Avropadakı həmvətənlərimiz Lüksemburqda "İnter"ə dəstək verəcək

Avropadakı həmvətənlərimiz Lüksemburqda

Avropa azərbaycanlıları bu il iyul ayının əvvəllərində Azərbaycan futboluna Avropda dəstək üçün "Can Qarabağ" adlı fan klub yaradıblar".

Bu barədə məlumatı Sport7-az-a fan klubun təsisçilərindən olan, Avropada azərbaycan dilində dərc edilən "Avropost" qəzetinin baş redaktoru Anar Orucov verib. Fan klubun məqsədi Azərbaycanı Avropda uğurla təmsil edən "Qarabağ" futbol klubuna eləcə də, digər klublara və milli komandaya dəstək verməkdir: "Hər həftə "Qarabağ"ın oyunlarını toplanıb bir yerdə izləyirik. Fan klubun əksər üzvləri Almaniyada, Şimali-Reyn Vestfaliya əyalətində yaşayan həmyerlilərimizdir. Qeydi rəsmi statistikaya əsasən bu regionda 20 minə qədər azərbaycanlı məskunlaşıb. Bu sayda azərbaycanlının bir qurum ətrafında birləşməsi, toplanıb ölkəmizin inkişaf etməkdə olan futboluna dəstək vermələri həm də mənəvi bir borcdur. Fan klub ideası da birləşmək və uzaq Avropada futbolumuza dəstək olub, qələbələrə birlikdə sevinib, sevincimizi birgə bölüşmək ehtiyacından, ölkəmizi daha da çox tanıtmaq istəyindən yarandı. Şüarımız "Azərbaycan naminə"dir" .

"Can Qarabağ" fan klubunun ilk debütü Lüksemburqda olacaq. "Fola" - "İnter" oyununu fan klubun 40 nəfərə qədər üzvü meydandan izləyib "İnter"ə dəstək olacaq. Ümumilikdə isə, "Can Qarabağ" fan klubunun 70 nəfərə qədər üzvü var. Fan klubun facebook səhifəsi (https://www.facebook.com/CanGarabakh), loqosu, oyunları birlikdə izlədiyimiz məkanımız var. Bunun üçün "Azərbaycan" Mədəniyyət və İdman cəmiyyətinin ofisindən istifadə edirik və yeri gəlmişkən təşkilatın rəhbərliyinə o cümlədən Qüdrət Kərimova təşəkkür edirəm. Tezliklə şərflərimiz və "T-shirtlər"imiz də sifariş ediləcək. Bir neçə digər layihələrimiz də var, bunu da zaman gəlincə açıqlayacağıq" - deyə Anar Orucov bildirib.


Onun sözlərinə görə, artıq Avropada fəaliyyət göstərən "Milli Dəstə" və "İmaret Europe" fan klubları ilə də əməkdaşlıq edirlər. Fan klublar Lüksemburqda "İnter"ə birlikdə dəstək olacaqlar. Sabah Lüksemburqda ümumilikdə 100 nəfər "İnter"ə azarkeşlik edəcək. Anar Orucov bu proseslərə dəstək verməyi hər bir azərbaycanlı üçün həm də vicdan borcu sayır: "Hamı və hər şey Azərbaycan naminə olmalıdır. "Qarabağ"ımızı və bütün klublarımızı qərbi Avropada gözləyirik. Hər bir azərbaycanlı yaşadığı ölkədə, şəhərdə bir fan klub yaradıb digər həmvətənlərimizlə futbolumuza dəstək ola bilər. Bunun üçün heç bir pula da ehtiyac yoxdur, sadəcə istək lazımıdır. Ölkəmizin Avropada tarix yazmağının vaxtıdır".

 Sport7.az

Xəbər lenti