"Hamısı ilə tək-tək söhbətlərimiz olacaq" - Ayxan Abbasov

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov komandanın hazırlıqlarından danışıb.

Mütəxəssis Sport7.az-a açıqlamasında bunları söyləyib: "Millinin oyununa görə fasilə yaranmışdı. 3 günlük istirahətdən sonra ikinci dövrənin hazırlıqlarına başladıq. "Qarabağ"la yoldaşlıq görüşü keçirdik. Çalışdıq ki, oyun praktikası qazanması üçün hamıya şans verək. Onları da görmək istəyirdik. Millidə oyunçularımız vardı, ona görə də futbolçu əskikliyi ilə hazırlaşırdıq. U-21-də, 4, əsas komandada 2 futbolçumuz vardı. Bir nəfər də U-19-un heyətində idi. Çatışmayan cəhətlər üzərində işləyirdik. Normal hazırlaşırıq".

Abbasov fasilə dönəmində əsasən nəyə üstünlük verdiklərini də söylədi: "Neçə oyundu qol imkanlarından istifadə edə bilmirik. Baxmayaraq ki, hər oyun belə vəziyyətlər yaradırıq. Futbolçuların meydanda özlərini rahat hiss etmələri, qol vəziyyətləri zamanı soyuqqanlı olmaları kimi məsələrin üzərində işləyirik. Bilirəm, buna vaxt lazımdı. Çünki yeni komandadı, əsas futbolçuların 7-sini yayda transfer etmişik. Amma onlardan razıyam, məşqlərdə çox yaxşı çalışırlar. İnanıram ki, bu öz effektini verəcək".

"İkinci dövrədə başqa bir "Sumqayıt" görə bilərikmi?" sualına Ayxan bəy belə cavab verdi: "Biz məşqçilər bunu gözləyirik. Çünki futbolçuların inkişafını görürük. Onların əksəriyyəti gəncdi, Premyer Liqa təcrübəsi az idi. Lakin 7 tur da az deyil. Bu müddət ərzində Premyer Liqada 90 dəqiqə oynamaq... Oyundan-oyuna görürsən. Əlbəttə, ikinci dövrədə futbolçulardan yaxşı oyun gözləyirik. Ancaq bu futboldu, çempionatımız da çox ağırdı. İnşallah futbolçularımızın əzmkarlığını meydanda görəcəyik"

Hazırkı durumu, ilk dövrədəki oyunları nəzərə alsaq "Sumqayıt"ın 6-cı pillədə olması qaneedicidimi?: "Çalışırıq yuxarı pillələrdə olaq. Bəzi oyunlar vardı ki, bizdən asılı olmayan səbəblərə görə qələbə qazanmadıq. Bəzən də, təəssüf ki, son dəqiqələrdə qol buraxdıq. Bunları, o cümlədən bizdən yuxarıdakı pillələrdəki komandalarla aramızdakı az fərqinin az olduğunu nəzərə alsaq daha irəli getmək üçün potensial var. Yenə deyirəm, bunun üçün çox çalışmaq, işləmək, verilən tapşırıqları meydanda düzgün yerinə yetirmək lazımdı".

Maraqlıdı, "Sumqayıt" qış fasiləsinə qədər minimum hansı pilləni hədəfləyib?: "Futbolçulara sırf hər hansı yer tapşırığı verməmişik. Amma ilk "beşlik"də qərarlaşsaq, bu, qənaətbəxş olacaq".

"Sumqayıt"ın hazırkı durumu qış fasiləsində böyük dəyişikliklər olmasına rəvac verirmi?: "Yəqin ki, böyük dəyişikliklər olmayacaq. Çünki büdcəmizə uyğun heyət qurmuşuq. Bəlkə, bir iki futbolçu ani məqamda uyğun gələrsə, nəsə ola bilər. Böyük dəyişiklik gözləmirik. Düzdü ilk "beşliy"i fikirləşirik. Ancaq bizdən sonra gələn komandalarla da xal fərqimiz azdı. Hər an hər şey ola bilər. İndi komandanı qarşıdakı oyunlara kökləmək qalır. Bu gündən əsas milliyə, sabahdan isə U-21-ə gedən futbolçular komandamıza qoşulacaq. Əhval-ruhiyyə normaldı. Əsas odu ki, futbolçular bilir ki, haradayıq, nə üçün vururşuruq. "Səbail"lə qarşılaşacağıq, çətin oyun olacaq".

"Millinin məğlubiyyəti, sayılmayan qol ora gedən futbolçularınıza nə dərəcədə təsir edə bilər?" sualını mütəxəssis bu cür cavablandırdı: "Hər məğlubiyyətdən sonra futbolçu psixoloji zərbə alır. Hamısı ilə tək-tək söhbətlərimiz olacaq. Məğlub oluruqsa, deməli zəifik. Futbolçular öz üzərlərində çox işləməlidi ki, daha yaxşı olsun".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR