Böyükağa Hacıyevin Yaşar Seyidovla davası

Böyükağa Hacıyevin Yaşar Seyidovla davası
Uzun müddətdi ki, Böyükağa Hacıyevi axtarırdıq. Başqa məqsədimiz yoxdu, gündəmlə bağlı dəyərləndirmələrini alacaq, aktual məsələlərlə bağlı fikirlərini eşidəcək, Elmar Xeyirovun ittihamlarına münasibətini soruşacaqdıq. Telefonu susurdu. Eşitdiyimə görə, günün əsas saatlarında telefonunu bağlı saxlayır, mətbuatla ünsiyyətdən çəkinir. Bununla bağlı yazımız da olmuşdu. Cənab Hacıyevə çağırış etmişdik. Nəticəsiz qaldı. Ola bilsin ki, hansısa göstəriş alıb, Milli Məclisin deputatları kimi hər dəfə danışanda bir qalmaqal yaratdığı üçün ona susmağı tapşırıblar. 

Sükutu qəfil pozub. İctimai-siyası mövzularda yazan saytların birinə verdiyi açıqlamalardan seçmələr təsadüfən qarşıma çıxdı. "Neftçi"yə yaxın buraxılmamasından gileylənib. Amma unudub ki, onun iş yeriylə "Neftçi" arasında elə də uzaq məsafə yoxdu. AFFA-yla "Neftçi" bir-birinə çox yaxındı axı. Elə sözün bütün mənalarında. "Neftçi"dən, ümumiyyətlə, aktiv məşqçilik fəaliyyətindən niyə uzaq düşməsiylə bağlı həm özünü, həm də onu Məşqçilər Komitəsinə üzv edib, hər şeydən təcrid edənləri çox asanlıqla sorğulaya bilər. Daha məchul ünvanlara sual ünvanlamağa ehtiyac da qalmaz. Məgər, "Neftçi"nin rəhbərinin kim olduğunu cənab Hacıyev bilmir? Olmaya, proseslərdən bu qədər uzaq qalıb? Bilmirsə, zənglərimizə cavab versin, biz onu məlumatlandıraq.

Sözsüz ki, yaşının bu vaxtında Böyükağa bəyə məsləhət verməyim düz çıxmaz. Olsa-olsa, öz müşahidələrimi və fikirlərimi oxucularımla bölüşə bilərəm. Oxusa, xəbər tutsa, nə mutlu bizə. 

Başlayım ondan ki, həmin müsahibəsində Hacıyevin Yaşar Seyidova "daş atmasını", onu bədbəxt adlandırmasını və kişiliyi "moddan" salmaqda ittiham etməsini xoş qarşılamadım. Yaraşmadı. Azərbaycan futbolu can vermək mərhələsini də keçib. Artıq onun yasını saxlamaq vaxtıdı. Ölkənin gənclər yığmasını klubdan da betər təcrübə poliqonuna çeviriblər, menecerlərin təklif etdikləri əcnəbiləri milli komandamıza baxışa gətirirlər. AZƏRBAYCANIN MİLLİ KOMANDASINA, Böyükağa bəy. Siz də həmin millinin düşərgəsindəsiz, Yaşar Vahabzadənin işinə göz qoymaq üçün Antalyaya getmisiz. 

Nəyə baxacaqsız, niyə baxacaqsız? Sizin sözünüzü kim dinləyəcək, məsləhətinizdən kim yararlanacaq?

Azərbaycan futbolunda kişilik "moddan" düşüb. Onu düz deyirsiz. Bu ölkənin futbol təsərrüfatında başıpapaqlıları AFFA-nın mənfur siyasətinə qarşı çıxmağa, "Litvaya uduzan U-19-un niyə yarısı "milliləşdirilmiş"lərdi", "U-21-ə niyə əcnəbiləri baxışa gətirirsiz", "Prosineçki hansı üzlə biznesə girişib, xorvatların dondurmasını Bakıda reklam edir" tipli sualları gündəmə gətirməyə cəsarət etmirlər. Salla başı, al maaşı insanları əzib, suyunu çıxarıb. Parçalanmış kütlə yalnız bir nəfərdən hökm gözləyir, ondan imdad diləyir. 

Kişilik bizim futbolda "modda" deyil, "mama djanı". Amma onu Yaşar Seyidov "moddan" salmayıb. Səbəbkarları oturduğunuz binada axtarın!

Amal ABUŞOV

Oxşar xəbərlər