Polis Redniki saxladı: "Ayə, hara gedirsən?" - RUBRİKA

Polis Redniki saxladı:

"Gülməli xatirələr" rubrikamız davam edir. Futbol ictimaiyyətinin nümayəndələri futbolda başlarına gələn, gördükləri, eşitdikləri gülməli hadisələri bizimlə bölüşüblər.


 

Keçək xatirələrə...


 

Rasim Mövsümzadə (Tanınmış futbol yazarı): "Futbolda başıma gələn və şahidi olduğum gülməli hadisələr, təbii ki, çox olub.

 

Onlardan ikisini xatırlamaq istəyirəm.

 



 

Bir video var: orada məşhur futbolçular "No To Racism”, yəni "İrqçiliyə yox” deyirlər. Demək olar ki, hamı bu ifadəni normal tələffüs edir. Bircə Lionel Messi elə mızıldanır ki, sanki "Racism” əvəzinə "Rasim” eşidilir və elə bil, irqçiliyə deyil, mənə yox deyir. Deyəsən, mənim "Qızıl top”un sorğularında ona az səs verməyimə etiraz edir. (gülür)... AFFA-da işlədiyim vaxtlar idi, uşaqlardan biri bu videonu mənə göstərəndə baxıb xeyli gülmüşdük.

 

***


 

Azərbaycan millisinin keçmiş baş məşqçisi alman Berti Foqtsla bağlı yarı məzəli, yarı qalmaqallı hadisəni də xatırlaya bilərəm.


 

2014-cü ildə Almaniyanın "Kicker” jurnalında çıxan bir yazımda jurnalistlər və əksər azarkeşlər tərəfindən sevilmədiyini, vaxtının çoxunu iş yerində deyil, Almaniyada keçirdiyini qeyd etməyim Foqtsu yaman qəzəbləndirmişdi.


"Kicker”i arayıb məni soruşubmuş, hətta yazı ilə bağlı məhkəməyə müraciət edəcəyini də deyibmiş. (gülür)... Amma almanlar onu ciddiyə almamağımı məsləhət gördülər. Sonra heç səs-soraq da çıxmadı.

 

 

Aslan Şahgəldiyev (PFL-in mətbuat katibi): "Azərbaycan kubokunun finalı idi. Tofiq Bəhramov stadionunda komandalar son isinmə hərəkətləri üçün meydançaya çıxırdı. "Xəzər Lənkəran” komandasının futbolçuları soyunub-geyinmə otağından çıxıb meydançaya doğru irəliləyirdi. Futbolçulardan 5-10 metr arxada Mirça Rednik səliqəli kostyumda gəlirdi. Bir də gördüm bir polis yüksək sürətlə Rednikin üzərinə "şığıyır”. Çatdı, Rednikin qolundan tutdu və qışqırdı. "Ayə, hara gedirsən sən?”. Qaça-qaça polisə yaxınlaşdım, soruşdum nə olub? Cavab verdi ki, "görmürsən meydançaya girir?”

 

Komandanın baş məşqçisidi də, bəs neyləsin? Dedi ki, "Ayə, mən nə bilim baş məşqçidi? Kostyum geyinib eləbil toya gəlib. "Sportivni” geyinsin bilim də”. (gülür)...

 



 

Allah rəhmət eləsin. Yevlaxda fan- klubumuzun rəhbəri var idi - "Qazı” dayı. Cavanlıqda qapıçı olmuşdu. Futboldan yaxşı anlayışı var idi.Bir dəfə hansısa oyunda dava düşdü. Hay-küy, aləm dəydi bir-birinə. "Qazı” dayının "beyni çöndü”, şifahi xalq ədəbiyyatının söyüş və qarğış janrına müraciət etdi. (gülür)... Birdən 15-16 yaşlı yeniyetmə bunu pis söydü. "Qazı” dayının da ürəyi partlayır. Yaş o yaş deyil, qaçsa da çatıb tuta bilməyəcək. Sağa baxdı, sola baxdı, yerə baxdı yeniyetməni vurmaq üçün daş tapa bilmədi. Əlini saldı ağzına, protez dişlərini çıxarıb qaqaşın başına necə qoydusa, dişləri çilik-çilik oldu. (gülür)...

 

*** 

 

Cavan vaxtlarımız idi, milli ilə səfərə getmişdik. Gecə Sərxan Abışovla düşdük oteldəki kluba. Oturduq masada. 15-20 dəqiqə vaxt keçdi. İçəri 2 dənə qız girdi. Biri çox gözəl idi. Bir suyu Ketrin Zeta-Consa bənzəyirdi. Sərxana dedim yaxınlaşırıq soruşsalar deyərik ki, italyanıq. Nə isə, yaxınlaşdıq bunlara, xoş beş, on beş. Soruşdular "Where are you from?! Cavab verdim ki, "We are from Italy". Ağzıma gələni danışıram, Milano fashion city, Roma old city, arada guya italyanca danışıram - strilyanto mantero la spagetti, azərbaycan dilindəki sözləri italyan dilinə bənzər formada işlədirəm. Bəs siz, "Where are you fromsunuz?" Qiz cavab verdi ki, "my mother from is Spain and father from is Azerbaijan".Tez Sərxanın ayağına vurdum ki, səs eləmə. Soruşduq ki, "Where are is Azerbaijan?" Qız da başlayıb izah eləməyə. Before Sovet union, Baku, Caspian sea, Evrovision. Birdən dözmədik öz dilimizdə soruşduq ki, atanız Azərbaycandandı? Qızlardan bir dənə qışqırıq çıxdı. Siz də azərbaycanlısınız? Burda neyləyirsiz? (gülür)...

 



 

Amil Ağacanov (Qapıçı): "2006-cı ildi. MKT-"Araz"la Makedoniyaya təlim-məşq toplanışına getmişdik. Çıxdıq şəhərdə gəzməyə. Axşam 11-də hamı oteldə olmalı idi. Biz adresi səhv saldıq deyə 20 dəqiqə geçikdik. Klub rəhbərliyi həyətdə oturmuşdu deyə əsas girişdən gedə bilmirdik. Otelin arxasında çamaşırxananın balaca "fortuçka"sı açıq idi. Yanımda da dostum vardı (adını açıqlaya bilmərəm). O, məndə daha canlı idi. Nə isə, mən o "fortuçka"dan güclə keçdim. Ancaq dostum ilişib qaldı orada. Sabun gətirib bədəninə sürtdük və 30 dəqiqədən sonra güc bəla ilə keçə bildi. Və bundan heç kəsin xəbəri olmadı. (gülür)...


 

Röya Kərimli

Sport7.az

 

 

Xəbər lenti