Ayxan Abbasov:

Ayxan Abbasov: "Çempionatın sonuna qədər gərginlik olacaq"

Qış fasiləsindən sonra Azərbaycan Premyer Liqasında müəyyən canlanma hiss olunur. Təbii ki, bu da klubların yeni transferlər həyata keçirməsi, baş məşqçi dəyişiklikləri ilə əlaqədardı. Mövsümün sonuna qədər bu durumun sabit qalıb-qalmayacağı sual altındadı. Şübhəsiz, canlanmanın və marağın artması həm də komandaların çıxışından, baş məşqçilərin işlərindən asılıdı. 

Premyer Liqanın fasilədən sonrakı durumu haqda məşqçi fikri də öyrəndik. Fasilədən sonra hələ ki məğlubiyyət görməyən, 1 qələbə və heç-heçəsi  olan "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Sport7.az-a açıqlamasında həm komandasının "Sabah"la oyun üçün hazırlığı, həm də ötən turdakı əzmkarlığı və ümumi durumu ilə bağlı fikirlərini bölüşdü: "Turdan tura oyunlar daha da çətinləşir. Hər tur analizlərimizi aparırıq. Ötən oyuna gəlincə, "Zirə" göstərdi ki, dəyişiklik var. Yeni transferlər komandanın gücünə güc qatır, iddialıdılar. Ona görə də ciddi hazırlaşmışdıq. Rəqibin belə desək, güclü "silah"larını bilirdik. Bilirsiz ki, fasilədə transfer etmədik. Hazırda çalışırıq ki, futbolçularımız bir-birilərini daha yaxşı başa düşsünlər. Yaxşı oyun oldu, istədiyimiz qolu vurduq. Rəqibin oyunçularından Qadze, Ağabala irəlidə yaxşı tandem təşkil edirdilər. Belə hücumları gözləyirdik. Qırmızı vərəqələrə görə üstünlüyümüz də oldu. Buna baxmayaraq, hava küləkli olsa da səbrli, təmkinli hücumlar edirdik. Vacib qələbə idi. Çox ehtiyacımız vardı. Çempionat daha da gərginləşdi".

Abbasov sözlərinə bunları da əlavə etdi: "Bu durumu saxlamaq çətindi. Hər bir məşqçiyə vaxt lazımdı. Nəyinsə üzərində çalışırsansa, vaxt getdikcə yaxşıya doğru irəliləyiş olacaq. "Sumqayıt"da başladığımız işi, futbolçuların əzmkarlığının artırılmasını, meydançada məğlub olmamaq və əlbəttə ki, hücumlarımızın üzərində çalışmalarımızı davam etdiririk. Oyundan oyuna futbolçuların bir-birini anlaması, gənclərdə istəyin artmasını görürük. İndi meydanda daha rahatdılar. Bunlar da nəticəyə təsir edir. Əlbəttə, sonacan bu sabitliyi saxlamaq çətin olacaq. Futbolçularıma da demişəm, inkişaf, yaxşı nəticə istəyiriksə tempi saxlamaq məcburiyyətindəyik".

Maraqlıdı, Ayxan bəyin fikrincə, fasilədən sonra hansı komandalar güclənib və ya dəyişməyib?: "Hələ iki tur keçib. Bəzi komandaların tam formada olmadığı görünür. Ancaq son iki tura nəzər salsaq, görərik ki, bütün oyunlar gərgin keçib. "Səbail" yaxşı çıxış etdi, ilk turda son dəqiqədə qol vurdular. Ötən turda isə "Keşlə"ni məğlub etdilər. Bu ondan irəli gəlir ki, komanadada bir çox dəyişikliklər var. "Sabah"ın yeni transferləri uyğunlaşsalar, komanda fərqli olacaq. "Neftçi"dən hamı qələbə gözləyir. Amma sırf futbolçuların oyunu və istəyi baxımından dəyişiklik var. Bizimlə oyunda məğlub duruma düşmələrinə baxmayaraq vuruşdular, qol vurdular. Mənə elə gəlir ki, çempionatın sonuna qədər gərginlik olacaq".

Mütəxəssis "Sabah"la oyunun hazırlıqlarına da toxundu: "Sabah"da yeni oyunçular var. Son turda qələbə qazanıblar. Yəqin ki, Sumqayıta da qələbə arxasınca gələcəklər. Yuxarı pillələrdə qərarlaşmaq potensialları mövcuddu. Bizdə hücumameyillilik görünür. Əlbəttə, futbolçularımızın keyfiyyətlərinə görə çoxlu hücum istəyirik. İnşallah oyundan-oyuna daha da yaxşı olacağıq. Rəqibi analiz edəcəyik. Çalışacağıq ki, boşluq və güclü yerlərini futbolçularımıza bildirək. Onlar məlumatlı olsunlar ki, sabah qarşılaşacaqları situasiyaya hazır olsunlar. Bilirsiz ki, heyətimizdə Vüqar Mustafayevlə Şəhriyar Əliyev zədəlidi. Peyman da 4-cü sarı vərəqəyə görə oyunu buraxmalı olacaq. Geniş heyətimiz yoxdu. Hər bir futbolçunun yoxluğu bizim üçün itki sayılır. Ancaq onların yerində oynayacaq futbolçulara çox inanıram. Bunu özümüz üçün böyük problem etmirik. Oynayacaq futbolçuların özlərini doğrultmaları üçün bir şansdı. Qismətdi, onlara inanırıq".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR