"Atam futbolu, mən də atamı izləyirdim..." - Xanım azarkeş

Xanım azarkeşlərlə müsahibələrə davam...

Bugünkü həmsöhbətimiz "Qarabağ" azarkeşi Aynurə Səfərovadır. 
 


- Əvvəlcə səni yaxından tanıyaq...
- 28 yaşım olmasına baxmayaraq tələbəyəm. (gülür)... Ümumiyyətlə hesab edirəm ki, mən arada 10 ilimi itirmişəm. Özümü 28 yaşda yox, 18 yaşda hiss edirəm. Mən hər şeyə gecikmiş biri olsam da, içimdə elə bir hiss var ki, itirdiyim illər mənə sonradan hədiyyə veriləcək. Bunu həmçinin sonralar sakini olduğum futbol dünyasına da aid edə bilərəm.  

Mən uşaq olanda rəhmətlik atam həmişə futbola baxardı. Atam "Neftçi"yə azarkeşlik edirdi. Çox balaca idim. Yadıma gələn ağ-qara televizorda elə ağ-qara geyimdəki oyunçulardı. Atam futbolu, mən də atamı izləyirdim ki, görəsən nə maraq var burda... Sonucda uşaq idim. (gülür)...

Sonra atam rəhmətə getdi deyə, elə o maraq mənim üçün ürəyimin bir dərinliyində qaldı. Sonralar, dəqiq desəm, illər sonra mən ürəyimin dərinliyində olan o futbol sevgisinin cücərdiyini hiss etdim.

İlk dəfə tribunaya 2015-ci ildə millimizin oyununa getmişəm. Mənim sevgim TV-dən yox, elə birbaşa tribunadan başladı. Mən o zaman bildim ki, yaşadığım dünyanın içində ayrı bir dünya - futbol dünyası var. Bu dünyada çox xoşbəxtəm.
 


- Atanın rudu şad olsun. Bəs nə əcəb atanın sevdiyi klub "Neftçi"ni yox, "Qarabağ"ı seçdin?
- Yaman yerdən yaxaladın. (gülür)... Əslində sevgi "niyə" sözünü qəbul eləmir. Mənim içimdə olan futbol sevgim "Qarabağ" ilə oyanıb. Özüm əslən qarabağlı deyiləm, amma onun oyunlarında özümü oranın sakini kimi hesab edirəm. Atam sağ olsaydı inanıram ki, onunla yaxşı rəqib azarkeş olardıq.

- Ailəndə başqa futbol azarkeşi var?
- Ailəmdə tək mənəm futbol azarkeşi. Qardaşım sevmir. Mən ilk dəfə stadionuna da gizlin getmişəm.

- Bəs indi oyunlara rahat gedə bilirsən?
- İndi daha məni qəbul ediblər.  Düzdü, ev çox uzaqdı, gecə çatıram. Söz-söhbət olur. Amma idarə edirik. (gülür)...
 


- Futbolçu və ya futbol azarkeşi ilə ailə qurmaq lazımdır ki, gedib-gəlməyinə söz-söhbət olmasın. (zarafat)...
- Birinciyə ümidim 100-ə 50-di. Ama azarkeş olacağına əminəm. (gülür)...

- Bəs birdən əksi olsa, elə adamı sevdin ki, futbola icazə vermədi...
- İnsanlar hansısa bir münasibətə başlayan zaman, öncə bir-birlərini tanımaq üçün müəyyən suallar verirlər.  Mənim də ilk sualım "futbola marağın var?" olacaq. Futbolu sevməyən bir adamla mən bir ömrü paylaşa bilmərəm.

- Ənənəvi sualı verim. Stadionda özünə qarşı necə rəftar görürsən?
- Çox yaxşı. Hələ bir dəfə olsun kobudluq görməmişəm kimdənsə. Deyəsən əks cinsin nümayəndələri də xanımların varlığını qəbul edib, çox hörmətlə yanaşırlar.

Tək narazılığım var. Çox vaxt gündəlik həyatda forma geyinirəm. İctimai nəqliyyatda və ya yolda görəndə, yüksək səslə "ooo Qarabağ, ya da "Real Madrid" demələridi.
 


- Bəs qohum-qonşudan necə münasibət görürsən?
- Sevindirici haldı ki, qohumlardan uzaqdayam. Ona görə qınaqlarını da eşitmirəm. Amma bir ikisi eşitdirib ki, "bu qızı qız adı ilə niyə dünyaya gətirmisən?" (gülür)... Bilirsən nə narahat edir insanı?! Bəzilərinin fərziyəsinə görə, güya qız futbola baxırsa, onda kişi hormonları daha çoxdu. Bununla heç razı deyiləm.

- Bəs xanım azarkeşlərdə münasibətin var?
- Əlbəttə var. Aralarında çox yaxın sevdiyim qızlar var. Fidan Məmmədova və Rəfiqə Əziz ilə çox yaxınam.
 


- Rəfiqə demişkən... 8 marta görə qızlar arasında tunir keçirilib. Orada iştirak etdin? 
- Bəli. 

- Futbol oynamaq neçə təsir bağışladı?
- Azarkeş kimin qıraqdan baxmaq daha asan imiş, nəinki yaşıl meydanda oynamaq. (gülür)...

Mənim səhvimə görə qol buraxdıq. O an ağlamaq tuturdu məni. Səhv edən futbolçuları onda başa düşdüm. Dedim biz də qıraqdan baxıb nələr deyirik. Amma çox əla təsir bağışladı. Bunu təşkil etdiyi üçün Rəfiqə Əzizə də dönə-dönə təşəkkür edirəm. 
 
Röya Kərimli
Sport7.az
 






OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR