İslam Oyunlarında iştirak edəcək yığmamız dağılıb? - ARAŞDIRMA

İslam Oyunlarında iştirak edəcək yığmamız dağılıb? - ARAŞDIRMA
Mayın 11-dən 22-dək Bakıda IV İslam Həmrəylik Oyunları keçiriləcək. Burda 22 idman növü üzrə yarışlar baş tutacaq. Mayın 12-15-i aralığında stolüstü tennis üzrə yarışlar keçiriləcək. Burda həm kişi, həm də qadınlardan ibarət stolüstü tennis yığmalarımız yarışacaq.

Ancaq deyəsən, həndbolda olduğu kimi, stolüstü tennisdə də kişi millimizin vəziyyəti ürəkaçan deyil. Belə ki, oğlanlardan ibarət həm əsas komandamız, həm də 18 yaşadək yeniyetmə yığmamız (U-18) hətta son dünya reytinqində yer almayıb. Bu isə komandamızın dağılması ilə bağlı sualları ortaya çıxarır. Çünki komandamız zəif nəticə göstərsəydi belə, ən azından sonuncu pillədə göstərilməli idi.

Məsələn, dünya reytinqinin yanvar üçün açıqlanan siyahısına nəzər salsaq, görərik ki, 106 ölkə bu cədvəldə yer alıb. Bədnam qonşularımız Ermənistan reytinq cədvəlinin ən sonuncu siyahısında yer alıb. Onlardan 1 pillə yuxarıda yer alan gürcülərdən fərqli olaraq, ermənilərin aktivində xal yoxdur. Ancaq buna baxmayaraq, onlar reytinqdə sonuncu da olsa belə qərarlaşıblar.

Eləcə də U-18 yığmamızın da fəaliyyətsizliyi reytinqdə əksini tapıb, daha doğrusu, tapmayıb. Lakin xala malik olmayan Trinidad və Tobaqo yığması 80 komanda arasında sonuncu kimi göstərilib.

Halbuki ötən ilin reytinq cədvəlinə baxanda, yeniyetmələrdən fərqli olaraq, Azərbaycanın əsas kişi millisinin reytinqdə yer aldığını görmək mümkün olur. 2016-cı ilin yanvarında Azərbaycan 78-ci, fevralda 106-cı, martda və apreldə 104-cü, mayda 105-ci, iyunda 101-ci, iyulda 113-cü, avqustda 112-ci, sentyabrda isə 113-cü olub. Deyə bilərsiniz ki, bəs oktyabr, noyabr və dekabrdakı sıralamamız necə olub? Məsələ burasındadır ki, həmin aylarda da Azərbaycanın kişi komandası reytinq sıralamasına daxil edilməyib. Halbuki 2004-cü ildən bəri açıqlanan Beynəlxalq Stolüstü Tennis Federasiyasının (BSTF) reytinq sıralamasında hər zaman Azərbaycanın kişi komandasının adı olub. Bəs Azərbaycan yığması hara qeyb olub?

Suala cavab tapmamış bu yerdə BSTF-nin reytinq sıralamasını nəyə əsasən tərtib etdiyini də bildirək. Fərdi dünya reytinq sıralamasında hər üzv assosiasiyadan ilk "3-lük"də olan idmançıların topladığı xallara əsasən komanda reytinqi tərtib olunur. Hətta assosiasiyanın 1 və ya 2 idmançısı fərdi dünya reytinq sıralamasında varsa, tennisçilərin təmsil etdiyi ölkə komanda reytinq sıralamasında yer alır. Bu komanda sıralamasına əsasən komandalar üzrə dünya çempionatının səbətləri müəyyən edilir.

Yazdığımız yuxarıdakı abzasdan da belə qənaətə gəlmək olur ki, kişi komandamız son vaxtlar yarışlarda iştirak etməyib. Bunu bilmək üçün oktyabrın 18-23-ü aralığında Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Avropa çempionatına nəzər salmaq kifayət edir. Həm kişi, həm də qadın yığmamızın baş məşqçisi olan Mixail Timofeyev ora yalnız zənənləri aparıb. Lakin millimizin heyətində 3 çinli legioner olsa da, nəticə qazanılmayıb (bu da başqa yazı mövzusudur - S.T.). Görünür, kişilərin onsuz da ora aparılıb nəticə qazanmayacağı əvvəldən proqnozlaşdırılıb və ölkədəki maddi durum fonunda əlavə xərc çəkilməsinə ehtiyac duyulmayıb. Ona görə də federasiya "stavka"nı daha çox qadın yığmalarımıza edir və yarışlara da yalnız onlar aparılır.

Məsələ ilə bağlı Sport7.Az saytı olaraq Azərbaycan Stolüstü Tennis Federasiyası ilə əlaqə saxladıq. Ordan İqtisadiyyat Nazirliyinə tabe olan İstehlak Mallarının Ekspertizası Mərkəzində çalışan Xəyalə Quşxani (həm də federasiyanın baş katibidir - S.T.) ilə əlaqə saxlamağımızı bildirdilər. Bu yerdə xatırladaq ki, federasiya prezidenti 2013-cü ildən İqtisadiyyat naziri Şahin Mustafayev olduğundan, rəhbər postda işləyənlər də bu qurumda çalışırlar (məsələn, adıçəkilən qurumun direktoru Fazil Məmmədov həm də federasiyanın vitse-prezidentidir - S.T).

Lakin Xəyalə xanım sualımıza cavab verə bilmədiyindən, ötürməni İdman-kütləvi işlər üzrə təlimatçı Könül Mikayılovaya verdi. Stolüstü tennis üzrə veteran, beynəlxalq dərəcəli hakim olan Mikayılova bu barədə bunları bildirdi: "Mən federasiyamızın saytında gedən reytinqlə bağlı xəbəri oxumamışam. Ola bilsin ki, kişi millilərimizin reytinqinin orda göstərilməməsi texniki səhv kimi gedib. Kişi yığmalarımız dağılmayıb. Azərbaycanın müstəqilliyi dönəmində ilk dəfə kişi millimiz Avropa çempionatından bürünc medalla qayıdıb (bu yerdə onu qeyd edək ki, həmin yarış iyulda Xorvatiyanın paytaxtı Zaqrebdə olub, özü də bu turnir əsas millilər arasında yox, gənclər arasında keçirilib - S.T.). Ümumiyyətlə, həmin turnirdən idmançılarımız 4 medalla Bakıya dönüb... Siz özünüz də reytinq sıralamasına baxmısınız?... Hər halda mən bunu bazar ertəsi bizim beynəlxalq şöbə ilə aydınlaşdırmağa çalışacağam. Görüm reytinqdə yer almamağımızın səbəbi nədir?!"

Əslində isə səbəb çox sadədir. Yuxarıda bunun səbəbini qeyd etmişdik. Yeniyetmə yığmamıza gəlincə, onlar iyulda Avropa çempionatından komanda hesabında bürünc medal qazansalar da, bunun nəticələri nəinki iyul, ondan sonrakı aylarda da əks olunmayıb. Yəni 2016-cı il boyu dünya reytinq sıralamasında bürünc medal qazanmış Azərbaycanın adının görünməməsi maraqlı gəlməyə bilməz. Bu isə onu göstərir ki, BSTF qitə yox, dünya çempionatları, eləcə də bütün ölkələrin yarışdığı turnirlərdəki xalları əsas götürür.

Səbuhi TOFİQOĞLU

Xəbər lenti