Ayxan Abbasov:

Ayxan Abbasov: "O ağır yükün altına yenidən girmək istəmirəm"

Kubokun finalında "Qəbələ"yə 0:1 hesabı ilə məğlub olan "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasovun Sport7.az saytına müsahibəsi.

- Ayxan bəy oyundan sonra "CBC Sport"a açıqlamanızda "Sumqayıt"ın baş məşqçi postunda son oyununuz olduğunu dediz? Rəhbərliklə görüşüb, istefa verdiz?

- Demişdim ki, "son oyunum olacağını təxmin edirəm". Hələ tam dəqiq deyil. Çünki bəzi məsələlər var ki, onlarla bağlı rəhbərliklə görüşəcəm. Yəni klubdan ayrıla biləcəyimi təxmin etmişəm.

- Maraqlıdı, şərtləriniz nədən ibarətdi?

- Qeyri-adi şərtlər deyil. Normal tələblərdi. İstəyirəm ki, "Sumqayıt" digər rəqiblərə müqavimət göstərə bilək, onlardan aşağı olmayaq. Demirəm iddialı olaq. Amma ortabab klublarla baş-başa mübarizə apara bilək. Çünki çətindi.

- Mövsümboyu istədiyiniz komandanı formalaşdırmaq üçün nə çatmadı?

- Əlbəttə, öncə transferlər etmək lazımdı. Digər məsələlər var ki, bununla bağlı söhbət edəcəyik. Əlimizdə olan futbolçuları da saxlamaq lazımdı.

- Belə başa düşmək olar ki, rəhbərlikdən legioner tələb edəcəksiz?

- Bura gələndə bilirdim ki, legionerə icazə vermirlər. Amma istəyirəm ki, yaxşı, yerli futbolçu transfer edə bilək.

- Azərbaycanda ən yaxşı yerli futbolçular daha iddialı, "Qarabağ", "Neftçi", "Qəbələ" kimi komandalardadı. Digərləri də elə "Sumqayıt" kimi ortababdı. Yeganə çıxış yolu da legioner cəlb etməkdi. Bu durumda, belə arzunun reallaşması nə dərəcədə mümkündü?

- Belə götürəndə, ortababat dediyimiz futbolçuları da cəlb edə bilmirik. Mən istəyirəm ki, heç olmasa bu cür futbolçularla komandamızı gücləndirək.

- Xaricdən cəlb edilən futbolçuların oyunundan nə dərəcədə razı qaldız?

- Ümumi götürsək, hansı futbolçulara şans verdimsə, özlərini doğrultmağa çalışdılar. Əmir Ağayev son oyunlarda ən yaxşılardan idi. Yəqin ki, bizimlə təlim-məşq toplanışında olmamasının nəticəsi idi ki, uyğunlaşma prosesini gec keçdi. Zədə aldı, 3 həftə futbol oynamadı. Peyman babayi həm qolları, həm də oyunu ilə məncə "Sumqayıt"a kömək etdi. Əli Babayev, Aleksey İsayev də milliyə dəvət almışdılar. Belə desək, futbolçularımızdan geri qalmadılar. Normal çıxış etdilər. 

- Komandanın "sükanı arxasına" demək olar, mövsümün ortasında keçdiz. Belədə daha iddialı heyət formalaşdıra bilməməyiniz normal haldı. Sizcə bu ayrılıq tez deyilmi? Yoxsa "Sumqayıt"da çalışmaq sizi bezdirdi?

- "Sumqayıt" mənim ürəyimcədi. Hər şey yaxşıdı, gözəl, futbolu başa düşən azarkeşləri var. Ən çətin vaxtımızda dəstəklədilər. Futbolçular ruhdan düşən vaxt məşqə gəlirdilər, komandanın əzmkar olduğunu, birlikdə bu vəziyyətdən çıxacağımızı deyirdilər. "Sumqayıt"a həvəslə gəlmişəm, indi də həvəsliyəm. Düz qeyd etdiz, çempionatın ortasında gəldiyim üçün bəzi şeylərə göz yummuşdum. Bilirdim ki, birdən-birə nələrisə dəyişmək olmaz. Ancaq hazırda vaxtımız var, öz komandamı qurmaq istəyirəm. Bunun üçün həm imkanlar olmalıdı, həm də futbolçuların inkişafı üçün şərait yaradılmalıdı. Əlbəttə, böyük, qeyri-adi bir təklif də etməmişəm. Razılaşarlarsa, həmişə canla-başla "Suqmayıt"da olmağa razıyam. Bununla belə məndən asılı olmayan səbəblər var. Rəhbərliyi də başa düşürəm. O ağır yükün altına yenidən girmək istəmirəm. Bilirsiz ki, uğursuzluq olanda təkcə baş məşqçi cavab verir. Günahı məşqçidə görürlər. Səbəb göstərəndə də, deyirlər ki, məşqçi bəhanə axtarır, nə bilim, "razı deyildinsə vaxtında deyərdin" və sair. Qarşıma məqsəd qoyulsa ki, gənclərin yetişdirilməsi üçün oynayırıq, nəticə önəmli deyil və əsas məqsəd Premyer Liqada qalmaqdı, əlbəttə, bu da bir təklifdi. Oturub fikirləşərik. İstəyirəm ki, klub təklif versin, büdcəmizin və istəyimizin nə olduğunu desin.

- Güman ki, "Suqmayıt" rəhbərliyi "Qarabağ", "Neftçi" və sair iddialılar kimi elə də böyük büdcə ayırmayacaq. Belədə sizin də çiyinlərinizə  müəyyən ağırlıq düşəcək. Yenidən məsuliyyət altına girmək məqamı ilə üz-üzə qalsaz nə düşünəcəksiz?

- Onsuz da "Neftçi", "Qarabağ", "Zirə", "Səbail", "Qəbələ" ilə ayaqlaşa bilmirik. Amma istərdim ki, "Keşlə"yə, "Sabah"a, "Zirə"yə daha yaxın olaq, çünki çempionatda əsas mübarizəni bu komandalarla aparırıq. Sabah sonuncu pilləni tutsaq bizi heç kim bağışlamayacaq. Hamı Sumqayıtın ənənəsi, futbol şəhəri olduğunu deyir və qarşımırlar. Amma bu komandalarla mübarizə aparmaq da çətindi. Sona bir neçə tur qalmış 6-cı pillədəydik, üzərimizdə xeyli təzyiq vardı. Hər kəs nəticələrin bu şəhərə yaraşmadığını deyir. Elə mən də, futbolçular da stress yaşayırdıq. Bu bizi gələn il də gözləyir. Rəqiblərimiz də güclənir. Heç kim təminat vermir ki, necə olacaq. Klub qarşıma gənc futbolçularla çıxış etmək məqsədi qoyarsa, mən yenə də işləməyə hazıram. İşdən qorxmuram. Əsas odu ki, məqsədimizi bilək.

- Rəhbərlik ortabab futbolçu alıb, "Sumqayıt"ın qarşısına məsələn 4-5-ci yeri tutmağı məqsəd qoysa, Avroliqaya və nəticələrə önəm verməsə bir məşqçi kimi, bu vəziyyətdə mübarizə aparmaq nə dərəcədə xoşunuza gələcək?

- Sualı belə qoyaq. İki variant var. Ya digərləri kimi Avroliqaya vəsiqə qazanmağı istəməlidilər, bu halda şərtlərimizin başqa, iddialı klublardakı kimi olmasını təklif edirəm. Ya da gənclərin yetişdirilməsi və Premyer Liqada qalmaq üçün mübarizə aparmaq. Belədə həmin büdcə ilə oynamaq mümkündü. Təkcə gənclər yox, təcrübəli futbolçular da olacaq. Yəni, komanda qura bilərik. Sadəcə bu halda sabah bizdən Avropaya çıxmağı istəsələr, o bir qədər çətin olacaq. 

- Kuboku qazansaydız, komandada qalmaq istəyəcəkdiz?

- Əlbəttə, kubokdan əvvəl də bildirmişdim ki, rəhbərliklə geniş söhbətimiz olacaq. Sadəcə, qarşıma nə məqsəd qoyulacağını bilmək istəyirəm. 

- Finalla bağlı təəssüratlarınız necədi? Baş məşqçi karyeranızda ilk dəfə olaraq kuboka yaxın idiz. Nə çatmadı?

- Final 1 oyundan ibarətdi. "Qəbələ"nin üstünlüyü odu ki, bizdən təcrübəli idilər, 4-cü dəfə finala çıxmışdılar. Bəlkə də bizim buraxdığımız səhvləri, onlar əvvəllər də etmişdilər. Futbolçuların soyuqqanlı olmasını görürdüm. Həftəboyu futbolçularımı soyuqqanlı hazırlaşdırmağa çalışdım. Ancaq nə qədər çalışdımsa, futbolçularda yenə də sıxıntılar görünürdü. Final həyəcanı vardı. Bu da ilk dəqiqələrdən qol buraxmağımıza səbəb ldu. Ancaq ikinci hissədə "Qəbələ"dən üstün oynadıq. Qol vəziyyətlərimiz oldu. Bəlkə də 2-ci dəqiqədə qapımıza penalti verilsəydi, qol olmayacaqdı. İstədiyimiz hücumları qura bilməməyimizdə meydançanın da rolu oldu. Futbolçulardan tam başqa futbol tələb etdik. İstər-istəməz çempionatda oynadığımız kimi deyil, başqa futbol tələb edəndə bu effekt vermir. Ümumi götürsəm, təcrübə, ustalıq baxımından bizdən üstün oldular.

- Naxçıvandakı atmosfer komandanın oyununa təsir göstərdimi?

- Azarkeşlər vardı, atmosfer əla idi, final həyacanı da görünürdü. Bundan gileylənmək olmaz. Bizi hətta Naxçıvanda da dəstəkləyənlər vardı. Şərurdan, Sədərəkdən insanlar "Sumqayıt"a simpatiya bəslədiklərini deyirdilər. Bunları eşitmək xoşdu. Finala çıxmağın özü bir məsuliyyət idi. "Neftçi"ni, "Zirə"ni keçmək asan deyildi, hansı ki, bunu futbolçular bacarmışdı. Nəticədən asılı olmayaraq onlara təşəkkür etdim. Finalda bəzən böyük komandaların da oyunları alınmır.

- Qələbə qazanmaları üçün klub tərəfindən futbolçulara nə söz verilmişdi?

- Mən öz işimə cavabdehəm, rəhbərlik də eynilə. Yəqin ki, qələbə qazansaydıq, nəsə olacaqdı.

- Komandanın məqsəd çata bilməməsini mövsümün gərginliyi, fasilədən sonra ardıcıl uğursuzluqlar, bir tərəfdən Birinci Diviziona düşmək təhlükəsi kimi amillərlə izah etmək olar?

- Məncə, məqsədimizə artıqlaması ilə çatdıq. Əsas məqsədimiz çempionatda sonuncu yer tutmamaq idi. Biz isə 6-cı pillədə başa vurduq. "Sabah"ın, "Keşlə"nin bizdən bəzi üstünlükləri vardı, ancaq onları üstələyə bildik. Digər tərəfdən, kubokun finalına çıxmaq "Sumqayıt" üçün böyük uğurdu. Finalçı olmaq bu gün klubun ən uğurlu nəticəsidi. Tarixində belə bir şey olmayıb. Kuboku alsaydıq, bu böyük tarix olacaqdı. Amma alınmadı. Yəqin ki, "Qəbələ" həvəsdən düşmədi, inandı və buna nail oldu. Biz isə ilk dəfə məğlub olmuşuq. Məncə bunu faciəyə çevirmək lazım deyil. Futbolçulara "çox sağ ol" düşür.

- Oyunda bir epizod oldu, rəqib topu son anda qapı xəttindən uzaqlaşdırdı. Bu epizodla bağlı fikriniz necədi? O məsafədən "Sumqayıt" fərqlənə bilmədi.

- 100 faizli qol epizodu yaranmışdı. Qapıçı da yerində yox idi. Oyunda belə şeylər olur. Finaldı, sürət çatmadı. Digər tərəfdən hava bir qədər boğucu idi. İkinci hissədə sürətli oyun izlədik. Hər iki komanda qol vəziyyətləri yaratdı.

- İşıqlandırma sisteminin olmamasına görə oyunu tez vaxta salmışdılar. Amma matç penaltilər seriyasına qədər uzansaydı, çox güman qaranlığa düşəcəkdi. Bu barədə fikirləriniz necədi?

- Doğurdan da hava buludlu, qaranlıq oldu. Saat 9-a işləmiş hava qaralır, yəqin ki, o vaxta qədər oyun uzanmazdı. Amma yəqin ki, meydança görünməsəydi, oyun ertəsi gün davam edərdi (gülür). Azərbaycan tarixində ilk olardı, azarkeşlər də belə anı yaşayardılar (gülür).

- Rəhbərliklə görüş nə vaxta planlaşdırılıb?

- Yəqin ki, bu həftə ərzində olacaq. Hələ komanda da istarəhtdədi. 

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR