"Çatışmayan cəhətlərimiz var" - Elşad Əhmədov

"Sabah” bu gün səhər məşqi ilə Türkiyə toplanışını başa vurub.
 
Sport7.az xəbər verir ki, komanda bu gün vətənə qayıdacaq.

Premyer Liqanın debütantının çalışdırıcısı Elşad Əhmədov həm "Alanyaspor"la 1:1 başa çatan oyun, həm də toplanış haqda fikirlərini bildirib: "Həftənin hazırlığını "Alanyaspor”la oyuna uyğun qurmuşduq. İlk hissədə futbolçular taktiki tapşırıqlarımızın 70 faizini yerinə yetirdilər. Rəqibə boşluqlar demək olar, vermədik. 1-2 epizodda boşluq verdik ki, rəqib də bu fürsətlərin birindən yararlanıb, qapımıza qol vurdu. Qolda rəqibin ustalıq səviyyəsi də rol oynadı. Fasilədə uşaqlarla danışdım. İkinci hissədə daha yaxşı oynadıq. Demək olar, 4 yüzfaizli qol şansımız oldu. Sağ olsun uşaqlar, sona kimi vuruşdular. Rəqib Türkiyə Super Liqa təmsilçisi idi. Onların "Sumqayıt”la oyununu izləmişdim. Həmin matçda "Alanyaspor”un maraqlı komanda olduğunu görmüşdük”.

Əhmədov Bolu toplanışnı da dəyərləndirib: "Təlim-məşq toplanışından öncə planlaşdırdığımız kimi 4 oyun keçirdik. İstərdik ki, 2 Türkiyə, 2 dənə də başqa ölkə təmsilçisi ilə qarşılaşaq. Lakin alınmadı. 4 oyunumuzun hamısını yerli komandalara qarşı keçirdik. Bütün oyunlarımız heç-heçə başa çatdı. İki qarşılaşmada hesabda öndə olsaq da, sonda qələbə hesabını qoruyub saxlaya bilmədik. Digər oyunlarda isə əksinə oldu. Əsas odu, uşaqlar xarakter nümayiş etdirdilər. Düzdür, çatışmayan cəhətlərimiz var. Çempionatın startına kimi çalışıb, həmin çatışmazlıqları aradan qaldırmaq istəyirik. Əsas fikrimiz avqustun 11-də və ya 12-də baş tutacaq çempionatdakı ilk oyunumuza tam hazır olmaqdır”.

"Sabah” iyulun 16-dan Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında idi. Komanda bu müddətdə yerli "Giresunspor” (1:1), "Osmanlıspor” (1:1), "Sancaktepe Bələdiyyəspor” (2:2) və "Alanyaspor”la (1:1) yoxlama oyunu keçirib.
 
Sport7.az

Xəbər lenti