Avropa çempionu 3 il müddətinə həbs oluna bilər

Avropa çempionu 3 il müddətinə həbs oluna bilər
Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda ittiham olunan Azərbaycanın sərbəst güləş üzrə Avropa çempionu olmuş Anar İsmayılovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Sport7.az xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Fərid Nağıyev çıxış edərək A.İsmayılovun 3 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalından həbs olunmasını istəyib.

Məhkəmə prosesi iyulun 10-da davam edəcək.

İttihama görə, A.İsmayılov ötən il avqustun 7-də Bakı şəhəri, Nəsimi rayonu, Axundov küçəsindəki 8 saylı binanın qarşısında tanışı Vüqar Süleymanovdan borc pul istəyib, V.Süleymanov ona pul verməkdən imtina etdikdə A.ismayıl əlini onun şalvarının cibinə salaraq 107 manat pulunu çıxarıb. Həmin pulun 45 manatını özünə götürüb, yerdə qalan məbləği isə V. Süleymanova qaytarıb. Anarın bu hərəkətindən əsəbləşən V.Süleymanov polisə şikayət edib.

A.Süleymanova qarşı Cinayət Məcəlləsinin 180.2.4 (soyğunçuluq) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Məhkəmə prosesi zamanı zərərçəkmiş V.Süleymanov A.İsmayılovdan şikayətçi olmadığını deyib.

Xatırladaq ki, A.İsmayılov 2003-cü ildə yeniyetmələr arasında sərbəst güləş üzrə Makedoniyanın paytaxtı Skopye şəhərində keçirilən Avropa çempionatında 54 kq çəki dərəcəsində qızıl medal qazanıb.
 
Sport7.az

Xəbər lenti