Aydın Süleymanlı:

Aydın Süleymanlı: "Dünya çempionu olmaq istəyirəm"

Rusiyanın paytaxtı Moskvada keçirilmiş "Aeroflot Open 2020" turnirinin qalibi Aydın Süleymanlının "Report"a müsahibəsi.

- Karyeranızda növbəti qələbə münasibətilə sizi təbrik edirik. Yarış necə keçdi?

- Yarış yaxşı idi, həm də çətin alındı. Yaşca özümdən böyüklərlə əvvəllər də eyni yarışda birgə çıxış etmişdim. Amma bu, indiyədək çıxış etdiyim ən güclü yarışlardan biri idi.

- Kimləri özünüzə ən ciddi rəqib kimi görürdünüz?

- Rəqiblərimin hamısı güclü idi. Turnir çox güclü olduğu üçün zəif iştirakçı yox idi. Hamısı demək olar ki, eyni səviyyədədir.
 
- Daha çox hansı görüş sizin üçün çətin keçdi?

- III turda Hindistan təmsilçisi Rameşbabu Praqnanandha ilə duel çətin idi. Reytinqcə məndən üstün olan Praqnanandhaya qarşı ağ fiqurlarla mübarizə apardım və sonda heç-heçəyə nail oldum. 

- V turda Ermənistan şahmatçısı Hayk Martirosyanla üz-üzə gəldiniz. Bu rəqiblə görüşdə hər hansı prinsipiallıq var idi?

- Deməzdim. Sadəcə, bütün görüşlərimdə əsas məqsədim qələbə qazanmaqdan ibarət idi. Amma ağ fiqurlarla oynadığım bu görüşdə də heç-heçə qeydə alındı. 

- Sonuncu görüşünüz Rauf Məmmədova qarşı oldu. Qarşılaşma nə dərəcədə çətin alındı?

- Oyundan əvvəl ikimiz də çox həyəcanlı idik. Hansımız udsaydıq, yarışın qalibi olurduq. Heç-heçə təqdirində isə mən birinci olurdum. Raufun belə bir üstünlüyü var idi ki, o, ağ fiqurlarla çıxış edirdi. Başlayan kimi Məmmədov hücum etməyə, mən isə müdafiə olunmağa çalışdım. Yaxşı müdafiə olundum. O, vəziyyətin bərabər olduğunu görüb, heç-heçə təklif elədi. Mən də razılaşdım.
 
- Bəlkə Rauf Məmmədov sizi həvəsləndirmək üçün bu addımı atıb?

- Xeyr. Hamı özünün qələbə qazanmasını istəyir. Görüşdən sonra məni qalib olmağım münasibətilə təbrik etdi. 

- Ötən il Hindistanda yeniyetmələrin yarışında dünya çempionu olmuşdunuz. Həmçinin Türkiyədə Ümumdünya Yeniyetmələr Olimpiadasının qalibi adını qazanmısınız. "Aeroflot Open"dəki qələbənizdən sonra demək olarmı ki, bundan sonra sizi böyüklərin yarışında da görəcəyik?

- Bunun üçün çalışacağam.

- Hazırda əsas kumiriniz kimdir?

- Norveçli Maqnus Karlsen və Şəhriyar Məmmədyarov. Karlsenlə hələ üz-üzə gəlməmişəm. Məmmədyarova isə turnirlərin birində uduzmuşam. 

- Növbəti hədəfləriniz nədən ibarətdir?

- Dünya çempionu olmaq istəyirəm. Amma bu, tezliklə mümkün olmayacaq. Həm zamana ehtiyacım var, həm də daha çox çalışmalıyam. 
 
- Demək olarmı ki, artıq yarışlara dünya çempionluğu hədəfi ilə çıxırsınız?

- Bəli. Bu hədəflə mübarizəyə çoxdan başlamışam.

- Böyük yarışlarda iştirak üçün sponsor baxımından hansısa problemləriniz var?

- Xeyr. Bütün yarışlara qatıla bilirəm. 

- Növbəti yarışınız hansı olacaq?

- Hələlik bilinmir. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR