Ax!.. necə kef çəkməli əyyam idi...

Ax!.. necə kef çəkməli əyyam idi...

Ax!.. necə kef çəkməli əyyam idi,
Onda ki, övladi-vətən xam idi!


Rəhmətlik Mirzə Ələkbər Sabirin bir əsr bundan əvvəl yazdığı misraları AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasındakı qərarlarla tanış olandan sonra xatırladım. Dağdan ağır kişilər yumşaq kreslolarda, dəyirmi masanın ətrafında əyləşiblər və AFFA-nın büdcəsinə xeyir verməyə çalışıblar. Amma bir nəticə hasil edə bilməyiblər. Heç oturduqları kreslonun, "boz binada” istifadə etdikləri elektrikin və suyun xərcini belə çıxarmayıblar.
 
"Təyyarəsi” yerə çırpılmış AZAL AFFA-ya 800 manat ödəməlidi. Birinci divizion təmsilçilərindən MOİK 20 manat, "Ağsu” isə 80 manat cərimələnib. Vəssalam. AFFA-nın ölkə çempionatlarından bu həftəki qazancı cəmi 900 manat olub. Bu əsl biabırçılıqdı. 900 manatla o boyda AFFA-nın hansı yarası sağalacaq? Belə fərasətsizlik olarmı? Klublar kasıblayıb, sponsorların səxavəti azalıb, bunu başa düşdük. Hər stadiona bir əlində butlka, cibində alışqan olan adam göndərib, meydançaya "kənar əşya” atdırmaq çətin iş deyildi ki. Heç olmasa bunu bacaraydılar. 

Şübhə etmirəm ki, "boz bina”da oturan başbilənlər indi ötən günlərin xiffətini çəkirlər. Hardadı o köhnə günlər? "Bakı”yla "Neftçi”nin oyunlarında davalar düşərdi, cərimənin sayı-hesabı bilinməzdi. Hələ "Xəzər Lənkəran” kimi "yağlı tikə”ni necə unutmaq olar? Mirça Rednikin şapkası yerə çırpılan kimi AFFA-nın xəzinəsinə 5000 manat gəlirdi. Əfqan Həmzəyevin Lənkəranda itən qələminin əvəzinə isə Mübariz Mənsimov 30 min manat xərcə düşmüşdü. "Fırtınalar meydanı”ndakı hər oyun AFFA-ya azı 2 min manat qazandırırdı. Cənub bölgəsinə ezam olunan AFFA nümayəndələri yerin deşiyindən də olsa, meydançaya atılan "kənar əşya" tapardılar.

İndi kimi cərimələyəcəklər? "Neftçi”, "Sumqayıt”, "Kəpəz” AFFA-nın doğma övladları kimidi. Onların cəzası bu cibdən çıxıb o birinə girəcək. AZAL-a cərimə kəsmək yazın gəlişiylə yoncanın bitməsini gözləməyə bənzəyir.  "Qarabağ”la "Qəbələ” isə aşkar rəqabətsizliyin fonunda ağır cərimələrdən uzaq gəzirlər. "Avropa fatehləri”nin futbolçuları kobud qayda pozuntularına əl atmırlar. Bu gedişlə elə hər həftə İntizam Komitəsi xırda pullarla baş  
girələyəcək. 

Getdi o günlər, bir də geri gəlməz...

Amal ABUŞOV



OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR