşkil edəcəyik. Bəzən bizə aid olmayan məsələlərə görə də qınanırıq.  Bilməyən insanlar var. Ona görə də hər şeyə görə bizi qınayırlar. Əslində, nəbilim.. İnşallah düzələr. 

- Kubokun finalından danışdıq. PFL ölkə kubokunun finallarını bayrama çevirməyi bacarır. Siz də bu sahədə yetərincə püxtələşmisiz. Gələcəkdə futbol sahəsindən ayrılsaz, şou xarakterli tərbirlərin təşkilatçısı kimi çalışa bilərsizmi?

- (gülür) Xeyr, elə bir fikrim yoxdu. Futboldan ayrılsam o işi görmərəm. Bəzi dostlar var, zəng edir, görüşürük, danışırıq, məsləhətlərimizi veririk. Amma sırf o işlərlə məşğul olmaq mənlik deyil. Finaldakı təşkilatçılığa gəlincə, PFL yarandığı gündən fikirləşdik ki, bu barədə nəsə fərqlilik, yenilik edək. Mənə elə gəlir ki, kubokun finalları indiyə qədər çox yüksək səviyyədə keçir. Hətta Azərbaycan futbolunda azarkeş rekordu da məhz kubokun finalında qırılıb. Səhv etmirəmsə "Tofiq Bəhramov"dakı "Qarabağ" - "Neftçi" finalına 26 min azarkeş gəlmişdi. Şou biznes sahəsi isə mənə aid deyil. Amma fikirlərimizi, ideyalarımızı bildiririk. Pis alınmadı. Peşəkar səviyyədə gedib məşğul olmuruq.

- PFL-in Azərbaycan futboluna gətirdiyi ən böyük yenilik hansıdı?

- Bizdə əvəzedicilərin yarışı yox idi. Ümumiyyətlə yeniliklər çoxdu. Amma elə şeylər var ki, "bu uğurdu" demək olmaz. Çempionat elə bir vəziyyətdə idi ki, PFL yaranandan sonra atılan hər addım uğur oldu. Məsələn, kim hansı topla istəyirdisə, oynayırdı. Amma PFL vahid topla oynamaqla bağlı qərar çıxardı. Daha sonra deyildi ki, hər klubun öz stadionu olsun. Protokol tapmaq zülm idi. Jurnalistlər bir-bir düşüb hakimlərə, komandalara zəng vururdu. Əvəzedicilərin çempionatı keçirildi. Ən əsası hakimlər bağışlanmadı, çempionatdan uzaqlaşdırıldı. Üzərində şübhəsi olan heç bir hakim qalmadı. Bunun nəticəsi idi ki, Əliyar kiçik yaşından başlayıəb birinci kateqoriyaya qədər yüksəldi. Düzdü, rəsmi olaraq hakimlik bizə tabe deyil. Amma PFL tərəfindən nəzarət olunur. Çox iş görüldü. UEFA-nın saytından da baxa bilərsiz, 2008-ci ildə çempionatımız reytinqdə neçənci yerdi idi, indi hardadı. O vaxt 100-cü yerdən də aşağıda idi, indi hardasa 48-ci pilləyə qədər gəlib. Həqiqətən çox böyük uğurdu. Demirəm ki, hamısı bizdən asılıdı. Klubların da burda çox böyük xidmətləri var. Amma düşünürəm ki, bu sistemli bir işin nəticəsidi.  

- Qurumun prezidenti Ramin Musayevlə uzun müddətdi birlikdə çalışırsız. Musayevlə çalışmaq asandı, yoxsa çətin?

- Asan tərəfi də var, çətin tərəfi də. Deməzdim ki, çox çətindi. Sadəcə, həmişə düzgün olmalısan. Yalan danışmamalısan. O qədər də ağır xasiyyətli rəhbərliyimiz yoxdu. Bəzən mübahisələrimiz, razılşamadığımız məqamlar olur. Hərənin bir düşüncəsi var də. Belə də olmalıdı. Hər halda 9 ildi PFL-dəyəm. Yaranandan 1 il sonra gəlmişdim. Hələ ki, fikirlərimiz üst-üstə düşür. "Mən deyən olacaq!" söhbəti yoxdu. İdeyalara qiymət verir. Bəzən deyir ki, diqqətli olun, fiulan şey mümkündü. Sınamışam, həqiqətən də pis olub (gülür). Ondan sonra daha diqqətli oluram. Həqiqətən öngörənliyi var Ramin müəllimin. 

- 10 illik yubileyi necə qeyd edəcəksiz?

- Heç vaxt təmtəraqlı keçirməmişik. Öz kollektivimiz daxilində keçirmişik. Təmtərqalı şəkildə keçirmək üçün, büdcə lazımdı. Onillikdi, təbii ki, bizim də ideyalarımız var. Özündənrazılıq kimi çıxmasın, bilirsiz ki, təşkilatçılıq işlərini pis bacarmırıq. İstər açılışlar, tədbirlər, istərsə də digər məsələr olsun. Ancaq ideyaları həyata keçirmək üçün maliyyə də lazımdı. Büdcəmiz imkan versə maraqlı nəsə edəcəyik. Hələ ki, yubileyimiz indi başlayır. Müzakirə edəcəyik. Büdcəmizdən asılı olacaq. Çox yükləmək də olmur. İndi elə dövrdü ki, hər qəpiyi diqqətli xərcləməlisən. İdeya sonsuzdu, mükəmməl fikirlər olar. Amma bu təkcə istəkdən asılı deyil. 

- Sırf çempionat, oyunlar zamanı hansısa yenilik gözlənilirmi?

- Müxtəlif tədbirlər keçirmək olar. Məsələn son 10 ildə Azərbaycanda oynamış ən yaxşı legioner və yerliləri dəvət edib, futbol görüşü keçirə bilərik. Bu müddət ərzində seçilmiş ən yaxşı futbolçu, məşqçi, eləcə də jurnalistləri dəvət edə bilərik. Məsələn, "PFL-10" adlı kitab və ya jurnal dərc etmək də mümkündü. İdeyaların sayı-hesabı yoxdu. Flavinyo, Vobay kimi futbolçuları dəvət etmək, oyunlar keçirmək olar. Demirəm ki, böyük, təmtəraqlı tədbirlər, oyunlar keçirəcəyik. Hamısı maliyyə tələb edur. Büdcəmizə uyğun nələrsə etməyə çalışacağıq.

Sport7.az

Xəbər lenti