Ayxan Abbasov:

Ayxan Abbasov: "Bu futbolçunu bizə ayyarımdan çox idi təklif etmişdilər"

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov komandanın hazırrlıqlarından danışıb.

Ayxan bəy Sport7.az-a açıqlamasında bunları söyləyib: "Hazırlıqlar normal keçdi. Planımızı həyata keçirdik. Düzdü müəyyən səbəblərə görə bəzi dəyişikliklər oldu. Amma bizə təsir etmədi. Əsas odu ki, təlim-məşq toplanışlarını, yoldaşlıq görüşlərini zədəsiz başa vurduq. Zədəlilərdən Ehtiram sağalıb. Komanda ilə birgə məşq edir. Bir neçə tura hazır olacağına inanıram. Çalışırıq ki, komandanı 3 və 4-cü dövrəyə hazırlaşdıraq. Bilirik ki, çətin olacaq. Futbolçuların istəyi, oyuna və məşqə yanaşması məni qane edir. Özümüzü oyunlara hazır sayıram".

Abbasov transferlərlə bağlı bunları söylədi: "Qış fasiləsində onsuz da böyük transferlər fikirləşmirdik. Hər mövqeyə bir futbolçu istəyirdik. Futbolçu tapmasaydıq belə, işimizi davam etdirəcəkdik. Əsas odu ki, istədiyimiz mövqelərə futbolçu tapa bildik. Müdafiə, yarımmüdafiə və hücum xəttində rəqabət istəyirdik. Bilirsiz ki, azərbaycanlı futbolçular tapmalı idik. Böyük seçimimiz də yox idi. İnanıram ki, gələn futbolçular komandamıza güc qatacaq. Düzdü gec qoşulublar, müəyyən vaxt lazımdı. İrandan gələn futbolçularımız bizimlə təlim-məşq toplanışında oldular. İki oyunda da iştirak ediblər. Bu da bizim üçün yaxşıdı. Uyğunlaşma prosesi gedir. Digər futbolçularımız iki məşqə çıxıb, onlara bir qədər vaxt lazımdı. İsraildən gələn Əmir Ağayevin oyununu izləmişdim. İzləməsəm komandaya götürmərəm axı. Bu futbolçunu bizə ayyarımdan çox idi təklif etmişdilər. Baxırdıq, xoşumuza gəlmişdi. Amma klubu buraxmırdı, çünki 4 aylıq müqaviləsi vardı. Sonda razılığa gəldik və anlaşdıq. Başqa transfer gözlənilmir. Bilirsiz ki, çempionat başlayır. Bütün gücümüzü çempionata qoymaq istəyirik. Bəlkə də qeyri-adi təklif olarsa, futbolçu götürə bilərik. Amma hazırda belə fikrimiz yoxdu. Hər mövqeyə kifayət qədər futbolçumuz var".

Mütəxəssis "Qəbələ" ilə oyunöncəsi fikirlərini də dedi: "Bu gün çempionatda rəqabət çox güclüdü. Klublar bir-birinə yaxındı. Çempionluğa oynayan komandaların yaxşı və keyfiyyətli futbolçuları var. "Qəbələ"ni izləmişəm, Gürcüstandan bir futbolçu aldılar. Yaxşı cəhətləri vardı.  
Tək "Qəbələ"yə qarşı yox, ümumiyyətlə çempionatın qalan hissəsi çətin olacaq. Təslim olmaq deyil, mübarizə aparmaq və buna hazır olmaq istəyirik".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR