Avropanın ən çox aldadılan klubu!

Avropanın ən çox aldadılan klubu!
İtaliya nəhəngi "İnter" bir müddətdi A Seriyasında çempionluq yarışından uzaqdı.

Sport7.az xəbər verir ki, bu il də yaxşı başlamasına rəğmən yenə "Napoli" və "Yuventus"un gerisinə düşdülər. Bəs "İnter" harda səhv edir? Əslində cavab bəsitdi - Transferlərdə. İtalyan komandası transferlərdə belə desək aldadılması ilə ad çıxardı.

1990-cı illərdə Ronaldo və Vyeri ilə iki dəfə dünya transfer rekordunu qıran bir klubdan bəhs edirik. Heyətindəki ulduzlarla hər kəsin diqqətini çəkən "İnter" digər tərəfdən istedadlı futbolçular kəşf etməsi ilə nəzər cəlb edirdi. Perspektiv vəd edən bir çox futbolçunu satan "İnter" əslində transferdə yanlış bir strategiya tətbiq etmədi. Sadəcə səbr etməyi bacarmadı. Bu günün futboluna damğa vuran bir çox ismin ilk dayanacaqlarından olan "İnter" bu futbolçuları ulduza çevrilməsini gözləmədən satdı. 
 
 

Bu yanlış siyasətin son nümunəsi 160 milyon avroya "Barselona"nın yolunu tutan Filip Koutinyo oldu. Halbuki Koutinyonu kəşf edib Braziliyadan gətirən klub "İnter" idi. Sadəcə, 3,8 milyon avro qarşılığında "Vasko Da Qama"dan bu futbolçunu transfer edən "İnter" daha əvvəl elə həmin kluba 2,5 illiyə icarəyə vermişdi. 2010-da "İnter"ə qatılan Koutinyo 1,5 il oynadıqdan sonra "Espanyol"a icarəyə verildi. Yenidən "İnter"ə dönən ulduz doğru-düzgün şans qazanmadan 2013-cü ilin yanvarında 13 milyon avroya "Liverpul"a satıldı. İngilis klubu da braziliyalı futbolçunu bir neçə gün öncə 160 milyon avroya "Barselona"ya satdı. 

Koutinyo "İnter"in yeganə transfer səhvi deyil. İtalyan komandasının keçmişinə baxınca, bu şəkildə bir çox səhvə yol verdikləri və ziyana düşdükləri görünür.

Mattias Zammer
 
 

Almaniyalı əfsanə 6 ilyon avroya 1992-ci ildə "Ştutqart"dan alınmışdı. Ancaq italyanlar əllərindəki xəzinənin fərqində deyildi. Zammer bu klubda sadəcə 11 oyun forma geyə bildi. Bir il olmadan "İnter" Zammeri 4,25 milyon avro zərərinə Dortmund "Borussiya"sına satdı. Zammer məhz sözügedən alman klubunda əfsanələşdi. 

Dennis Berqkamp
 


Hollandiya futbolunun məşhur simalarından olan Berqkamp 1993-cü ildə "Ayaks"dan 9,77 milyon avro qarşılığında alınmışdı. İki il İtaliyada forma geyən futbolçu 1995-ci ildə sadəcə 11,25 milyon avroya "Arsenal"a satıldı. Çünki prezident Morattiyə görə Maurizio Qanz daha yaxşı hücumçu idi. Berqamp sonradan "Arsenal"ın əfsanəsinə çevrildi.

Roberto Karlos
 


İtalyanlar karlosu "Palmeyras"da kəşf etmişdilər. 1995-ci ildə sol cinah müdafiəçisi 3,5 milyon avroya "İnter"ə gəldi. Həmin dönəmdə Roy Hocsonla yola getməyən "sambaçı" oynadıldığı mövqedən məmnun deyildi. Bir il sonra Karlos sadəcə 6 milyon avroya "Real"a transfer oldu. Sonradan Roberto "real"ın və dönəminin ən yaxşı sol cinah müdafiəçisi ünvanına sahib oldu.

Andrea Pirlo
 


Bir müddət öncə karyerasını bitirən Pirlo "İnter" tərəfindən "Breşiya"da kəşf olundu və 1998-ci ildə 2 milyon avroya transfer edildi. Amma Pirlo sonradan "Recina"ya və "Breşiya"nın özünə icarəyə verildi. Bir il sonra yenə icarə əsasında "Recina"ya verildi. "İnter"də icarəyə verilməkdən bezən Pirlo 2001-ci ildə 18 milyon avro qarşılığında "Milan"a satıldı və əfsanəyə çevrildi. 

Klarens Sedorf
 


Bu transfer əvvəlkilərdən fərqli idi. "İnter" holland futbolçunu "Real"dan ciddi məbləğ qarşılığında, 24,5 milyon avroya transfer etdi. Ancaq Seedorfu ilyarım oynadandan sonra 22,5 milyon avro zərərinə "Milan"a satdı. Əzəli rəqibə keçən futbolçu "Milan" formasında xarüqələr yaratdı.

Leonardo Bonuççi
 


"İnter" 2005-ci ildə Bonuççini "Viterbese" adlı bir komandada kəşf edib 40 min avroya aldı. 2009-cu ilə qədər müxtəlif komandalara icarəyə verilən müdafiəçi doğru-dürüst forma şansı tapmadan 4 milyon avroya "Cenoa"ya satıldı. Sonradan Bonuççini "Cenoa" "Bari"yə, bu klub da "Yuventus"a satdı. "Yuventus" da ulduza çevrilən futbolçunu bu mövsümün əvvəlində 42 milyon avroya "Milan"a satdı.

Sport7.az

Xəbər lenti