İntiqam Zairov: "Sevincimin həddi-hüdudu yoxdu"

İntiqam Zairov:
"Şad xəbəri sizdən eşidirəm. Bu barədə eşitmişdim. O söhbət doğurdan təsdiqləndi?”

Sport7.az
xəbər verir ki, bunu Azərbaycan millisinin ağırlıqqaldıranı İntiqam Zairov deyib.
 
Artıq idmanla vidalaşan atlet bu gün səhəri şad xəbərlə açıb. Belə ki, London Olimpiadasında 94 kq çəki dərəcəsində 6 ağırlıqqaldıranın cəzalanması həmyerlimizə gümüş medal qismət edib.
 
2012-ci ildə Londonda keçirilmiş Olimpiadada medal sayımızın 11-ə çatdırmasının sevincini əməkdaşımızla bölüşən Zairov bildirib ki, bunu jurnalistdən eşitməyin yeri ayrıdı: "Medalın rəsmiləşməsi söhbəti qalmışdı. London yarışında məndə dopinq tapılmasından söhbət gedə bilməz. Çünki həm A, həm də B probu vermişdim. İndiki kimi yadımdadı, yuxudan heç kimin durmadığı bir vaxtda, səhər saat 7-də gəlib məndən analiz götürmüşdülər. Bu, Olimpiada öncəsi Londonda keçirilən test yarışı zamanı olmuşdu. Həmin turnirdə mən qalib gəlmişdim. Olimpiya Oyunlarından sonra ikinci dəfə də eyni hal təkrarlanmışdı. Artıq medal sevinci yaşaya bilərəm. Sevincimin həddi-hüdudu yoxdu. Belə şad xəbəri sizdən eşitməyin yeri ayrıdı”.
 
Pekin Olimpiadasında dopinqə görə nəticəsi ləğv olunan Zairov Milli Olimpiya Komitəsinə (MOK) mükafat üçün müraciət edəcəklərini deyib: "Məşqçim Nizami Paşayevlə məsləhətləşəcəm. Mənim idmanda 20 il təcrübəm var. Nəsə olmalıdı, ya yox? Qıraqda qalası deyilik ki... Məsləhətləşdikdən sonra rəsmi orqanlara müraciət edəcəyik”.
 
Qeyd edək ki, London Olimpiya Oyunlarında gümüş medal qazanmış yığmamızın üzvləri 200 min manat məbləğində mükafatlandırılmışdılar. (Apasport.az)

Sport7.az

Xəbər lenti