Maksum Xasanov: “Hazırlığın gedişindən razıyam”

Maksum Xasanov: “Hazırlığın gedişindən razıyam”
Ukraynanın Xmelnitski vilayətinin Kamenets-Podolsk şəhərində təlim-məşq toplanışında olan ağır atletika üzrə yığma komandamız hazırlıqlarını davam etdirir.

Sport7.az Ağır Atletika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, böyük məşqçi Maksum Xasanovun rəhbərliyi altında atletlər gündə iki dəfə olmaqla məşq edir, qarşıdakı daxili və beynəlxalq yarışlara əvvəlcədən müəyyən edilmiş plan üzrə hazırlaşırlar. Toplanışın keçirilməsində məqsəd yarışlara daha intensiv və səmərəli hazırlıq, fərqli iqlim və məşq şəraitində sınaqdan keçirilməkdir.

Yanvarın 23-də Ukraynaya yollanan yığma komandamızın ilk olaraq 3 həftəlik hazırlıq prosesi keçməsi nəzərdə tutulmuşdu. Sonradan məşqçilər heyəti bu müddətin daha iki həftə artırılmasını məqsədəuyğun görüb. Bu səbəbdən də komandamız fevralın 26-na qədər Ukraynadakı təlim-məşq toplanışını davam etdirəcəkdir.

Hazırlıqların gedişi ilə bağlı məlumat üçün yığma komandanın böyük məşqçisi Maksum Xasanovla danışdıq. O, ağır atletlərimizin durumundan razı qaldığını dilə gətirdi: "Buradakı hazırlığımızın effektiv olduğunu gördüm. Məşqlər atletlərimizə müsbət təsir edirdi. Qərara aldıq ki, daha iki həftə burada qalaq. Hazırda məşqlərimizi intensiv şəkildə davam etdiririk. Komandada ab-hava yaxşıdır, çalışmalarımız yaxşı gedir. Qarşıda bizi Azərbaycan çempionatı, həmçinin Tailandda yeniyetmələr arasında dünya birinciliyi, Xorvatiyada Avropa çempionatı gözləyir. Mayda isə Bakıda keçiriləcək IV İslam Oyunlarında iştirak edəcəyik. Bütün bu yarışlara maksimum səylə hazırlaşırıq. Qidalanma, istirahət, məşq şəraitimiz yüksək səviyyədədir. Çalışırq ki, yaxşı hazırlaşıb bizə olan etimadı doğruldaq”.

Sport7.az

Xəbər lenti