"Ağsu"nun İcraçı Direktoru: "Üzərlərinə daha ciddi şəkildə düşmüşük"

Bir müddət öncə AFFA-nın İntizam Komitəsi Birinci Divizionda çıxış edən "Ağsu"nun iki futbolçusu Elçin Həşimov və Ruslan Mirzalıyevin futbolla bağlı fəaliyyətinə qadağa qoydu. Səbəb kimi sözügedən futbolçuların nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakıının aşkarlandığı göstərildi. Təbii ki, qərardan sonra klub rəhbərliyi adıçəkilən oyunçuları komandadan uzaqlaşdırdı. Maraqlıdı ki, məhz bundan sonra "Ağsu" doğma azarkeşlər qarşısında meydana çıxdığı son iki oyunu qələbə ilə başa vurub. Əvvəlcə turnir cədvəlinin lideri "Turan Tovuz"u 3:1 hesabı ilə məğlubiyyətə uğradan komanda, növbəti görüşdə "Sumqayıt-2"ni də evinə başıaşağı göndərməyi bacardı - 3:0. Yəni, belə çıxır ki, həqiqətən də "Ağsu"da nələrsə baş verirmiş və AFFA şübhələrində haqlıdı. Hər halda son durumla, araşdırmaların necə davam edib-etmədiyi, komandanın həqiqətən də özünə gəlib-gəlmədiyi ilə bağlı klubun İcraçı Direktoru Rəşad Kərimovla danışdıq.

Rəşad bəy Sort7.az-a açıqlamasında bunları söylədi: "Şükürlər olsun durumumuz yaxşıdı. İki oyunda qələbə qazanmışıq. Növbəti tura hazırlaşırıq. Düzdü, Birinci Divizionda 13 komanda olduğuna görə bu həftə biz istirahət edəcəyik. Ayın 22-si "Sabah-2" ilə oyunumuz var. Meydana qələbə əzmi ilə çıxacağıq. Zəif oynama səbəblərimiz, məğlubiyyət seriyası var idi. Bunların həmin futbolçuların gedişinə görə olduğunu deməyək. Sadəcə, itkilərimizin olması ilə əsaslandıra bilərəm. Baxın, ilk turda "Zirə"ni məğlub etdik. İkinci oyunda isə öz meydanımızda uduzduq. Belə deyək, konkret hakim biabrçılığı üzündən oldu. Həmin oyunda Ceyhun Rəcəbli qırmızı vərəqə ilə meydandan qovuldu və 4 oyunluq cəzalandırıldı. Bu cəza ilə razıyam, çünki hakimi təhqir etmişdi. Özüm də onu cəzalandırmışdım. Daha sonra "Qaradağ Lökbatan"la oynadıq və səfərdən 1 xal gətirdik. Növbəti ev oyunlarında əsas heyətin üzvlərindən Fərrux Rəhimov və Ramil Əliyev zədələndi. Həmin futbolçular 3 oyun itirdilər. Konkret 6 turdan cəmi 4 xal qazanmışdıq. İndi həmin futbolçular da zədədən qayıdıb. Üstəlik zəif oyunlara səbəb futbolçularda peşəkarlığın olmaması idi. Bu söhbətdən sonra komandanın üzərinə daha ciddi şəkildə düşmüşük. İstirahətlərinə də nəzarət edirik. Düzdü bunu istədiyimiz kimi edə bilmirik, çünki futbolçular şəxsi evlərdə qalır. Biri rayonun o başında, digəri bu tərəfində yaşayır. Mərkəzdə yer yoxdu ki, hamısını yığaq bir yerə və nəzarət edək. Yenə də, oyunqabağı müəllimlər onların evlərinə tez-tez gedir, durumları ilə maraqlanır. Özlərinə də ciddi tapşırıq vermişəm. Riayət etməyən oyunçuya qarşı başqa tədbirlər görəcəyik. Vallah, bilirsiz necədi? Seçimlərdə özünü göstərən uşaqlar, müqavilə bağlanandan sonra demək olar oynamır. Yoxlama görüşlərində gördüyümüz və yüksək yerlər uğrunda oynaya biləcəklərini düşündüyümüz komanda 2-3 turdan sonra zəiflədi. Bəlkə də fiziki hazırlıqları zəif olub, ya nədisə, oynamırdılar. İndi toparlanmışıq, işlər ciddiləşib, uşaqlar da işlərinə başqa cür yanaşırlar. Düşünürəm ki, "qara zolaq"dan çıxmışıq. İlk dövrədə bir səfər, iki ev oyunumuz qalıb. Bu 3 oyundan maksimum xal götürmək istəyirik. Belə olsa turnir cədvəlində 3-4-cü, bəlkə də 2-ci yerə qədər yüksələ bilərik. İlk "5-liy"ə düşmək şansımız olar. Hələ ki, tam optimal heyətlə oyunlara hazırlaşırıq".

Rəşad bəy heyətdən uzaqlaşdırılan futbolçuların durumu və araşdırmalarla bağlı bunları dedi: "Qərara əsasən həmin futbolçuları komandadan uzaqlaşdırmışıq. Özləri zəng vurub araşdırmaların nə yerdə olduğunu soruşdular. Dedim ki, "İnşallah bəraət verərlər, kluba qayıdarsız". Fasilədə kimlərlə yolların ayrılacağına klub qərar verəcək. Düzdü onların adı hallandı, amma inanmıram ki, belə bir hallar yaşansın. AFFA ilə əlaqə saxlayırıq. Araşdırmalar davam edir. Sonuncu dəfə soruşanda, dedilər ki, hüquq-mühafizə orqanları məşğul olacaq. Mənim də əvvəldən tələbim bu idi ki, belə bir şey varsa futbolçu cəzalansın, əks halda sərbəst buraxılsın. Bilirəm ki, AFFA bu işi düzgün qaydada görür, çünki UEFA-nın şikayətidi. Onlar sonradan sorğu-sual üçün AFFA-ya çağırılmayıblar. Evlərindədilər, məşqsiz qalıblar. Nə vaxtsa qayıtsalar geridən başlayacaqlar. Artıq iki həftədi ki, futbolsuzdular. Bərpa olunmaları üçün xeyli vaxt lazım olacaq. Düşünürəm ki, bəraət almaq ehtimalları çoxdu. İstənilən halda o futbolçuların elə bir işlə məşğul olmalarına inanmıram. Düzdü səbəbləri bunda da axtara bilərəm. Amma görünən odu ki, komandanın zəif oynamasının başqa səbəbləri də var. Hazırda normal şəkildə məşqlərə davam edirik. İnşallah adımız təmizə çıxar".

Kərimov baş verənlərlə bağlı rəhbərliklə müzakirələr apardıqlarını da bildirərək sözlərinə bunları əlavə etdi: "Bilirsiz ki, 2012-ci, yəni klub yarandığı ildən qarşıya məqsəd qoymuşuq. Uşaq futbolunu inkişaf etdirməyə çalışırıq. "Qəbələ"də, Bakıda, "Neftçi"də uşaqlarımnız var. Hansı ki, "Ağsu"da yetişib, bəziləri ailə şəraitinə görə Bakıya köçüb. Milliyə də dəvət alan futbolçularımız var. Planlarımız başqa cürdü. Gələcəkdə akademiya tikilməsi nəzərdə tutulur. Bir ara yazırdılar ki, "Ağsu" AFFA-dan maliyyələşir. Amma siz bilirsiz ki, spnsorumuz kimdi. Həqiqətən, indiyə qədər AFFA-dan 1 manat pul almamışıq. "Azqranata" Şirə və Şərab emalı Zavodu sponsorumuzdu. Formalarımızın üzərində loqoları, etiketləri də var. Dəstəklərini göstərirlər, indiyəcən maddi sıxıntılarımız olmayıb. Hələ də belə problem yoxdu. Halbuki yazırdılar "klub acından ölür, yeməyə çörək tapmır, pulları yoxdu" filan. İndiyəcən belə hal yaşanmayıb. Sağ olsun şirkət, bizi heç vaxt çörəksiz qoymayıb. Baş verənlərlə bağlı rəhbərliklə müzakirələrimiz olub ki, həmin futbolçular müvəqqəti olaraq klubdan uzaqlaşdırılsın. Tam uzaqlaşdırılmayıblar. Sadəcə, qərara əsasən komanda ilə birlikdə deyillər. Düzdü, azarkeş kimi gəlib baxa bilərlər. Amma evlərinə getdiklərinə görə bunu etmirlər. Bunu onlardan heç tələb də etmirik. Sadəcə, adamın əli-ayağı soyuyur".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR