Ağstafadakı UGİM-in bazasında biabırçılıq: Su yoxdu, direktorun isə vecinə deyil (FOTOLAR)

Ağstafadakı UGİM-in bazasında biabırçılıq: Su yoxdu, direktorun isə vecinə deyil (FOTOLAR)

Azərbaycan futbolunda həmişə qərb bölgələrinin özünəməxsus yeri olub. Vaxtilə, Gəncə, Tovuz, Mingəçevir, Qazax, Ağstafa kimi rayonlardan yetişən futbolçular ölkə futbolunda sözlərini deyib, müxtəlif illərdə millimizin əsas hissəsini təşkil ediblər. Elə ölkə çempionatlarında da məhz bu bölgələrin təmsilçiləri çıxış edib, çempion olub, futbolsevərlərə gözəl anlar yaşadıblar. Məhz adlarını çəkdiyimiz və çəkmədiyimiz qərb bölgələrinin sayəsində Azərbaycan futbolu ayaqda durub. Təəssüf ki, bütün bunlar yaxın keçmişə qədər davam edib. Daha doğrusu, AFFA-ya Rövnəq Abdullayevlə Elxan Məmmədov və onların futboldan anlayışı olmayan yaxın qohumları, dostları rəhbərlik edənə qədər. Məhz həmin dövrlərdən etibarən ölkə çempionatında klubların sayı azaldı, xüsusən də bölgə futboluna böyük zərbələr dəydi. Hətta ölkə prezidentinin imzaladığı 10 illik proqam da bu problemə çarə olmadı. Əksinə, dövlətin ayırdığı pullar havaya sovruldu. Təbii ki, nəticədə bölgə futbolu da zəifləyib və artıq yox vəziyyətindədi. Baxmayaraq ki, qərb bölgəsinin aşağı yaş qrupundan ibarət liqalarda, Birinci Divizionda təmsilçiləri var. Süni nəfəslə yaşadılan bu klubların da, belə davam edəcəyi təqdirdə, tezliklə sonu gələcək...

Qərb futbolu ilə bağlı mövzunu əbəs yerə qabartmadıq. Məsələ burasındadı ki, sözügedən bölgələrdən birində, Ağstafada futbolumuz adına xoşagəlməz hallar baş verir. Bu haqda Sport7.az-a etibarlı mənbədən məlumat daxil olub. 

Stajlı futbol azarkeşləri yəqin ki, "Avey" adını yaxşı xatırlayır. Müxtəlif vaxtlarda Azərbaycan premyer liqasında da çıxış etmiş bu klubun Ağstafadakı bazası çox bərbad vəziyyətə salınıb. Hansı ki, illər ərzində futbola ayrılmış pulların cüzi bir hissəsi də bu meydançaya yönəldilsəydi, bölgədə futbola maraq indikindən daha yüksək səviyyədə olardı. Təəssüf, indi Ağstafa rayon Təhsil Şöbəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin bu stadionu elə vəziyyətdədi ki, hətta suyu da yoxdu. Elə bazadakı ən böyük problemlərdən biri də su ilə bağlıdı. Bunun nəticəsində də təbii qazonda demək olar ot qalmayıb. Torpaq da qalınlaşıb və uşaqlar üçün keçirilən məşqlərə maneçilik yaradır. Yağış yağanda isə ümumiyyətlə orada futbol adına heç nə olmur. Meydançanın qurumasını günlərlə gözləməli olurlar. Belə bir vəziyyətdə məşqçilər uşaqları necə yetişdirə bilər? Düzdü əvvəllər, təxminən ötən ilə qədər bu mənada vəziyyət normal olsa da, son vaxtlar meydançanı daha yaxşı saxlamaq üçün stadiona kifayət qədər su verilmir... 
 
 
 

 
Ancaq ən maraqlısı budu ki, sözügedən UGİM-in direktoru Abbas Fərzəliyev də bu yöndə heç bir iş görmək istəmir. Məşq keçilən uşaqların valideynləri, hətta digər narazı şəxslər, bir neçə dəfə Fərzəliyevin qəbulunda olsalar da nəticəsiz qalıb. Şikayətləri dinləsə də, əməl etməyən, problemlərin həllinə çalışmayan direktorun özü də bu yöndə addımlar atmaq niyyətində olmadığı görünür. Hər halda belə olsaydı, bu müddət ərzində heç olmasa azyaşlıların məşqdən sonra yuyunması üçün stadionu su ilə təmin etməyə çalışardı. Təsəvvür edin, orada uşaqlar tozun-torpağın içində futbol təhsili alır. Hətta bəzən məşqdən sonra yuyunmağa da su tapmırlar. Futboldan azca anlayışı olan insan anlamalıdı ki, meydança ən azı hər gün bir neçə dəfə sulanmalıdı ki, toz-torpaq balaca futbolçuların ağzına-burnuna dolub müxtəlif xəstəliklərə səbəb olmasın. Təbii örtük bərpa edilsin. Deməli, orada futbolçu olmaq istəyən yeniyetmələr, xəyallarının puça çıxması ilə yanaşı, həm də xəstəliklərə tutulurlar. Meydançadan əlavə, stadionun paltardəyişmə otaqları da bərbad vəziyyətədi. Divarların boyaları pozulub, üzü tökülür. Stadionun tribunaları da yoxdu. 1 hektara yaxın sahə divarlarla hasara alınıb. Meydançada isə məşq üçün köhnə böyük və kiçik qapılar var.  Tribunların yoxluğu bir yana, stol-stul problemlərinin də olması artıq durumun acınacaqlılığından xəbər verir. Məsələ burasındadı ki, oyun zamanı paltardəyişmə otağındakı oturacaqlar çölə çıxarlır ki, qonaq komanda rəsmilərinin, yaxud məşqçilərinin əyləşmək üçün yeri olsun. 
 



Sözügedən stadionda hazırda 11, 12, 13 və 14 yaşlı uşaqlardan ibarət 4 qrup fəaliyyət göstərir. Əvvəllər qupların sayı çox olsa da, sonradan uşaqlar azlıq təşkil etdiyindən, komandaların sayı da aşağı düşüb. Hər biri də AFFA-nın keçirdiyi yarışlarda çıxış edir. Deməli, ölkə futbolunun ali qurumu AFFA-ın da bu məsələlərdə məsuliyyət payı var və  belə halların baş verməməsinə çalışmalıdı. Qurumu maraqlandırmırsa belə, ən azı rayon rəhbərliyini düşündürməlidi. Axı o uşaqlar Ağstafa futbolunun gələcəyidi. O da məlumdu ki, bu kimi bölgələrə uşaq futbolunun inkişafı üçün pul da ayrılır. Bəs o pullar hara gedir? Fotolara baxın, belə stadionda futbolçu yetişdirmək olarmı?

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR