Azad Rəhimov:

Azad Rəhimov: "Azərbaycan Festivalı yüksək səviyyədə keçirdi"

Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi yarışın yekunları ilə bağlı mətbuat konfransı keçirib.

Sport7.az xəbər verir ki, tədbirdə Azərbaycan Gənclər və İdman naziri Azad Rəhimov, Avropa Olimpiya Komitələrinin (AOK) Əlaqələndirmə Komissiyasının sədri Gorce Visaçki və AOK-un vitse-prezidenti Nils Nayqard iştirak ediblər.

Yarışlarda iştirak edən idmançıların və qonaqların rəylərinə əsaslanan A. Rəhimov bildirib ki, Festival uğurla həyata keçir və artıq 135 təltifetmə mərasimindən 115-i yekunlaşıb. Nazir medal sıralamasında Rusiya komandasının lider olduğu vurğulanmaqla yanaşı, Azərbaycan idmançılarının da yarışı 48 iştirakçı ölkə arasında ikinci pillədə başa vurmağa yaxın olduğunu qeyd edib: "Xarici qonaqların rəylərinə əsasən bildirim ki, Azərbaycan Festivalı yüksək səviyyədə keçirdi. Yarış ərzində biz sadəcə yeniyetmələr deyil, əzmkarlığı, zəhmətləri ilə demək olar ki, Olimpiya çempionlarından heç də geri qalmayan peşəkar idmançılar gördük. Ümid edirəm ki, bu Festival onları gələcəkdə daha böyük nailiyyətlər üçün ruhlandıracaq, həvəsləndirəcək. Bütün qonaqların yarışlardan, ölkəmizdən xoş təəssüratlarla ayrılacağına inanıram. Mən onların hər birinə təhlükəsiz, sağ-salamat geri dönüş arzu edirəm. Çox istərdim ki, onlar gələcəkdə qonaq kimi Bakıya qayıtsınlar”.

O, Oyunlara tamaşaçı marağının gözlənildiyindən də çox olduğunu, həndbol, atletika, üzgüçülük yarışlarına gündəlik sessiyalarda nəzərdə tutulan bütün biletlərin satıldığını, güləş, cüdo və gimnastika yarışlarında isə hətta nəzərdə tutulandan əlavə yerlər açmalı olduqlarını deyib.

Media nümayəndələrinin rolunu da xüsusi vurğulayan Azad Rəhimov idman obyektlərində hər gün orta hesabla 110-120 jurnalistin yarışları işıqlandırdığını məmnunluq hissi ilə bildirib. A. Rəhimovun sözlərinə görə, yarışla paralel olaraq "Olimpiya Mədəniyyəti və Təhsil Proqramı”, "Yeni Liderlərin İdman Liderliyi Proqramı” və "Dopinqdən istifadəyə qarşı monitorinq proqramı” layihələrinin həyata keçirilməsi də mühüm məqamlardandır.

Azərbaycan millisi 6 gündən sonra 23 medalla 2-ci sırada qərarlaşıb. A. Rəhimov nəticədən razı qaldıqlarını bildirib: "Belə yarışlarda diqqətimizi əvvəlki yarışlara yönəldirik. Son illər Avropa Gənclər Yay Festivalında az medal qazanırdıq və bu, bizi qane edə bilməzdi. Öz evimizdə bütün idman növlərində təmsil olunmaq imkanımız oldu. Bu da medal sayına təsir etdi. Ona görə də nəticədən razıyıq. Yarışda medal qazanan idmançılara diqqət daha da artırılacaq. Bilirsiniz ki, federasiyalar tək peşəkar idmançılara deyil, gənc və yeniyetmələrə də xüsusi diqqət yetirilir".

Nazir komanda idman növlərində nəticələrin zəif olmasına da toxunub: "Komanda idman növündə uğur qazana bilmədik. Yarışlarda hər növdə Avropanın 7 ən güclü yığması çıxış edirdi və biz 8-ci idik. Onlar arasında Avropa və dünya çempionları var. Basketbol yığmamızın Xorvatiyaya qalib gəlməsi bizi sevindirdi. Güləş, cüdo, üzgüçülük və gimnastika yarışlarında oldum. İş qrafiki bütün yarışlara getməyə imkan vermirdi".

Mətbuat konfransında iştirak edən Avropa Olimpiya Komitələrinin vitse-prezidenti Nils Nayqard çıxışında Festivalı olduqca yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycan tərəfinə təşəkkürlərini çatdırıb, Bakı turnirinin gənclərin idman yarışı tarixində özəl yer tutacağını bildirib: "Bütün Avropa Gənclər Festivalları həmişə uğurla keçib. Bakı ilə bağlı onu deyə bilərəm ki, Avropa Oyunlarından qalan binalar çox gözəldir. Həmçinin yarışlarda Könüllülərin olması çox yaxşı təcrübədir. Bakı bizim üçün də çox gözəl təcrübə oldu".

C.Visaçki də yüksək səviyyəli təşkilatçılığa görə təşəkkür edib: "Buradan xoş təəssüratlarla ayrılır. Burada olan mütəxəssislər Azərbaycanı idman tədbirlərinin ən yüksək pilləsinə qoydular. Gələcəkdə də burada böyük idman tədbirlərinin keçirilməsinə dəstək verəcəyik".

Qeyd edək ki, Bakı-2019-un rəsmi bağlanış mərasimi saat 20:30-da "Kristal Zalı"nda keçiriləcək. (APA)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR