Axı siz nə istəyirsiz, Zaur Axundov?

Axı siz nə istəyirsiz, Zaur Axundov?
Ötən ilin bu günləri də "Keşlə” (o vaxt "İnter” adlanırdı) eyni vəziyyətdə idi. Gürcüstanlı çalışdırıcı Zaur Svanadze iynə üstündə oturmuşdu, istənilən anda onun çantasını qoltuğuna verib, Bakıdan yola sala bilərdilər.

Svanadzeylə yeni sözləşmənin imzalanması uzanırdı. Bu gün-sabah vədləri verilir, məşqçi təzyiq altında saxlanılırdı. Bir fağır Svanadze tapmışdılar, istədikləri oyunu onun başına açırdılar. Heç kimin gözləmədiyi halda "İnter” avrokuboklarda yaxşı çıxış etdi, mərhələ adladı. Zaur Axunodov adaşını qovmaq planını bir müddət təxirə saldı. Səbrsizliklə gözlədiyi gün nəhayət ki, yetişdi.

Yuri Maksimov Zaur Svanadze kimi deyildi. Onun qulağını burmaq, başından basmaq olmazdı. Ukraynalı mütəxəssisin özündən deyən olduğunu hələ Qazaxıstan mətbuatındakı yazılardan oxumuşduq. Biz də öz növbəmizdə bu məqamı qabartmış, iki qoçun başının bir qazanda qaynamasının çətin olduğunu demişdik.

Zaur Axundov harda varsa, orda qalmaqal, gərginlik, dava-dalaş, məşqçi və futbolçulara qarşı psixoloji, hətta fiziki təzyiq var. Maksimov bilməsə də, biz bilirdik. O da bildi. Komandanın paltardəyişmə otağında başına dəyən yad cismin təsiriylə ayıldı, hara gəldiyinin, kimlə çalışdığının fərqinə vardı. Getməyə o vaxtdan bəri qərarlı idi. Elə Axundov da gec-tez Maksimovu yola salacağını bilirdi. Amma futbol aləmində yeni-yeni irəliləməyə başlayan, özünə dəhliz tapan Axundov bir az da imicinin qayğısına qalamlı, ukraynalı mütəxəssisi "qansız və ağrısız” yola salmalıydı.

Ölkə kubokunun finalındakı gözlənilməz qələbə və qənimək planları ertələdi. Heç kimin gözləmədiyi halda "Keşlə”yə kubok qazandıran mütəxəssisi hansı adla yola salacaqdılar? Ondan sonrakı plan daha qəliz idi. Gözlənilənlərin əksinə, "Keşlə” avrokuboklarla zarafatlaşmağa başladı, məsul yarışın ciddiyyətini, ora yaxşı hazırlaşmaq zərurətini yaxına buraxmadı. Komanda gec toplandı, hazırlığa tənbəl-tənbəl, yuxudan güclə oyanmış adamlar kimi başladı. Heyətin gücləndirilməsi üçün heç bir iş görülmədi. Əksinə, komandanın "vuran ayağı” olan Pərdisi də göndərdilər.

Bütün bunlar Maltadakı faciənin xəbərçisi idi. Adrean Skarlatakenin müəmmalı şəkildə meydana çıxmaması, Kamran Ağayevin qapısından 4 top buraxması, hər buraxılan topdan sonra qapıçı və müafiəçilərin əllərini bir-birinə vurması, qarşılıqlı etiraz və ittiham jestlərinin göstərilməsi... sıradan bir hadisə deyildi. Və ən sonda məlum oldu ki, Yuri Maksimov da bu oyuna müqaviləsiz çıxıbmış və getməyi kafasına qoyubmuş.

İndi Zaur Axunodovun ittihamlarını oxuyuruq, dodağımıza gülüş qonur. Gah məşqçi özünü qəribə apardığını, gah da "Baltsan”la oyundan sonra ona iradlarını bildirdiyini deyir. Tanımasaydıq, inanardıq. Amma birinci deyil, ikinci deyil, əminliklə söyləyirəm ki, heç sonuncu da olmayacaq.
 
Zaur Axundov olan yerdə belə şeylərin olması normaldı. Yuri Maksimovu da Zaur Svanadze kimi urvatsız göndərdi. Görək növbədəki kimdi. Bircə şeyi başa düşmürəm ki, bütün bunlar onun nəyinə lazımdı?!

Amal ABUŞOV

Xəbər lenti