Ayxan Abbasovun

Ayxan Abbasovun "ağ bayrağı"

Premyer Liqanın ötən turunda maraqlı nəticələr qeydə alındı. Xüsusən də "Sumqayıt" "Qarabağ" matçı futbol ictimaiyyətinin gündəmini silkələdi. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda "Sumqayıt"ı, özü də doğma azarkeşləri önündə biabr etdi desək yanılmarıq.
 
Ayxan Abbasovun "milliləşdirilmiş" futbolçularla doldurulmuş kollektivini "atəş"ə tutan "Qarabağ" rəqib qapısından 6 cavabsız top keçirdi. Əslində belə olacağı müəyyən mənada gözlənilən idi. Daha doğrusu "Sumqayıt" buna doğru iri addımlarla irəliləyirdi. Ardıcıl uğursuzluqlar, neçə oyunluq qələbə həsrəti futbolçularda da özünəinamı itirdi. Fasilədən sonrakı rəqibin isə ölkə çempionluğuna əsas namizədlərdən sayılan "Qarabağ" olması, durumu bir qədər də gərginləşdirmişdi. Belədə biabrçı nəticə qaçılmaz oldu. Baxmayaraq ki, oyundan öncə Abbasov saytımıza açıqlamasında "Özümüzə görə hazırıq. Belə götürəndə hər bir futbolçu oyunu gözləyir. Bildirmişəm ki, hər kəs özünə baxmalıdı. İstər-istəməz bir neçə günlük istirahətdən sonra futbolçular ağır olur. Artıq bir həftədi məşqlərə başlamışıq, çətin olsa da, futbolçular bunun öhdəsindən gələ bildilər. Bu barədə hər şey qaydasındadı" sözlərini söyləmişdi. Ancaq görünən odu ki, komanda heç də Ayxan bəyin dediyi qədər hazır deyilmiş... 

Əslində futbolda bu cür, özü də doğma meydanda biabırçı məğlubiyyətlərə çox şahidlik etmişik. Amma məsələ odu ki, "Sumqayıt" rəqibinə demək olar, müqavimət göstərmədi. Başqa sözlə, Abbasovun "döyüşə" göndərdiyi futbolçular əllərini-qollarını yanlarına salıb "ağ bayraq" qaldırdılar. Üzləşdikləri darmadağına görə isə ən böyük məsuliyyəti, futbolçulardan daha çox elə baş məşqçi özü daşıyır. Əvvəla ona görə ki, ilk qollardan sonra vəziyyətin darmadağına doğru getdiyini anladığı halda oyuna müdaxilə edə bilmədi. Nəticədə eyni səhvlər təkrarlandı və bu da komanda üçün üzücü oldu. İkincisi, Rail, Vurğun kimi təcrübəli futbolçuların "Qarabağ"a qarşı oyunda ehtiyatda saxlanılması effektini göstərdi. Hər halda onlar meydanda olsaydı, məsələn Zubir müdafiə xəttindəki futbolçuları məşqdəki ləvazimatlar kimi aldadıb qol vurmaz ya da ötürmə edə bilməzdi. Oyundan sonrakı mətbuat konfransında da məhz Zubirlə bağlı dediyi sözlərlə o öz səhvlərini dolayısı ilə etiraf etmiş oldu. Deməli taktiki gedişlərdə səhvlərin də sayı kifayət qədər idi. 

Bütün bunların nəticəsində Abbasovun deməyə söz tapmamasını, artıq bir neçə gündü ona etdiyimiz ardıcıl zəngləri cavabsız qoymasını bəlkə də normal qarşılamaq lazımdı. Əslində, Ayxan bəy də hazırkı vəziyyətdən bezib və istefa vermək üçün məqam axtarır. Yəni komandası "Qarabağ", özü isə sumqayıtlı futbolsevərlər qarşısında "ağ bayraq" qaldırdı və hara düşdüyünü, hansı "mafiya"ya xidmət etdiyini indi-indi anlayır. Adam nə qədər danlanar, təzyiq görər? Hələ başdan "Sumqayıt"ın illərdi davam edən uğursuz, "milliləşdirilmişlər" strategiyasından xəbərdar olan mütəxəssis, hansı "yükün" altına girdiyini bilməli və dəvəti qəbul etməzdən əvvəl yüz ölçüb bir biçməli idi. O "yükü" qaldıracaq çiyin yoxdusa, deməli boş yerə çapalamaq vaxt itkisindən başqa heç nə deyil...

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR