"Çalışacam ki, Qurban müəllim məni yenidən "Qarabağ"a cəlb etsin" - Azər Salahlı

Ölkə futbolunda sol cinah müdafiəçisi mövqeyində ciddi problemlər olduğunu yaxşı bilirik. Nəinki yığmalarımız, hətta klublarımız da belə problemlərdən əziyyət çəkir. Nəticədə həmin mövqeyə legioner gətirmək zərurəti yaranır. Müqavilə ilə "Qarabağ"a məxsus olan, ancaq "Sumqayıt"da çıxış edən Azər Salahlı perspektivli sol cinah müdafiəçilərindən sayılır. Ötən gün "Neftçi" ilə görüşdə də pis çıxış etmədi. Bundan başqa, ötən tsikldə U-21-də də oynayıb. Artıq 21 yaşı keçdiyindən çatışmazlıqları üzərində işləyib əsas yığmaya hazırlaşmaq vaxtı yetişib. 

Bu üzdən Sport7.az olaraq Azərlə həm gələcək karyerası, həm də "Neftçi" ilə oyunla bağlı söhbətləşdik, o cümlədən bir sıra suallarımıza cavab almağa çalışdıq. 

- "Neftçi" üzərində qələbədən sonra özünü yəqin ki, yüksək əhval-ruhiyyədə hiss edirsən...

- Əlbəttə, şükürlər olsun ki, qələbə qazana bildik.

- Oyundan əvvəl belə nəticəni gözləyirdin?

- Ciddi hazırlaşmışdıq, yalnız qələbə haqda düşünürdük. Hamımız buna köklənmişdik. Məğlubiyyət barədə fikirləşmirdik. Uşaqlar çox sağ olsun, meydana çıxıb əllərindən gələni etdilər və qələbə qazandılar. 

- Yəqin ki, "Neftçi"nin yaxşı vəziyyətdə olmaması da sizə stimul verirdi...

- Hər oyuna eyni həvəslə hazırlaşırıq. Təbii ki, "Neftçi" kimi köklü klubun belə durumda olması heç kimə yaxşı təsir bağışlamır. 

- Dünən baş məşqçiniz Samir Abasov da dedi ki, komanda ən yaxşı oyunlarından birini keçirdi. Qol vurandan sonra müdafiədə oturmadı. Səncə "Sumqayıt" niyə həmişə belə sabit oynamır?

- Nə bilim vallah. Bu haqda məşqçi daha yaxşı bilər. Amma həmişə çalışmışıq ki, qol vurandan sonra oyuna başladığımız tempdə davam edək. Bəzən alınır, bəzən yox. Qeyri-sabit oyun bir çox komandada var. Bir qol vurandan sonra istər-istəməz geriyə çəkilmək məcburiyyətində qalırlar. Bunun da səbəbi rəqibin getdikcə təzyiqi artırmasıdı. Amma dünənki oyunda nədənsə belə olmadı. Qol vurandan sonra irəli atıldıq. Dünən fərqli idi. 

- "Neftçi" üzərində qələbədən sonra 5-ci pilləyə yüksəldiz. Bu irəliləyiş səndə çempionatla bağlı hansı ümidləri çiçəkləndirib? "Sumqayıt" bu mövsüm nə ilə yadda qala bilər?

- Bu mövsüm, heç olmasa ilk "dördlük"də yer almaq üçün əlimizdən gələni edirik. Bu bizim üçün çox yaxşı nəticə olar. Çox istəyirik ki, çempionatı bu şəkildə başa vuraq. Düzdü, qarşımıza belə məqsəd qoyulmayıb. Sadəcə, uşaqlarla öz aramızda danışırıq ki, 4-cü yeri qazansaq, yaxşı olar.

- 4-cü yer üçün komandanın kifayət qədər gücü var?

- Gördüyünüz kimi, hər şey öz əlimizdədi. Güc birlikdədi. 

- Müdafiə xəttində Rail Məlikov, Vurğun Hüseynov kimi təcrübəli futbolçular yer alır. Üstəlik sən də yığma üzvüsən, Bəxtiyarın da yaxşı perspektivi var. Amma "Sumqayıt" "Neftçi" və AZAL-dan sonra ən çox qol buraxan 3-cü komandadı. Düşünmək olarmı ki, problemlər elə müdafiədən başlayır?

- Belə düşünmək olmaz. Qol vuranda və buraxanda bütün komandanın adına yazılır. Təkcə müdafiəçiləri günahlandırmaq olmaz. Deməzdim ki, hücumda problemlər var, normaldı. Heç də "dişsiz" deyil. Statistikaya nəzər salsaq, digər komandalarla arada 3-4 top fərqi olduğunu görərik. 

- Bu qələbə futbolçularda arxayınlıq yaratmayıb ki?

- Bizim üçün vacib qələbə idi. Xeyr, arxayınlıq yaratmayıb. Önümüzdəki iki oyuna köklənmişik. İnşallah dövrəni yaxşı nəticə ilə başa vurub, istirahətə xoş təəssüratla yollanmağa çalışacağıq. Amma AZAL-la oyun üçün məşqçi ilə konkret danışıqlarımız olmayıb. Çünki komanda "Neftçi" ilə oyundan sonra istirahətə buraxılıb. Hər oyuna olduğu kimi, buna da ciddi hazırlaşacağıq.

- Ümumiyyətlə, Azərbaycan futbolunda, demək olar ki, bütün yaş qrupları üzrə yığmalarımızda sol cinah müdafiəçisi problemləri var. Səncə bu nədən qaynaqlanır? Həmin mövqedəki yerli oyunçular öz üzərlərində kifayət qədər işləmir, yoxsa ümumiyyətlə sol cinahda oynamaq bacarığı Azərbaycanlı futbolçularda yoxdu?

- Azərbaycanda sırf solaxay futbolçular çox azdı. İnşallah, gələcəkdə olar. Gənclərimiz də yetişir. Məsələn komanda yoldaşım Yusif Nəbiyevi göstərə bilərəm. Özüm də yığmada oynamaq üçün əlimdən gələni etməyə çalışıram. 

- Bizdə belə xüsusiyyət var ki, hansı mövqedə rəqabət azdısa həmin futbolçularda, xüsusən də gənclərdə özündənrazılıq hissləri yaranır. Təbii ki, bunun da fəsadları sonradan ortaya çıxır. Razılaşırsanmı ki, istər yığmada istərsə də klublarımızda əsas problemlərimizdən biri məhz budu?

- Əlbəttə, hər mövqe uğrunda sağlam rəqabət lazımdı. Bundan sonra futbolçularda inkişaf ola bilər. Mən isə hələ heç bir şey etməmişəm, niyə təkəbbürlük olsun ki? Yeni-yeni başlayıram. Hər futbolçuda, o cümlədən məndə rəqabət var. Bu isə yaxşı xüsusiyyətdi, normal baxıram. 

- Bir az da "Qarabağ"la bağlı danışaq. Müqavilə ilə bu kluba məxsussan. Komandaya qayıtmaq perspektivin haqda nə düşünürsən? 

- Hələ mövsümün sonuna çox var. İnşallah, bu haqda Qurban müəllim qərar verəcək. Yəqin ki, yayda bilinəcək. Baş məşqçi nə desə, o da olacaq. 

- Qayıtmaq istəyirsən, yoxsa "Sumqayıt"da oynamaq daha rahatdı?

- Kim istəməz ki, "Qarabağ" kimi komandada oynamasın? "Sumqayıt"ın heyətində əlimdən gələni edəcəm, oyundan-oyuna "artırmağ"a çalışacam ki, Qurban müəllim məni yenidən "Qarabağ"a cəlb etsin. Hər şey əvvəlcə məndən asılıdı. Daha sonra isə baş məşqçi qərar verəcək.

- Bilirsən ki, "Qarabağ"da oynamaq hər futbolçunun arzusudu, amma hamı orda tab gətirə bilmir. Müdafiə xətti ilə yanaşı, digər mövqelərdə də güclü rəqabət var. Bəzi yerli futbolçularımızı isə belə rəqabətlər tez həvəsdən salır. Bəs səni necə? 

- Mən "Qarabağ"dakı təcrübəli futbolçulardan çox şey götürdüm. Gənc oyunçu kimi müəyyən mənada təcrübə qazandım, 5 oyuna çıxdım. Oyunlarımla bağlı Qurban Qurbanov elə bir söz demirdi. Baş məşqçi ilə məsləhətləşdim, o da "Sumqayıt"da icarə əsasında oynamağımı lazım bildi. Çünki elə bir yaşdayam ki, oynamağım lazımdı. 

- Qurban Qurbanov sənə hansı çatışmazlıqların üzərində çalışmağı tapşırıb?

- Çatışmazlıqlarım hələ çoxdu. Öyrəniləsi, görüb-götürüləsi çox şey var. İnanıram ki, oyundan-oyuina hər şey qaydasına düşəcək. Çalışmaq lazımdı. 

- Yığma perspektivlərin haqda nə düşünürsən? Artıq U-21 səddini aşmısan və əsas yığmaya doğru irəliləməlisən. Bilirsən ki, yığmada da rəqabət böyükdü. 

- Hər şey oynamaqdan asılıdı. Nə qədər çox oynasam özümə xeyirdi. Belədə yığma məşqçiləri də özünü yaxşı tərəfdən göstərən futbolçunu cəlb edərlər. Mən də buna çalışıram. Milliyə dəvət etsələr canla-başla oynamağa hazıram. 

- Futbolumuzda sol cinah müdafiəçisi problemləri sənin əsas yığmaya yolunu aça bilərmi?

- İnşallah, açar. Yığma məşqçiləri ilə bu haqda danışığımız olmayıb.

Sport7.az

Xəbər lenti