Ayxan Abbasov: "Toparlana bilməsək bizim üçün daha pis olacaq"

Ayxan Abbasov:
"Qəbələ" ilə oyunda yaşananların nəticəsində "Zirə"nin baş məşqçisi Ayxan Abbasov və bir neçə futbolçu da cəzalandı.

Artıq iki oyundu ki, Ayxan bəy matçı texniki zonadan deyil, tribunadan izləmək məcburiyyətində qalıb. Son 4 görüşdə qələbə qazana bilməyən "Zirə" bunların ikisini baş məşqçisiz keçirib. Bu üzdən Ayxan bəyi arayıb fikirlərini öyrənməyi lazım bildik. Mütəxəssis Sport7.az-a müsahibəsində bunları söylədi.

- Son iki oyunu tribunadan izlədiz. "Zirə" kənardan necə görünür?

- Əlbəttə çatışmazlıqlar var. Bunu bilirdik, görürdük və gözləyirdik. Amma bu qədər də yox. Çünki komandaya ən azı 7 futbolçu cəlb etmişik. Bunların 4-5-i əsas heyətdə oynayır. Bizə vaxt lazım olduğunu anlayırdıq. Dünənki oyunda açığı komanda olaraq qələbəyə çox köklənmişdik. Futbolçular nəsə etməyə çalışırdılar. "Keşlə"nin əks-hücumlarda yaxşı oynadığını bilirdik. Elə kinci qolu da əks-hücumdan sonra "yedik". Özümüzə gəlmək üçün bir qələbə lazımdı. Çalışacağıq növbəti oyunlarda toparlanaq.

- Komandanı kənardan analiz etmək daha asandı, yoxsa texniki zonadan? Ümumiyyətlə bu uğursuzluqların, geriləmənin səbəbi nədi?

- Kənardan çətindi, hər dəfə oyuna müdaxilə edə, fikrini söyləyə bilmirsən. Amma hər komandada eniş yaşana bilər, heç kim bundan sığortalanmayıb. Bunu faciəyə çevirsək, toparlana bilməsək bizim üçün daha pis olacaq. Futbolçulara da söylədim ki, ruhdan düşmək lazım deyil. Gələn oyunlarda inşallah qaydasına düşər.

- Baş məşqçi kimi tribunada olmamağınız komandaya təsirini göstərirmi?

- Ümumilikdə söhbətlər çoxdu. Məğlub olmuşuqsa bunu komanda olaraq görmüşük. "Mən yaxud hansısa futbolçular yoxdu" deyib ayırmayaq. "Qəbələ" ilə oyundan sonrakı hadisələr bizə pis təsir etdi. Çalışdıq ki, bu durumdan çıxaq. İstər-istəməz bəzi futbolçularında yoxluğu da təsirini göstərir. Elə komandayıq ki, əsas hücumçu olmayanda problem yaranır. Səhvlərimiz var, aramızda danışıb aradan qaldıracağıq.

- Köməkçi məşqçinin oyunlara müdaxiləsindən razı qalırsız? Yoxluğunuzda komandanı necə idarə edir?

- Hər şey normal idi. Neçə ildi birlikdə işləyirik. Nə lazımdısa özləri edirdi, mən də fikirlərimi çatdırırdım. O cəhətdən problemimiz olmadı. İlk buraxdığımız qolda, standart vəziyyət zamanı futbolçuların diqqətsizliyi özünü göstərdi. Nə qədər desək də gec ayıldılar. İkinci qolda isə ani top itkisi oldu. Burda durub nəsə axtarmaq da düzgün olmaz. Məşqçilər çalışdılar ki, futbolçulara meydanda lazım olanı çatdırsınlar. 

- "Qəbələ" ilə oyundan sonra baş verənlərin nəticəsində siz və bəzi futbolçular cəzalandı. Bunu necə qarşıladız?

- Oldu keçdi. Oyundan sonra belə hadisələrin yaşanmasını istəmirik. Komanda, rəhbərlik olaraq belə söz-söhbətlərdən uzaq durmuşuq. Heç vaxt gündəmə bu şəkildə gəlmək istəməmişik. Bizim futbolçularda, rəqibdə də günah vardı. İntizam Komitəsi belə qərar verdi, normal qarşıladıq. Əlbəttə, klubun cəza metodları var və bunu aramızda həll etdik.

- Futbolçulara da orda baş verənlərə görə maddi və ya oyun baxımından cəza kəsdiz?

- Hər futbolçuya deyirik ki, meydançada baş verənlərdən asılı olmayaraq özlərini sakit aparsınlar. Təhqir də olsa heç kimə ixtiyar verilmir ki, belə hadisələr törədilsin. Klubun kodeksi var və buna görə hər kəs cavab verir.

- Növbəti turda heyət, yaxud oyun baxımından hansı dəyişikliklər gözlənilir?

- Udub-uduzmağımızdan asılı olmayaraq oyundan-oyuna rəqibə görə dəyişikliklər edirik. Bilirsiz, gələn turda "Qarabağ"la görüşəcəyik. Çətin rəqibdi.  Dünən oyunumuz olub. Çalışacağıq ki, bugündən hazırlaşaq. Hələ ki, heyətdə dəyişiklik etməmişik. Sabah, birisi gün bu haqda düşünəcəyik.

Sport7.az

Xəbər lenti